2008-2017-ci illərdə Turizmin inkişafı Proqramı Nazirlər Kabinetinə təqdim edilmişdir
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da
keçirdiyi geniş mətbuat konfransında İslam
Konfransı Təşkilatı ölkələrinin Mədəniyyət
və Turizm nazirlərinin Liviyada keçirilən
qurultayında və Dünya Turizm Təşkilatının
Kartaxenada (Kolumbiya) təşkil olunmuş konfransında
iştirakından söhbət açmışdır.
Nazir demişdir ki,
Azərbaycanın bu sahədə rolu qurultayın beş
sənədində xüsusi vurğulanmışdır. Sənəddə
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
geniş fəaliyyəti də əksini tapmışdır
ki, bu da ölkəmizin həmin sahədə
əhəmiyyətli irəliləyişindən
danışmağa əsas verir. Qurultayda kifayət
qədər ciddi məsələ olan turizm etikası
məsələsi də qaldırılmışdır.
Həmin məsələ təkcə daxili və xarici turizm
sahəsində etikanın inkişafını deyil, həm
də çox vaxt turizmin girovuna çevrilən
təbiətin, tarix və mədəniyyət
abidələrinin qorunması məsələlərini
əhatə edir. Ə.Qarayevin fikrincə, ən böyük
nailiyyət Azərbaycanın işğal olunmuş
ərazilərində, eləcə də Ermənistanın
özündəki tarix və mədəniyyət
abidələrimizin "erməniləşdirilməsi"
haqqında bəyanatın konfransda ilk dəfə
səsləndirilməsi olmuşdur. Bu isə o deməkdir ki,
bütün İslam dünyasında hiddət doğuran
həmin problem artıq bir dövlətin hüdudlarından
kənara çıxmışdır.
Mədəniyyətin 2008-ci ildə prioritet sahə olacağını vurğulayan Ə.Qarayev demişdir: "Biz bu il kitabxanalara və muzeylərə böyük diqqət yetirmişik. 2008-ci ilin planlarına bölgələrdə klub sisteminin, mədəniyyət evlərinin yenidən qurulması daxildir. Artıq 5 klub üçün pilot layihələr hazırlanmışdır. Mədəniyyətin qalan sahələrinə gəldikdə isə, biz onların heç birini "axsamağa" qoymayacağıq".
Nazir jurnalistlərin suallarına cavab verərkən bildirmişdir
ki, 2008-2017-ci illərdə
turizmin inkişafına
dair proqram hazırlanmış və
baxılmaq üçün
Nazirlər Kabinetinə
təqdim edilmişdir.
Respublika.- 2007.- 11 dekabr.- S. 6.