Festival çərçivəsində
növbəti sərgi
keçirilmişdir
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən "Alüminium" III Beynəlxalq
müasir incəsənət biennalisi-festivalı çərçivəsində
19 ölkədən gəlmiş rəssamların
növbəti sərgisi Muzey Mərkəzində
açılmışdır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı
Fərhad Xəlilov bildirmişdir ki, sərgidə təsviri
incəsənətin müasir perfomans, videoart, fotoqrafiya,
instalyasiya və eləcə də, ənənəvi
heykəltəraşlıq və boyakarlıq janrlarında
əsərlər nümayiş olunur. F.Xəlilov qeyd
etmişdir ki, xarici ölkələrdən gəlmiş
rəssamlarla yanaşı, 35 azərbaycanlı rəssamın
əsərlərinin də nümayiş olunduğu bu
sərginin əsas mahiyyəti müasir dünyada yuxu ilə
gerçəklik arasında prinsipial fərqin, sərhədin
varlığını dərk etməkdən ibarətdir.
Sonra tədbir iştirakçıları 5 böyük
salondan ibarət sərgidə təqdim olunan videoart,
fotoqrafiya, heykəltəraşlıq və boyakarlıq
əsərləri ilə tanış olmuşlar. Bədii
zövq, insanın daxili azadlığı, inanılmaz yuxu
və acı həyat gerçəklərinin
tərənnüm olunduğu bu əsərlər
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmışdır.
Sərgidə sloveniyalı fotoqraf Vesna Çervineçin
üç fototablosu xüsusilə diqqəti cəlb
etmişdir. Fotolardakı səmimilik, həyatilik və
hay-küydən uzaq, sakit bir dünyanı qurmağa
çağırış motivi daha xarakterikdir.
Azərbaycan.- 2007.- 6 dekabr .- S. 5.