Turizmin inkişafı problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 8-də Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə "Turizm və rekreasiya: problemlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov demişdir ki, bu konfrans ölkəmizdə turizm sektorunun inkişafının aktual problemlərinin müzakirə olunacağı belə forumların hər il keçirilməsi ənənəsinin əsasını qoymuşdur. O, 8 ixtisas üzrə 500 tələbənin təhsil aldığı institutun fəaliyyəti barədə məlumat verərək vurğulamışdır ki, rəhbərlik etdiyi ali məktəbin Türkiyə, Avstriya digər ölkələrin aparıcı təhsil müəssisələri ilə beynəlxalq əlaqələri vardır.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev demişdir ki, nazirliyin mütəxəssisləri müxtəlif dövlət qurumlarının ekspertləri, digər alimlərlə birlikdə 2008-2017-ci illərdə Azərbaycanda turizmin inkişafına dair ikinci Dövlət proqramı hazırlamışlar. Regionlarda turizm infrastrukturunun genişləndirilməsi sahəsində görülən işlərdən danışan nazir qeyd etmişdir ki, bu sahədə Azərbaycanın başlıca problemi ixtisaslı kadr çatışmazlığıdır. O, Turizm İnstitutunda muzeyşünaslıq, mədəniyyət abidələrinin bərpası sahəsində mütəxəssislərin hazırlanması təklifini irəli sürmüşdür. Vaxtilə turizm biznesi ilə məşğul olduğunu söyləyən Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu iqtisadiyyatın bu çox gəlirli sahəsinin ölkəsində inkişaf etdirilməsi təcrübəsindən, ilk illərdə buraxılan səhvlərdən danışmışdır.
Sonra konfrans öz işini bölmələrdə davam etdirmiş, AMEA-nın İqtisadiyyat İnstitutunun, Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin alimlərinin məruzələri dinlənilmişdir.

 

Azərbaycan.- 2007.- 9 dekabr.- S. 2.