Bağırov F.
Masallıdakı
"Fatimeyi-Zəhra" şəfa sanatoriyası min bir
dərdin əlac yeridir
Hər bir qarışı göz oxşayan Azərbaycanda
turizm üçün çox gözəl imkanlar var. Elə buna görə
də dinamik inkişaf yoluna qədəm qoyan ölkəmizdə çiçəklənən
sahələrdən birinin
turizm olması heç də təsadüfi deyil.
Zəngin turizm potensialı və dövlətin mükəmməl
iqtisadi siyasəti bu gəlirli sahənin inkişafı üçün geniş imkanlar açıb. Turizmin iqtisadiyyata mühüm töhfə verən ən gəlirli sahələrdən biri olduğunu nəzərə
alan ölkə rəhbərliyi onun inkişafına xüsusi diqqət yetirir. İş adamlarının
bu sahəyə sərmayə yatırmaları
daha geniş təşviq edilir. Ölkədə turizmin inkişafına göstərilən diqqət və qayğı bütün şəfalı
guşələrdə hiss
olunmaqdadır. Beynəlxalq
tələblərə cavab
verən otellərin tikilməsi, istirahət mərkəzlərinin salınması
və bütün bunlarla paralel olaraq infrastruktun yaradılması turizmin daha gözəl perspektivlərindən xəbər
verir.
Son illərdə Azərbaycanda turizmin inkişaf etdiyi rayonlardan biri Masallıdır. Buradakı
"İsti su" adlanan məşhur istirahət yerini tanımayan tapılmaz. Talış dağlarının
qoynunda, dəniz səviyyəsindən 1650 metr
yüksəklikdə olan
Dəmblov dağının
döşündə, Viləş
çayının sahilində
çıxan isti su həm də
şəfa ocağı
kimi tanınır. Bu şəfa ocağının yaranma tarixini dəqiq bilən yoxdur. Ulu əcdadlarımız bu suya min
bir dərdin dərmanı olan möcüzəli şəfa
ocağı adı veriblər. Yerin dərinliklərindən çıxan
isti su xəstəlikləri
iynəsiz-dərmansız
sağaldır.
1971-ci ildən "İsti
su" şəfa ocağı Ümumittifaq müalicəvi kurort sanatoriyası idi. Hazırda bura "Fatimeyi-Zəhra" şəfa sanatoriyası adlanır. Söhbət zamanı müəssisənin
rəhbəri Hacı
İldırım Allahyarov
bildirdi ki, son illərdə "İsti su"da bərpa və
quruculuq işləri aparılıb. İndi burada Avropa standartlarına
uyğun müalicə
vannaları, 160 yerlik mehmanxana və sair sosial obyektlər
var. Bu su ilə revmatizm və onun fəsadlarını, dəri xəstəliklərini,
böyrək və sidik yolları xəstəliklərini, radikuliti,
prostatı, hipertoniyanı,
qara ciyər və öd yollarını, qadın xəstəliklərini, qadın
və kişi sonsuzluğunu, mədə-bağırsaq xəstəliklərini,
travmatik zədələnmələri müalicə
etmək olar. Müalicələr xüsusi
həkim göstərişi
ilə aparılmalı
və bir kurs 10-15 müalicə vannasından ibarət olmalıdır. Suyun tərkibində hidrogen-sulfit,
natrium-xlor, kalsium, maqnezium, hidrokarbonat və bir litrində
30 milliqram yod vardır.
İ.Allahyarovun sözlərinə görə, burada dincələnlər Viləş
çayındakı çimərlikdən,
dəryaçada gəmi
ilə gəzintidən,
idman meydançasından,
atla gəzintidən, eləcə də qonşu Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının
gəzməli yerlərinə
turist marşrutlarından
istifadə edə bilərlər.
"Fatimeyi-Zəhra"
şəfa sanatoriyasında
dincələnlərə, müalicə
olunanlara yüksək
mədəni xidmət
göstərilir. Ona görə də bu şəfa ocağına gələnlər
oradan xoş təəssüratla ayrılırlar.
Azərbaycan.-2007.- 22 avqust.- S.8.