Mədəniyyət Turizm naziri mətbuat konfransı keçirmişdir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin avqustun 28-də “Novosti” beynəlxalq mətbuat mərkəzində keçirdiyi mətbuat konfransı yarım ilin yekunlarına və yeni teatr mövsümünün açılışına həsr edilmişdi.
Ə.Qarayev demişdir ki, bu günlərdə keçirilən geniş kollegiya iclasında nazirliyin yarımillik fəaliyyətinə yekun vurulmuş, ilin ikinci yarısı üçün plan təsdiq edilmişdir. Nazir xüsusi vurğulamışdır ki, ölkə rəhbərliyinin bu mühüm sahəyə diqqət və qayğısı sayəsində çox iş görmək mümkün olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il imzaladığı 40 sərəncam və fərman mədəniyyətin inkişafına əhəmiyyətli təkan vermişdir.
Çoxmərtəbəli binanın dağılması və insan tələfatı ilə bağlı suala cavab verən Ə.Qarayev bildirmişdir ki, nazirlik yeni binaların tikintisini və memarlıq binalarının bərpasını planlaşdırarkən teatrlarda və digər mədəniyyət müəssisələrində insanların təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bu sahədə Fövqəladə Hallar Nazirliyi ilə sıx əlaqə saxlanır.
Nazirin sözlərinə görə, Səməd Vurğun adına Rus Dram Teatrı 40 ildir bərpa edilmirdi. Teatrın damına baxış zamanı məlum olmuşdur ki, dam örtüyünün istismar müddəti başa çatdığından hər dəqiqə çökə bilərdi.
Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan tikilən turizm obyektləri ilə bağlı məsələyə toxunaraq vurğulamışdır ki, həmin obyektlərin hamısı söküləcəkdir. Hazırda ölkədə 22 turizm obyekti nazirliyin razılığı ilə tikilir ki, onların da beşi paytaxtda yerləşir. 19 turizm obyektinin inşası razılaşdırılmadan davam etdirilir. Ə.Qarayev demişdir: “Belə hallara qarşı ən qəti tədbirlər görüləcəkdir. Nazirliyin məqsədi ölkədə beynəlxalq standartlara cavab verən turizm strukturunun yaradılmasıdır. Bizi ilk növbədə ölkəmizə gələn turistlərin təhlükəsizliyi və rahatlığı düşündürür. Biz istənilən layihələri nəzərdən keçirməyə hazırıq”.
Nazir jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.

Xalq qəzeti.-2007.- 30 avqust.-S.3.