Turizmin inkişafına dair Dövlət Proqramı hökumətə

təqdim olunub

 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Kolumbiya və Liviyaya səfərlərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, nazir Tripolidə "İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması" mövzusunda təşkil olunmuş İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin V Konfransında iştirak etdiyini deyib.

Konfransda 7 bənddən ibarət qətnamə qəbul olunub və həmin qətnamənin beş bəndində Azərbaycanla bağlı müddəalar yer alıb: "Bu tədbirdə Azərbaycanın iştirakı çox yüksək qiymətləndirildi. Qətnamənin dördüncü bəndində Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu, Azərbaycan tarixində ilk belə hadisədir. İslam Mədəniyyətinin Paytaxtı çərçivəsində keçiriləcək tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər birimiz çalışmalıyıq. Bu tədbirin hazırlığma gələn ildən respublika rəhbərinin tövsiyələri əsasında başlanacaq". Nazir qətnamənin beşinci bəndində ermənilərin Azərbaycan mədəniyyətinə, musiqisinə, tarixi-mədəni abidələrinin təcavüzünün yeni bir terminlə adlandırıldığını deyib: "Biz bu qətnaməyə işğal olunmuş torpaqlarda islam dininə məxsus tarixi abidələrin erməniləşdirilməsi faktının araşdırılması pislənməsi bəndinin daxil edilməsi ilə bağlı müraciət etmişdik. İlk dəfə olaraq hansısa beynəlxalq qurumun qəbul etdiyi sənəddə "armanization" kimi bir termin öz əksini tapdı. Bu müraciətimiz İslam Konfransı Təşkilatının bütün üzvləri tərəfindən qəbul olundu. Onlar bu gün bizim işğal olunmuş torpaqlarımızda, Qərbi Azərbaycanda yaşamış insanların yaratdığı islam mədəniyyətinə aid olan tarixi abidələrin dağıdılmasından xəbərdar olduqlarını bildirdilər. Bu müraciətimizi İslam Konfransı Təşkilatı yekdilliklə dəstəklədi. Azərbaycanın üzləşdiyi bu vəziyyətin tək bizim deyil, islam mədəniyyətinə aid olan bütün ölkələr tərəfindən pislənilməsi məqbul sayıldı. Artıq bu məsələ tək Azərbaycanın deyil, bütün islam mədəniyyəti ölkələrinin probleminə çevrildi".

Cari ildə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə qatıldğını yükəsək qiymətləndirən nazir, bu siyasətin gələcək illərdə daha uğurlu şəkildə həyata keçiriləcəyini qeyd edib. O, dekabrın 22- dövlət başçısının iştirakı ilə Azərbaycan Dövlət Kukla Teatrının binasının əsaslı təmirdən sonra istifadəyə veriləcəyini deyib. Nazirin sözlərinə görə, teatrın foyesində Toğrul Nərimanbəyovun rəsm əsərlərinin yenidən işlənmiş forması asılıb. Ə.Qarayev kitabxana muzey sahəsində müəyyən proqramların artıq hazır olduğunu bildirib: "2008-ci ildə bizim görəcəyimiz işlər sırasında rayonlarda mədəniyyət klublarının fəaliyyəti ilə bağlı olacaq. Bilirsiniz ki, artıq beş rayonda pilot layihələrə başlamışıq". Ə.Qarayev 2008-2017-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının artıq Nazirlər Kabinetinə təqdim olunduğunu vurğulayıb. Dövlət proqramı Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Prezident Aparatına göndəriləcək.

 

Kaspi.- 2007.- 11 dekabr.- S. 2.