Xatun

 

Tunc dövrünə aid qəbir abidəsi aşkar edilib

 

Qazıntılar zamanı müxtəlif bəzək əşyaları da tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Ordubad rayonunun Plovdağ ərazisində apardığı arxeoloji qazıntılar zamanı ilk tunc dövrünə aid iki qəbir abidəsi tapılıb. Ekspedisiyanın rəhbəri Bəhlul İbrahimov bildirib ki, aşkar olunan kurqanaltı torpaq qəbirlərin diametri 10-19 metr, hündürlüyü 150-180 sm-dir. Qazıntılar zamanı Kür-Araz mədəniyyətinə xarakterik olan qədim əşyalar: qara-qırmızı keramika, öküz burnu şəklində qab üzə çıxarılıb. Arxeoloqların səyi nəticəsində ərazidən qədim dövrə aid müxtəlif bəzək əşyaları - sancaq, bilərzik, eləcə də asma bəzək nümunələri də aşkar edilib. Tədqiqatların bu həftənin sonuna kimi davam etməsi nəzərdə tutulub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 1854-cü ildə Xanlar rayonunda məskunlaşmış alman icması tərəfindən inşa edilmiş və hazırda Xanlar Tarix Diyarşünaslıq Muzeyinin yerləşdiyi lüteran kilsəsində əsaslı təmir işlərinə başlanılıb. Xanlar rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Şərqiyyə Verdiyevanın məlumatına görə, lüteran kilsəsində təmir işlərini Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti maliyyələşdirir.
"Almanlar tərəfindən inşa olunmuş və hazırda inzibati binalar kimi fəaliyyət göstərən tikililərin bəzilərində bərpa işləri aparılıb. Xanlar rayon Prokurorluğunun, Xanlar rayon Polis İdarəsinin və Yeni Azərbaycan Partiyasının Xanlar rayon təşkilatının yerləşdiyi binalar alman icması tərəfindən inşa edilib", - deyə Ş.Verdiyeva bildirdi.

 

Ayna.-2007.-17 avqust.-S.17.