Azərbaycan Turizm İnstitutuna Avstriyanın Krems İMC Universitetinin lisenziyası verilmişdir

 

Avstriyanın Krems İMC Universitetinin rektoru Hans Lixtenvaqner onun başçılıq etdiyi nümayəndə heyəti avqustun 2-də Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
Səfərdən məqsəd ATİ ilə Krems İMC Universiteti arasında ikili diplom haqqında əməkdaşlıq müqaviləsinin şərtlərini həyata keçirməkdir. ATİ-nin rektoru Cəfər Cəfərov ötən müddət ərzində institutda görülən işlər barədə məlumat vermiş, turizmin inkişafına hər cür şəraitin yaradıldığı ölkəmizdə ixtisaslı kadrların yetişdirilməsində rəhbərlik etdiyi təhsil ocağının üzərinə böyük məsuliyyət düşdüyünü xatırlatmışdır.
Krems İMC Universitetinin rektoru Hans Lixtenvaqner, həmin universitetin professoru İrfan Arikan bildirmişlər ki, qarşılıqlı əməkdaşlıq böyük turizm potensialına malik Azərbaycanda bu sahədə istedadlı kadrların hazırlanmasına kömək edəcəkdir.
Daha sonra H. Lixtenvaqner Krems İMC Universitetinin lisenziyasını ATİ-nin rektoru Cəfər Cəfərova təqdim etmişdir. Bu lisenziya Azərbaycan tələbələrinə ikili diplom almaq hüququ verir. Bu cür diplomları almış tələbələr Krems İMC Universitetinin magistrantı olmaq hüququnu qazanmaqla yanaşı, dünyanın istənilən ölkəsində işlə təmin ediləcəklər

 

Azərbaycan.-2007.- 3 avqust.-S.6.