Tarixi abidələrin
ərazilərində abadlıq isləri aparılır
Qax rayonunun İlisu
Dövlət Tarix-Mədəniyyət Qoruğu
ərazisində yerləşən XVII-XVIII əsrlərə
aid Sumuq qala-memarlıq abidəsinin və Qum kəndində
erkən orta əsrlər dövründə inşa edilmiş
alban məbədinin ətrafında geniş abadlıq
işləri aparılır. Hər iki abidə rayonun turizm
marşrutuna daxil edilmişdir.
Rayon icra hakimiyyətindən
AzərTAc-a bildirmişlər ki, Sumuq qala-memarlıq
abidəsinin bərpasına 2003-cü ildə
başlanılmışdır. Mədəniyyət və
Turizm Nazirliyinin vəsaiti hesabına həyata
keçirilən bərpa işlərinin ilkin
mərhələsində qalanın torpaq altında qalan
hissəsi və ətrafı qazılaraq üzə
çıxarılmış, abidə tam bərpa olunaraq
öz əvvəlki görkəmini almışdır.
Hazırda qalanın ətraf ərazisində geniş
abadlıq işləri aparılır: Abidəyə
gediş-gəlişi asanlaşdırmaq məqsədilə
Qax-İlisu yolundan qalaya giriş yolu da çəkilmişdir.
Abidəni sel sularından etibarlı mühafizə etmək
üçün isə ərazidə sahilbərkitmə
işləri aparılır, kanallar çəkilir. Tikinti-abadlıq
işlərini Mədəniyyət və Turizm Nazirliyinin
Şəkidəki 4 nömrəli Elmi Bərpa İstehsalat
İdarəsinin kollektivi həyata keçirir.
Bundan əlavə,
hazırda konservasiyası ötən ilin noyabrında başa
çatmış Qum kəndindəki erkən orta
əsrlərə aid alban məbədinin ətrafında da
rayonun daxili imkanları hesabına xüsusi layihə
əsasında geniş abadlıq işləri aparılır.
Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti ilə
tezliklə Qax baş kəndinin ərazisində
yerləşən Həsənxan qalasında da bərpa
işlərinə başlanılması nəzərdə
tutulur.
Azərbaycan.- 2007.- 10 avqust.- S. 5.