Qaliboğlu E.

 

Dünyada nə qədər insan yaşayırsa, o qədər də obraz var


Oqtay Sadıqzadə: "Həyat məktəbini hər kəs bir cür başa vurur"


Onun həyatı çətinliklər içərisində keçib, amma bir an da olsun, yaşamağa, yaratmağa inamını itirməyib. Hazırda 87 yaşındadır, yenə yaradıcılıqla məşğuldur. Hər gün emalatxanasında işləyir. Yazıçı Seyid Hüseynin oğludur. Beləliklə, xalq rəssamı Oqtay Sadıqzadə ilə söhbəti oxucularımıza təqdim edirik.

- İmzanız ictimaiyyətə, yaradıcı mühitə kifayət qədər məlumdur. Soy etibarilə yaradıcı bir nəslə mənsubsunuz.

Hər halda indi ömrünüzün elə bir məqamıdır ki, dünyanı, həyatı, özünüzü anlamaq yaradıcılıqda daha mənalı çatdırmaq sizin üçün problem deyil. Bəs zaman sizə necə təsir göstərib?

- Yaradıcılıq məqamı olduqca qəliz məsələdir. Şübhəsiz, elə məqamlar var ki, əvvəlcə çoxlu fikirləşirsən. Xüsusən belə fikirlər məndə səhər tezdən çox olur. Yuxuya gedən məqamda da fikirləşirəm. Hər halda ömrün-günün elə çağıdır ki, insanın bu yaşda həyata, Allaha öz münasibəti olur. İndi mən hər şeyə münasibətdə tamam başqa cür düşünürəm. O ki qaldı yaradıcılığa, emalatxanaya gedəndə, orada işləyəndə artıq tamamilə başqalaşıram, sırf yaradıcılıq üstə köklənirəm.
Mən yaradıcılıqda heç zaman fəlsəfə axtarmamışam. Amma yaşa dolduqca adamın heç özünün xəbəri olmur, bir gözünü
açır ki, filosoflaşıb. Düşüncəsiz alınmır. Yaradıcı adam üçün düşüncə tamam başqa əhəmiyyətə malikdir. Ümumiyyətlə, təsəvvür edə bilmirəm ki, insan otursun, heç bir işlə məşğul olmasın fikirləşməsin.

- Kimi var təbiətin verdiyi qabiliyyəti aşkarlayır, kimi var buna nail ola bilmir...

- Əgər insan yaradıcılıq imkanını daha peşəkar şəkildə üzə çıxara bilirsə, deməli, bu, onun xoşbəxtliyidir. Yaradıcı üçün yaşamağa həddən artıq yaxşı şərait olduqda görürsən, yaradıcılığa yer qalmır. Yaradıcılıq onda olur ki, görürsən,
ehtiyac var. Məşhur yaradıcı insanların heç hamısının yaxşı şəraiti olmayıb. Əslində həmin şəraitdən asılı olmayaraq yaradıcı insanlar yazıb-yaradıblar. Əgər təbiət sənə böyük talant veribsə, onda bu, özünü mütləq göstərəcək.

- Ötən yüzilin 30-cu ill
ərində imperiya yaradıcı beyinlərin üzərinə hücuma keçdi, millətimiz üçün yaşayan, əyilməz başları kəsdi. Cavidlərin, Müşviqlərin ömrü buna sübutdur.
Həmin dövr gəncliyi sürgündə keçən bir şəxs olaraq sizə necə təsir edib?

- Çətinlik mənim üçün həmişə həyat imtahanı olub. Həyat məktəbini hər kəs bir cür başa vurur. Həyatımda rastlaşdığım çətinlikləri sözün əsl mənasında məktəb sayıram. 5 il sürgündə olmuşam. Bu, 1941-1946- illər idi. Sibir həyatını gördüm. O zaman 20 yaşım vardı. Çox adamlar həmin dəhşətli sürgünlərə dözə bilmədilər. Şəxsən təsəvvür edə bilməzdim ki, belə bir dəhşətli həyat şəraitinə dözə bilərəm. Amma bu çətin həyat şəraitində sanki mənə qəribə bir güclü həyat eşqi gəldi: bunu hələ özüm üçün aydınlaşdıra bilməmişəm.
Məndən kiçik qardaşım Cığatay da belə bir şəraitdə sürgündə idi. Amma sürgünün dəhşəti onun ömründə izini qoydu, qayıdıb gələndən 4 ay sonra vəfat etdi. Hüseyn Cavidin oğlu Ərtoğrul da belə bir tale ilə üzləşmişdi. Hər halda həyatın çətinliklərinə qarşı dözüb durmaq üçün inad, nikbinlik lazımdır.

- Başınıza gələnləri kitab biçimində yazmısınızmı?

- Yazmaq istəmişəm, amma ki, yaza bilməmişəm. Bunun üçün ilk növbədə vaxt lazımdır. İndi mənim üçün yazmaq çox çətindir.

- Atanız Seyid Hüseynin elmi ictimaiyyət üçün ömrünün, irsinin açılmayan tərəfləri varmı?

- Məncə, yoxdur, dəfələrlə hekayələri kitab şəklində çap olunub. Qaldı ki, o dövrün qadağalarına, həbslərinə, qırğınlarına; bu, həmin dövrə xas cəhətlər idi. Bolşeviklər dönəmində hökumət başında təsadüfi, az savadlı adamlar, cinayətkarlar da vardı. O dövrdə gedişata bu ya digər səviyyədə təsir etmək belə mümkün deyildi.

- Rəssamlıqda hansı məqamdasınız? Hansı gerçəkləşməyən istəkləriniz var?

- Hər halda mən əlimdən gələn eləmişəm. Amma bununla yanaşı daim özümdən narazı qalmışam. Yaradıcılıqla məşğul olanda daim gözümün qabağında böyük klassiklər dayanıb.
Dünya rəssamlığında Rəfael var, Mikelancelo var, qədər başqa məşhur imzalar var. Dərk etmişəm ki, bunlara çatmaq çətindir. Bu rəssamlar məni sənətdə bütün tərəfləri ilə cəlb ediblər. Rəssamlıq odur ki, gərək ilk növbədə ideyan olsun, şablonçuluğa yol verməyəsən.
Hər bir yeni cəmiyyətin həmişə təzəliyə ehtiyacı var. İntibah dövrü rəssamlığı son yüzildə aşkarlanan incəsənətin bir neçə sahəsini əvəz edirdi. Ona görə həmin dövrdə rəssamlığa bu mənada böyük ehtiyac vardı. Amma bu gün başqa vasitələr geniş yayılıb, televiziya, radio, mətbuat b. var. İnsanların həyat tərzi durmadan dəyişir: qabaqlar insanların böyük tələbatları vardı, indi kiçilib. Bu gün rəssamlıq inkişaf edir, amma bu sahədə məhdudluq təbii olaraq baş verir.

- Azərbaycan rəssamları arasında kimin yaradıcılığını daha yüksək qiymətləndirirsiniz?

- Azərbaycan rəssamlığında ən çox qiymətləndirdiyim Mikayıl Abdullayevdir. M.Abdullayev istər qrafika, istərsə rəngkarlıq sahəsində peşəkar idi. O, hərtərəfli rəssam idi. Tahir Salahov da böyük rəssamdır. Səttar mənzərəni qeyri-adi işləyirdi. Hər rəssamın öz zövqü var. Məsələn, mən mənzərə janrına demək olar, müraciət eləməmişəm. Bu sahə mənim üçün maraqlı olmadı. Düzdür, bunu da bacarmaq lazımdır. Mənim yaradıcılığımda əsas insan obrazıdır. Dünyada qədər insan yaşayırsa, o qədər obraz var. Obrazla işləmək yaradıcı adam üçün çox maraqlıdır. Bəyəndiyim böyük rəssamların portret janrında yaratdıqları mənim üçün çox maraqlıdır. Əsas odur ki, portret janrında insanın daxili aləmini göstərə biləsən. Bu, həddən artıq mürəkkəb məsələdir. Böyük rəssamların hamısı bunu bacarıblar. Bu mənada özümə ruhən yaxın saydığım rəssamlar çoxdur.

- Çox yaşamağa görə genə, yoxsa çalışqanlığınıza borclusunuz?

- Hamısına bütöv baxıram. 87 yaşındayam. Daim çalışıram, dayanmıram. İnsanı yaşamağa, yaratmağa kökləyən nəsə olmalıdır. Gərək məqsədin uğrunda yaşayasan, ruhdan düşməyəsən. Hər gün emalatxanadayam. Hazırda Nizami muzeyi üçün sifariş işləyirəm. Uşaqlıqdan rəssamlığa meylim olub

 

Xalq cəbhəsi.- 2007.- 18 dekabr.- S. 14..