Müasir incəsənət sərgisi

 

Şirvanşahlar Sarayı Kompleksində "Aliminium" III Müasir İncəsənət Bienalesinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə. tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbirin önəmliliyindən danışıb.

3 gün davam edəcək bienaledə yeni və müasir incəsənət növlərinin nümayiş etdirildiyini bildirən nazir, tədbirə dünyanın 19 ölkəsindən (Kanada, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Niderland, Protuqaliya, Rumıniya, Rusiya, Sloiveniya, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan) rəssamların qatıldığını qeyd edib: "Dünyanın tanınmış muzeylərində bu cür əsərlər alınıb saxlanılır. Bu il biz ilk dəfə olaraq Venesiyada keçirilən bienaledə Azərbaycanı təmsil etdik. 102-ci il və 52-ci dəfə keçirilən bienaledə Azərbaycan çox gözəl qarşılandı və mütəxəssislər tərəfindən çox böyük qiymətlərə layiq görüldü. Artıq biz 2009-cu ildə daha geniş pavilyonda çıxış edəcəyimizlə bağlı razılıq almışıq".

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov 3 gün davam edəcək bu tədbir çərçivəsində 2 sərgi açılacağını deyib. Sərgilərin Muzey Mərkəzi, Müasir İncəsənət Mərkəzi, "Abşeron", "Bakı" və "Yenigallery" qalereyalarında təşkil ediləcəyini vurğulayan F.Xəlilov festivalın "Yuxugörmənin reallıqları" mövzusunda keçirildiyini deyib: "İnsan tarixi boyu reallığın digər üzünü görmək üçün bu dünyanın hüdudlarından kənara baxıb. Qədim rituallar, antik misteriya, magiya mərasimləri, elə dinin meydana gəlməsinin özü də insanın transsendental olanların və axirət dünyasını dərk etmək ilə şərtlənir".

" Aliminium" III Müasir İncəsənət Bienalesinin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi, sponsorları "Azercell" Telekom Şirkəti, Gənclər və İdman Nazirliyi, "Azell" Qapalı Səhmdar Cəmiyyəti, otel Avropa, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadilələri Assosiasiyasıdır.

 

Palitra.- 2007.- 4 dekabr.- S. 2.