AŞPA-n mədəniyyət abidələri ilə bağlı missiyası Qarabağa gedəcək

 

Əbülfəs Qarayev: "Dünya ictimaiyyəti bilməlidir ki, yandırılan meşələrin bərpası mümkün deyil"

 

Ermənilər işğal olunan əraziləri yandırmaqla təkcə flora və faunaya deyil, həm də turizm sahəsinə ziyan vurub. Bundan narahat olan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu haqda dünya ictimaiyyətinə ətraflı məlumat vermək üçün nazirliklə yanaşı, kütləvi informasiya vasitələri də səfərbər olmalıdır: "Təbii balansı bərpa etmək çox çətindir. Dünya ictimaiyyəti bilməlidir ki, yandırılan meşələrin bərpası mümkün deyil. Muzeyləri biz də bərpa edə bilərik. Amma bu meşələrin bərpası bəlkə də əsrlərlə vaxt tələb edəcək" (ATV). Son vaxtlar ermənilərin Dağlıq Qarabağa turist axınının çoxalması barədə yaydığı məlumatların həqiqət olmadığını deyən nazir bildirib ki, Ermənistana gedənlərin böyük əksəriyyəti orada yaşayan ermənilərin qohumları və ya Ermənistanda yaşayan ermənilərdir: "Bu gün Dağlıq Qarabağın tərkibində turizmin inkişafı haqqında danışmaq mümkün deyil. Bu, Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra mümkün olacaq". Nazir Ə.Qarayev onu da deyib ki, sentyabrda AŞPA-nın mədəniyyət abidələri ilə bağlı missiyasının Cənubi Qafqaza səfəri çərçivəsində qonaqlar Dağlıq Qarabağda da olacaqlar. Səfərdən əvvəl nazir qonaqlara ermənilərin tarixi abidələrimizi məhv etməsi və mənimsənilməsi barədə məlumat verəcək.

 

Üç nöqtə.- 2007.- 23 avqust.- S. 2.