Natiq

Tarixi abidələrə sanki hücum edilib

Hacəmi Atakişiyev: “Qorxuram, Qız Qalasını da ağardalar»

«Tarixi abidəni laqonda, bulduzer, traktorla təmir etmək olmaz»

 Beynəlxalq Şərq Akademiyasının müxbir üzvü, tanınmış memar Hacəmi AtakişiyevBizim Yol”a veridiyi müsahibədə yaxınlarda ictimaiyyətə açıqlanmış layihəsinin məzmununa paytaxtın bir neçə probleminə münasibət bildirib.

 - Az əvvəl  “Azadlıqqəzetindəki müsahibənizdə ”Su altında şəhər" layihəniz haqda danışmışdınız. Mümkünsə, layihənin məzmunu haqda bizim oxuculara da qısa məlumat verin...

- Bu layihənin üzərində 30 ildir, işləyirəm. Bu, bir elmi işdir. Layihəni bu yaxınlarda keçirilən memarlıq sərgisinə çıxarmışdım. Özündə çox dəyərli məqamları cəmləsə , hələ ki, layihəyə cəmiyyətin diqqəti o qədər yüksək deyil. Yəqin, zamanı gəlməyib hələ. Bu layihədə mən Bakının ən qədim tarixindən tutmuş gələcək illərinədək baş verənləri əks etdirmişəm. Göstərmişəm ki, 5 milyon il əvvəl Xəzərin səviyyəsi çox aşağı olub. Abşeronun şimalında dəniz olmayıb.  Ümumiyyətlə, 600 ildən bir kainatda ulduzların yerinin dəyişməsi nəticəsində Xəzərin səviyyəsinin artması azalması prosesi gedir. Bu proses 70-150 il arasında davam edir. Ona görə Xəzərdə gedən bu proseslər şəhərsalmada mütləq nəzərə alınmalıdır. Elə tarixi faktlar - şəhərin suyun altında qalması, sonradan yenidən üzə çıxması da bunu bir daha göstərir. Məsələn, ərəblər 8-ci əsrə aid bir xəritə tərtib ediblər. Orada Abşeron yarımadası ada kimi göstərilir. Əgər biz “Qurd qapısı”ndan keçməklə Masazır gölünü Xəzərlə birləşdirsək, Abşeronun, həqiqətən , ada kimi suyun içərisində qaldığını görmək olar. Biz araşdırmalar aparmaqla bu yüz illikdə Bakının başına hansı bəlaların gələ biləcəyini araşdırmaq istəyirik. Unutmaq lazım deyil ki, 14-cü əsrdə Xəzərin qalxması nəticəsində Içərişəhərin xeyli hissəsi suyun altında qalmışdı. Dənizin səviyyəsi Qız Qalasına qədər gəlib çıxırdı.

- Layihənin praktik əhəmiyyəti nədədir?

- Bu gün neftdən gələn gəlirlər tikintiyə yönəldilir. Xəzər ətrafı tikililərə bu qədər sərmayə qoyulur, əgər biz sabahı fikirləşiriksə, onda mütləq Xəzərin səviyyəsinə diqqət ayırmalıyıq. Bu layihənin həyata keçməsində əsas məqsəd Azərbaycanda neft istehsalı bitdikdən sonra Xəzərin suyundan, dalğaların gücündən Günəş şüalarından enerji almaqdır. Bu layihədə Nargin adasının arxasında belə bir enerji istehsal edən şəhərin salınması nəzərdə tutulub. Şəhəri yarada bilsək,  o, bizə Neft Daşlarından da faydalı ola bilər. Orada turizmi inkişaf etdirə bilərik. Bu layihədə eyni zamanda Şıxla Əhmədli arasında sualtı yolun salınması nəzərdə tutulur. Bu layihə gələcəkdə qədim Bakıya ikinci nəfəs verəcək.

- Reklam işini peşəkarcasına bilən şəxs kimi bu gün Bakının hər tərəfində quraşdırılan şəkilli reklam şitlərinə münasibətiniz necədir?

- Reklamın pullu xidmət olmasını hamı bilir. Buna görə bu işi daha peşəkarcasına görmək lazım idi. Yəni gül-çiçək fotolarını azaldıb, onların yerinə ölkədəki şirkətlərin, onların məhsullarının reklamını qoymaq olardı. Reklam pul gətirməli olduğu halda, faktiki olaraq bizdə pul yeyir. Bu şəhərdə quraşdırılan o şitlər reklam anlayışı ilə uzlaşmır. Həm bu sahədə çox ifrata varılıb. Rəsmlər o qədər çoxdur ki, adam sanki onların arasında boğulur, amma heç görmür. Las-Veqas şəhərində olarkən böyük kompleksin ərtafında bir şey gördüm. Bütün tikilinin ətrafı qırmızı rənglə örtülmüşdü. Yalnız ortada bir reklam vardı. Bu daha diqqətçəkicidir. Yoxsa bizdəki kimi gül, ceyran, tarixi abidə fotolarını bir-birinin yanında vermək zövqə əsaslanmır. Bu, reklam, estetika baxımından doğru deyil.

- Paytaxtda tarixi abidələrin təmiri işi aparılır. Bu işin metodları sizi qane edirmi?

- Bu gün təmir adı altında binaları ucdantutma ağardırlar. Mən bunun qəti əleyhinəyəm. Məsələn, Hökumətə Evini ağardıb kağıza döndəriblər. Belə olmaz. Bu binanın monumentallığının itirliməsinə səbəb olur. İndi Qız Qalasının təmirinə başlayıblar, qorxuram, onu da ağardalar.
İkinci bir narahatlığım binaların təmirinin kortəbii aparılması ilə bağlıdır. Tarixi abidə yüksək diqqət tələb edir. Onu loqonda, traktor, buldozerlə təmir etmək olmaz. Bu binaların hamısında əl işləri aparılıb. Buna görə təmir işləri aparılarkən bina ətraflı öyrənilməlidir. Qabaqlar tarixi abidələrin üzərində aparmazdan öncə həmin binanın daşlarının laborator analizi aparılırdı. İllərlə layihələr üzərində fikirləşilirdi. İndi layihə-filan da yoxdur, bir usta, bir neçə fəhlə tapıb atırlar binanın üstünə ki, tez qurtar. Avropa, eləcə bizim keçmiş müttəfiqlərimiz Pribaltika ölkələrinin tarixi abidələri bərpa təcrübəsini görən adam heç vaxt Bakıdakı işlərə restavrasiya deməz. Bizdəki işlər hücuma daha çox oxşayır, nəinki təmirə.

Bizim yol.-2007.-1 avqust.-S.5.