Tələbə
uğuruna ustad sevinci
Bu günlərdə
Akademik Milli Dram Teatrı özünün 135-ci mövsümündə
maraqlı tamaşalarından
birini sənətsevərlərə
təqdim edib. Görkəmli türk dramaturqu Tuncer Cücenoğlunun "Çığ"
pyesi əsasında Bəhram Osmanovun hazırladığı "Uçqun"
tamaşası teatrın
həyatında əsl
hadisəyə çevrildi.
Səhnəyə dəvət olunub
tamaşaçılar tərəfindən
dönə-dönə
alqışlanan sənətçilər
sırasında, əlbəttə
ki, baş rolların ifaçıları
Səidə Quliyeva, Telman Əliyev, Kazım Abdullayev, Mətanət Atakişiyeva,
İlyas Əhmədov,
Vəfa Rzayeva ilə yanaşı həm də pyesin tərcüməçisi, şair Dilsuz, bəstəkar Səyavuş
Kərimi, quruluşçu
rəssam, əməkdar
incəsənət xadimi
Ağarəhim Əliyev
də vardı. Ən maraqlısı da o idi
ki, onların arasında daha iki gənci xüsusi olaraq təqdim etdilər. Bunlar Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Rəssamlıq
fakültəsinin buraxılış
kurs tələbələri
Sevinc Həsənova ilə Ayan Əzizova
idi. Bunu istər Akademik Milli Dram Teatrının,
eləcə də Mədəniyyət və
İncəsənət Universitetinin
tarixində ürəkaçan
hadisə adlandırmaq
olar. Ona görə ki, Azərbaycan teatr sənətinin baş məbədi sayılan bu teatrda həmin
tələbələrin "Uçqun" tamaşasına verdikləri
tərtibat, yaratdıqları
dekorlar, kostyum və əlbisələr həm də onların diplom işləriydi və əlbəttə ki, gənc rəssamları bu böyük imtahana hazırlayan quruluşçu rəssam
Ağarəhim Əliyevin
sevinci yerə-göyə sığmırdı. Təcrübəli
rəssam onu da bildirdi ki,
bu iki gəncin
Akademik Teatra gəlişi təsadüfi
olmayıb. Onlar hələ tələbəlik
illərində özlərini
göstərib, təsviri
sənətin ən çətin janrlarından
sayılan teatr rəssamlığını seçiblər.
Maraqlıdır ki, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru Timuçin Əfəndiyevlə
Ağarəhim Əliyev
bir görüş münasibətilə İtaliyada
səfərdə olarkən
özləri ilə məhz Sevinclə Ayanın orijinal işlərini aparıblar
və orda İtaliya Rəssamlıq
Akademiyasının rektorunun
həmin əsərlərə
marağını görüb
onları rektora hədiyyə ediblər. İnanırıq ki, bu gənc istedadların
sənət uğurları
davamlı olacaq.
525-ci qəzet.- 2007.- 14 dekabr.- S. 7.