Ələkbərli M.
O buludun kölgəsi...
Xalq
rəssamı Fərhad Xəlilovun
yaradıcılığı barədə
düşüncələr
F. Xəlilovun müraciət etdiyi mövzular ilk baxışda
adi görünə bilər. Dağ, dəniz, kənd, ev,
ağac, sahil, hasar, bulud və s.
Ancaq bu mövzuların kətanaköçmə prosesi,
işlənmə texnikası, yaxılan, yaradılan
rənglər, kompozisiya orijinallığı, simmetrik
görünüşü artıq sənət
özgürlüyü, sənətkarlıq
məziyyətidir.
Onun əsərlərindən biri “Zuğulbada qar” adlanır.
Budaqları əyri-üyrü, yarpaqları
tökülmüş tənha bir bar ağacını
qışın qarlı-çovğunlu küləyi
budaqları ilə birgə yana, bir böyrü
üstünə əyib. Ağac müvazinətini az qala
itirmək üzrədir. Qışın çovğunu,
tufanı və bu tənha ağac...
Adama elə gəlir ki, bu ağac deyil, insandır –
kimsəsiz, tənha, köməksiz insan... Zamanın tufanı,
yaşayışın çətinliyi, bir də
kimsəsizlik, tənhalıq onu əyir, ağrıdır.
Adam qarın-qışın, küləyin əlində
köməksiz qalan bu ağaca acıyır, göynəyir.
O soyuğu, o şaxtanı bədənində, canında hiss
edir, sümüyünə, iliyinəcən
üşüyür.
Bu əsərdə qarın öz rəngi var. Tam ağ deyil,
soyuq bir rəngdir, daha çox qum rənginə
çalır. Müşahidə o qədər dəqiq, o
qədər realdır ki...
Axı Abşeron küləklərinin cövlan etdiyi
Zuğulbada qar öz ilkin rəngində qala bilməzdi.
Bax mən Fərhad Xəlilov
fırçasının möcüzəsindən bəhs
edəndə məhz belə incə, dəqiq
müşahidəni, rənglərin öz rəngini
vermək, daha doğrusu rənglərdən öz rəngini
almaq istedadını nəzərdə tuturam.
F. Xəlilov rəmzlərlə “danışan” bir
sənətkardır. Onun bir çox əsərlərində
bu rəmzlərin geniş ictimai-siyasi mündəricəsi,
ətraflı fəlsəfi təhlili var. Bu rəmzlər
düşündürücü, alt qatlara nüfuz
etməyə sövq edən, çağıran
rəmzlərdir.
Sənətkarın bir şəxsiyyət kimi
daxili azadlığı fikir sərbəstliyinə, ifadə
müstəqilliyinə, hər cür “izm”lərdən yan
keçmək, zamanın bir çox olaylarından ucada durmaq
qayəsinə, öz sözünün zirvəsində
dayanmaq prinsipinə yol açır.
Bu mənada Fərhad Xəlilov əvəzsiz bir
sənətkardır. Rəssamlar ordusunun
israrlı, sürəkli təkidilə 1987-ci ildə
Azərbaycan Rəssamlar İttifaqına sədr
seçiləndə Ali Sovetin sabiq sədrinin, görkəmli
dövlət xadimi Qurban Xəlilovun oğlu 41 yaşlı
Fərhad Xəlilov kommunist yox, bitərəf idi.
Sovet rejiminin güclü, kəshakəs vaxtında bunun nə
demək olduğu, məncə, o dövrdə yaşayanlara
daha çox aydın olar.
Fərhad müəllimin bir
söhbətindən eşitmişəm ki, atasının Ali
Sovetdə sədr işlədiyi vaxt sərgidə onun bir
əsərinə diqqət yetirən o zamankı DTK sədri
bərk həyəcanlanmış, bu barədə söhbət
üçün onu öz qəbuluna
çağırmışdır.
DTK sədrini əndişələndirən
rəssamın “düzgün” yolda olmaması, sosialist realizmi
prinsipindən kənara çıxması imiş.
“Hökümətin oğlu”ndan bunu gözləmədiyini
dilə gətirən DTK sədri xeyli
“öyüd-nəsihət” verib, gənc rəssama vaxt
ayırmalı olub.
F. Xəlilovun müraciət etdiyi predmetlərdə iki
məfhum; işıq və kölgə tez-tez
bir-birini əvəzləyir, çox halda bir-birini
tamamlayır, bəzi hallarda isə qarşı-qarşıya
gəlir, kəskin kontrast yaradır. İşıq və
kölgənin həyatdakı rolunu, yerini dürüst
müəyyənləşdirən rəssam işıqlı
duyğuların kölgələndiyi məqamları tutmağa
daha çox can atır və əksər hallarda buna uğurla
nail olur.
Onun təsvir etdiyi obrazlara insan məfhumu birbaşa daxil olmasa
da, bu obrazların – predmetlərin təsvirində,
rənglərin assosiativ çalarlarında dolayısı yolu
ilə insan var, insanın təkrarsız duyğuları var.
“Bulud və dəniz”, “Qovuşma”
əsərləri işıqla kölgənin
qovuşduğu, ayrıldığı,
qarşı-qarşıya gəldiyi məqamların
ifadəsi kimi çox maraqlı ovqat yaradır, insan
qəlbinin daxili dünyasının kətan
üzərində obrazlaşan, donan, əbədiyyətə,
sonsuzluğa yönlənən şəklinə
çevrilir.
F. Xəlilovun şəxsiyyətindəki böyüklük,
ailəcanlıq əsərlərinə də
köçüb. O, zamanın bütün
xırdalıqlarına, naqis, cılız
tərəflərinə, insanların qeyri-insani, kiçik,
xırda hisslərinə yad bir insandır. Dünyanın
qlobal qayğıları ilə yaşayan sənətkar
insanlarda ancaq böyüklüyü görür, xeyirxahlığı
qiymətləndirir.
Fərhad müəllimin mövzuları çağdaş
rəssamlarımızın mövzuları kimidir. Lakin bu
mövzuların işlənmə tərzi, kompozisiya həlli,
rəng yaxımı, ifadə etdiyi mətləb və
məzmun fərqlidir, qeyri-adidir. Bu qeyri-adilik sadəlik və
səmimiyyətlə müşayiət olunur, insani
duyğuların, bəşəri
düşüncələrin son dərəcə təbii,
canlı ifadəsi kimi diqqəti cəlb edir.
Dəniz mövzusu həmişə rəssamların
aparıcı mövzusu olub. Mən cəsarətlə
deyərdim ki, F. Xəlilovun “Dalğa”sı bu mövzuda
yazılmış əsərlər içərisində seçilir,
bir təkrarsızlıq, ilkinlik təəssüratı
yaradır. Mənə elə gəlir ki, bu dalğa dənizin
yox, ürəklərin dalğasıdır. Bu
əsərə baxanda səndə elə duyğu yaranır
ki, dəniz insandır, onun da əsəbləri var,
hirsi-hikkəsi, qəzəbi-acığı tüğyana
gələndə onun da gözü ayağının
altını seçmir. Bu dalğa insan qəlbində baş
qaldıran, ancaq həyata keçməsi mümkün olmayan
arzulardır. Bu arzular dalğa kimi sahilə – zamanın,
dövranın boz üzünə çırpılır,
çırpıldıqca şahə qalxır, cıdır
üçün ürəyi çatlayan ağ yalmanlı bir
ata çevrilir. Bu dalğa sahili döydükcə özü
də döyülür, ağarır, bozarır,
göyərir, rəngdən-rəngə düşür.
Bir maraqlı məqama da diqqəti yönəltmək
istəyirəm. F. Xəlilov dünyanın bir çox
ölkələrini gəzib dolaşmış,
yaradıcılıq ezamiyyətlərində,
tədbirlərdə iştirak etmişdir. Demək olar ki, bir
sənətkar kimi dünya ovcunun içərisində
olmuşdur. Lakin onun fırçası ancaq Abşeronu
çəkmiş, ancaq doğma yurdunun təbiətinə
üz tutmuşdur.
Onun yaratdığı əsərlərə doğma
torpağın şəhdi-şirəsi, milli- mənəvi
dəyərlərimizin koloriti hopmuşdur.
“Abşeron məktəbi”nin görkəmli
nümayəndəsi sənət dostlarıyla
çiyin-çiyinə bu məktəbin klassik
ənənələrini bu gün də davam və inkişaf
etdirir. Yeni-yeni uğurlarla zənginləşdirir.
Onun əsərləri “Abşeron məktəbi”
qalereyasında ayrıca məzmun və məna kəsb edir.
“Qədim tut ağacı”, “Mərdəkanda
yağış”, “Görədil”, “Mərdəkanda
həyət”, “Bulud və dəniz”, “Buzovnada qürub
çağı”, “Qalada bahar” və sair əsərlərin
mayasında, ruhunda rəssamın doğulduğu yurda sonsuz
məhəbbətinin son dərəcə isti, lirizmlə dolu
ifadəsini duyuruq. F. Xəlilovun sözdə yox,
əməldə, işdə gerçəkləşən
vətənpərvərliyinin kökünü,
rişəsini bax bu əsərlərdə aramaq lazımdır.
Mənə elə gəlir ki, Abşeron torpağının
füsunkar gözəlliyi, bənzərsiz təbiəti bu
əsərlər sayəsində dünyanın
yaddaşında bir boy da artıb, yüksəlib.
F. Xəlilovun toxunduğu mövzular, qaldırdığı
ideyalar milli olduğu qədər də bəşəridir,
dünyəvidir. Mənə elə gəlir ki, dünyanın
bir çox xalqları, millətləri onu öz
rəssamları sayar, öz sənətkarları kimi
öyə bilər. Fərdi sərgilərinin ilk dəfə
tam ekspozisiya ilə xarici ölkələrdə
düzənlənməsinin ilkin səbəbi kimi bəlkə
də bu fikri önə çəkmək olar.
Lakin ötən ilin oktyabr ayında
özünün altmış illik yubileyi günlərində
Bakıda Muzeylər Mərkəzində açılan
fərdi sərgisi onun doğma yurdunda necə sevilməyinin,
əsərlərinə olan sonsuz maraq və diqqətin bariz
ifadəsi kimi yadda qaldı.
Bu sərgi F. Xəlilovun bir xalq
rəssamı olaraq ömrünün bayram ovqatlı
anlarında öz xalqı – sənət dostları,
paytaxtın elitası, fikir və düşüncə
adamları, diplomatik korpusun nümayəndələri, eyni
zamanda xarici ölkələrdən gəlmiş bir çox
korifey fırça və tişə ustaları
qarşısında yaradıcılıq hesabatı idi.
Sərgidə yubilyarın ünvanına razılıq
hissilə köklənmiş çoxsaylı qiymətli
fikirlər səsləndi, çıxışlar edildi. Bu fikirlərin mərkəzində onun hamıya
örnək olası uca, saf şəxsiyyəti,
ləyaqətli həyat tərzi və bu
şəxsiyyətin, bu ömrün kətanlara köçmüş
əks-sədası olan misilsiz sənət inciləri
vurğulanırdı.
Fərhad müəllimi sayı mindən çox olan
fırça və tişə ustalarına,
sənət bilicilərinə sevdirən əsas cəhət
onun sadəliyi, insanpərvərliyi, köməyə
çatmaq, bacardığı qədər yardım etmək,
bir sözlə xeyirxahlıq missiyasıdır. O, ittifaq
üzvlərinin qayğılarını öz doğma
qayğısı bilir, sənətdə öz
sözünü deyən istedadlı adamların arxasında
dağ kimi dayanır. Onların məişət
çətinlikləri, yaşam tərzləri Fərhad
müəllimin gündəlik qatıldığı,
bölüşdüyü, həll etdiyi
məsələlərin ümumi tərkib hissəsidir.
Yenə Fərhad Xəlilovun əsərləri üzərinə
qayıtmaq istəyirəm. O, əlinə fırça alandan
“öz söz”ünü deyir, bu “söz” acı da olsa,
şirin də olsa onun öz “söz”üdür.
F. Xəlilov sənət özgürlüyünü qoruyan,
həmişə seçilən, sənətdə
novatorluğu, ilkinliyi, təkrarsızlığı
özünə amal eləyən bir sənətkardır.
Yaradıcılıq dövrünün
böyük, uzun bir zaman kəsiyi sovet dönəminə
düşən rəssam bu dövrün
qadağalarını, sosializm quruluşunun bütün məhdudiyyətlərini,
insanın əlini-qolunu bağlayan çəpərlərini
obrazlı şəkildə öz əsərlərinə
köçürmüş, ədəbiyyat dili ilə
desək, mətnaltı fikirlərini senzuradan – “qıl
körpü”dən bacarıqla keçirə bilmişdir. Bu
mənada F. Xəlilovu o dövrə müxalif bir
sənətkar kimi də qiymətləndirmək olar. O,
təbiətən müstəqil adamdır, rejimin
kəshakəs vaxtında da daxilən azad olub,
sərbəstliyini, mənəvi azadlığını
heç nəyə qurban verməyib.
O dövrdə yaratdığı əsərlərə
diqqətlə nəzər yetirdikdə görürük ki,
təsvir olunan hər hansı predmet – dağ, dəniz, bina,
qala çəpərlər əhatəsindədir.
“Dənizə gedən yol” (1969), “Qalada bahar” (1986), “Sahillə
görüş” (1984), “Dağlarda” (1990) və s.
əsərləri fikrimizi əsaslandırmağa geniş
imkan yaradır.
O dövr bizə hər şeyin qətrə-qətrə,
misqal-misqal verildiyi, müstəqil fikrin, xalqların
müstəqillik arzusunun yasaqlandığı, hegemon bir dilin,
hegemon bir millətin meydan suladığı bir dövr idi.
Xalq şairi X. R. Ulutürk o zamanlar “azadlığı
istəmirəm zərrə-zərrə, qram-qram” deyə
üsyan səsini qaldıranda F. Xəlilov da dənizə
çıxışı dar bir keçiddən
keçirirdi. Bu dənizi, bu ümmanı
bütövlükdə bizə qıymayanlara rənglərin
diliylə öz kəskin “rəssam sözü”nü deyirdi.
Bu sənətin əbədi və əzəli
missiyasıdır. Haqsızlıq önündə
sənət sozalır, sənətkar susursa deməli,
dünya sahibsiz qalır, onun mənəvi dəyərləri
üstünə qara bir kölgə düşür.
“Kölgə” demişkən, Fərhad Xəlilovun “Yerdə
buludun kölgəsi” tablosu, mən deyərdim ki, onun şah
əsəridir.
Nəhəng bir bulud göydə sərilib qalıb, yerə
düşən kölgəsi ilə yeri göyə
qovuşdurur. O bulud öz əlçatmazlığı
ilə yerə əl uzadır, onu qayğısına,
istəyinə bürüyür. Yerlə göyün
körpüsü olan o bulud minnətsizlik,
təmənnasızlıq, ucalıq məqamındadır.
Mənə elə gəlir ki, rəssam da özünün
pak, ilahi, tanrıya əl uzadan bir məqamında o anı tuta
bilib, ilahidən güc alıb kətana
köçürə bilib. Bu əsərə baxanda
heyrətlənməyə bilmirsən.
Nəhayət mən bu əsərdən aldığım
təəssüratla yazdığım “O buludun
kölgəsi” şeirimlə F. Xəlilov haqqında
ürək sözlərimi, əsərləri haqqında
düşüncələrimi tamamlayır və ona cansağlığı,
yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
O buludun kölgəsi
Ucalıqdan süzülür.
O kölgədən kənarda
Yer yerindən üzülür.
O kölgə sərhəd bilmir,
Yerə-yurda bölünmür.
Adi qəlbə sığışmır
Adi gözlə görünmür.
Yerin yer tutumunu
Ölçüb gəlir o kölgə
Şairin qələmindən,
Rəssamın fırçasından
Keçib gəlir o kölgə.
O buludun kölgəsi
Tanrının kölgəsidir.
Göydə göyün bəsidir,
Yerdə yerin bəsidir.
Xalq qəzeti.-2007.- 5 dekabr.- S. 7.