Oaracəmillidə Əhəmənilərin iqamətgahı tapılıb
"Şəmkirin
Qaracəmilli kəndi yaxınlığında
apardığımız arxeoloji qazıntılar zamanı
gözlədiyimizdən də qiymətli tapıntılar
aşkarlamışıq", -bu açıqlamanı APA-ya
Azərbaycan Milli Elmlər Akademiyasının arxeologiya və etnoqrafiya
şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü,
professor İlyas Babayev verib.
Onun sözlərinə
görə, sözügedən ərazidə aparılan arxeoloji
qazıntılar nəticəsində yaşı 2500 ilə
yaxın olan inzibati binanın bünövrəsi və orta
sütun altlıqları aşkarlanıb. Qaracəmilli kəndi
yaxınlığında arxeoloji qazıntı işlərini
Almaniya-Azərbaycan-Gürcüstan birgə arxeoloji
ekspedisiyası aparır. Qazıntı işlərində alman
arxeoloq Florian Klaus, gürcü arxeoloq Yulon Qaqaşidze və
professor (İlyas Babayev iştirak edir.
İlyas Babayev
ekspedisiyanın keçən ildən fəaliyyət
göstərdiyini və bütün maliyyə
xərclərinin Almaniya hökuməti tərəfindən
ödənildiyini deyib: "Bu ərazidə bizim öyrəndiyimiz
abidə Əhəmənilər dövründə inşa
edilib və eramızdan əvvəl birinci minilliyin
ortalarına aid bir abidədir. Burada tapılan inzibati bina,
çox güman ki, Əhəmənilər dövlətinin
Cənubi Qafqazda yerləşən böyük
iqamətgahıdır. Bu cür abidələr Azərbaycanda
ilk dəfə Qazax rayonunda 1958-1959-cu illərdə tapılıb.
Balaca binanın bir hissəsi və onun içərisində
iki sütun altlığı olan bu tapıntı isə hal-hazırda
Bakıda tarix muzeyində nümayiş etdirilir. Əhəmənilər
imperiyası süqut etdikdən sonra bu inzibati bina
istifadəsiz qalıb. Bu gün biz bu ərazidə eramızdan
əvvəl IV əsrə aid tapıntılar əldə
etmişik".
İ.Babayevin sözlərinə görə, Əhəmənilər dövləti süquta uğradıqdan sonra bu binada yaşayış olmayıb: "Lakin tapıntılar göstərir ki, burada müxtəlif dövrlərdə işləyiblər. İstərdik ki, bu cür tədqiqatları davam etdirək. Şəmkir ərazisində böyük təpələr çoxdur. Almaniyadan xüsusi aparatlar gətirmək və təpələrin altında nələr olduğunu yoxlamaq fikrimiz var. Bu ərazilər geniş bölgəni əhatə edir və görünür ki, bura Əhəmənilər dövründə böyük inzibati mərkəz olub. Yeni tapılan inzibati binanın sütun altlıqları olan otağının sahəsi 101 kvadratmetrdir. Bu otağın ətrafında isə kiçik otaqlar var. Bu binanın bünövrəsi çınqıl daşdan, divarları isə o dövr üçün səciyyəvi olan çiy kərpicdən tikilib".
Qeyd edək ki, hazırda Şəmkirin Qaracəmilli
kəndi yaxınlığında
aparılan arxeoloji qazıntılar davam edir. Almaniya hökumətinin ayırdığı
vəsait hesabına aparılan qazıntılarda
təqribən 20-yə
yaxın şəxs iştirak edir. Qazıntı işlərinə
Qaracəmilli kəndinin
sakinləri də işçi qüvvəsi
kimi cəlb olunub.
Ekspress.- 2007.- 24 avqust.- S. 12.