Həmid E.

 

Qədim Şəmkir şəhəri tədqiq olunur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni irsimizə göstərdiyi qayğı sayəsində son illərdə tarix və mədəniyyət abidələrinin araşdırılmasına diqqət artırılmışdır. 1400 ildən çox yaşı olan qədim Şəmkir şəhərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daha dəqiq öyrənilməsinə xüsusi diqqət göstərilir. Respublikamızda fəaliyyət göstərən Regionların lctimai İnkişafı Birliyinin dəstəyi və Şəmkir Rayon İcra Hakimiyyətinin köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Şəmkir şəhərində arxeoloji qazıntılar aparır və torpaq altından qədim şəhərin tarixi baş qaldırır. Bu barədə məlumat verən tarix elmləri doktoru, professor Tarix Dostiyev bizimlə söhbətində dedi:

- Orta əsrlərdə Şəmkir şəhəri Azərbaycanın mühüm iqtisadi, hərbi-inzibati və mədəni mərkəzlərindən biri olmuşdur. IX-X əsrlərin yazarları Azərbaycanın abad, böyüklükdə bir-birinə bənzər, müxtəlif növ nemətlərlə zəngin şəhərlərini sadalayarkən Beyləqan, Gəncə, Şabran şəhərləri ilə yanaşı, Şəmkirin də adını çəkirlər. Bərdə-Tiflis karvan yolunun üzərində yerləşən bu şəhərdə vaxtilə qaynar həyat olmuş, çoxsaylı sənətkar emalatxanalarında çeşidli sənət məmulatı istehsal edilmiş, şəhər bazarlarında yerli və əcnəbi tacirlər ticarət əməliyyatları aparmışlar.

Orta əsr Şəmkir şəhəri düzən ərazilərdə salınmış şəhərlərin  plan  quruluşuna  xas olan əlamətləri özündə təcəssüm etdirir. Dövrün hərbi memarlığının inkişaf səviyyəsinə uyğun olaraq şəhər dördbucaqlı plan quruluşuna malik, Narınqala, Şəhristan və Rabaddan (Bayır şəhər) ibarət olub. Şəhristan və Narınqala qala divarları ilə əhatə olmuşdur. Qala divarlarının şimal və cənub istiqamətində genişləndiyini qeyd etmək olar. Bu ilki tədqiqatlar nəticəsində  müəyyən edilmişdir ki, şəhərin qala divarları içərisindəki ərazisi əvvəllər hesab olunduğu kimi 21 hektar deyil, 28 hektardır və bu fakt bizə Şəmkir şəhərini Azərbaycanın orta dərəcəli şəhərləri sırasına daxil etməyə əsas verir.

Şəmkir şəhərinin xarabalıqları alimlərin diqqətini hələ XIX əsrdən cəlb etsə də, burada arxeoloji qazıntılara 2006-cı ildən başlanılıb. Düzdür, keçən əsrin 70-80-ci illərində şəhər xarabalıqlarında memarlar tədqiqat işləri aparmış və Nannqala divarlarının bərpasına cəhd göstərilmişdir.

Şəhər xarabalıqlarında geniş arxeoloji qazıntıların aparılması isə bu il Mədəniyyət və Turizm Nazirliyinin qayğısı, Regionların İctimai İnkişaf Birliyinin yardımı və Şəmkir Rayon icra Hakimiyyətinin dəstəyi nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya institutunun ekspedisiyası Narınqalada geniş arxeoloji qazıntılar aparır.

Bu ilki tədqiqatlar zamanı arxeoloqların qarşıya qoyduğu başlıca vəzifələrdən biri Narınqalanın torpaq qalaqları altında qalmış şərq divarını qazıntılarla açaraq təmizləmək, onun konstruktiv xüsusiyyətləri, inşaat texnikası, bədii tərtibatı ilə bağlı suallara aydınlıq gətirmək idi. Belə ki, Narınqalanın şimal, qərb və cənub-qərb divarlarını aydın seyr etmək mümkün olduğu halda, şərq divarı torpaq qalaqları altında itmişdi. Hazırda arxeoloji qazıntılarla Narınqalının şərq divarı 80 metr uzunluqda torpaq qalaqlarından təmizlənmişdir. Təmizlənmiş divarların hündürlüyü 4,5-5 metr, bəzi yerlərdə isə 5,5 metr təşkil edir. Divar Arran memarlıq məktəbi üçün səciyyəvi olan polixrom, qarışıq hörgü ilə inşa olunmuşdur. Onun ucaldılmasında çay daşı, yerli ağ-puç daş (Zəyəm daşı) və bişmiş kərpicdən yüksək peşəkarlıqla istifadə olunmuşdur.

Aparılmış arxeoloji  qazıntılar zamanı əldə olunmuş tapıntılar müxtəlif təyinatlı əmək alətlərindən, məişət avadanlığı nümunələrindən,  bəzək əşyalarından, mis  pullardan  ibarətdir.  Saxsı qəlyan  başlıqların  çoxluğunu xüsusilə qeyd etmək lazımdır. Puç daşdan yonulmuş qəlyan başlığı nümunəsi də tapılmışdır. Artıq bir neçə gündür ki, Narınqalanın daxilində, onun şərq tərəfində 400 kvadratmetr sahədə qazıntılara başlamışıq. Mikrorelyef qeyd olunan sahədə tikililərin sıx olduğunu    düşünməyə əsas verirdi. Doğrudan da, elə 2-ci təpkeşdə  bişmiş kərpic və çay daşından hörülmüş tikili kompleksi aşkara çıxarıldı. Divarlarının    qalınlığı bir metrdən artıq  olan həmin kompleks iki otaq və bir dəhlizdən ibarətdir. Otaqlardan birinin zirzəmisi qalmışdır. Digər otağın döşəməsi bişmiş kərpiclərlə döşənmişdir. Dəhlizin də döşəməsi bişmiş kərpiclə döşənib.

Ümidvarıq ki, tədqiqat nəticəsində Azərbaycanın orta əsrlər tarixinin aktual problemlərinin həllinə işıq saçacaq yeni tapıntılar, qiymətli materiallar əldə olunacaqdır.

 

Respublika.- 2007.- 18 avqust.- S. 6.