Nüşabə

 

Yuxuların yozulması

 

Gürcüstanın müasir təsviri sənət ustalarının iştirakı ilə keçirilən sərgi yekunlaşıb

 

Bu gün “Abşerorn” Rəsm Qalereyasında Gürcüstan müasir təsviri sənət ustalarının iştirakı ilə "Yuxuların yozulması" devizi adı altında sərgi yekunlaşır. Qeyd edək ki, sərgi Bakıda keçirilən eyni adlı festlvalın tərkib hissəsidir. Sərgidə Mamuka Çaparidze, Gürcüstanın tanınmış artkuratoru Maqda Quruli kimi müasir gürcü rəssamlarının yaradıcılıq nümunələri nümayiş olunur.

Tədbirin əsas təşkilatçıları Azərbaycan tərəfindən "Aliminium" festivalının təşkilat komitəsi və "Abşeron" Rəsm Qalereyasıdır. Gürcüstan tərəfdən isə sərginin təşkilində - CGCCA təşkilatı və "Innovator Production Studio" çalışıb. Xatırladaq ki, adıçəkilən rəsm qalereyasında Gürcüstanın təsviri sənət ustalarının əsərləri 1998-ci ildən etibarən mütamadi olaraq keçirilən sərgilərdə nümayiş olunub. Lakin bu sərgi əvvəlkilərdən xeyli yığcam olub fəlsəfi xarakter daşıyır. Ekspozisiyanın mərkəzində Çaparidzenin "Gözəgörünməz" kompozisiyası yerləşdirilib. Kompozisiya iki dama-dama lövhədən ibarətdir. Bu lövhələrə yalnız diqqətlə seyr etdikdən sonra bizə diqqətlə baxan insan gözlərini görmək mümkündür. Giorgi Cacanidzenin "Mövcudiyyət" kompozisiyası dörd hissədən ibarətdir və bu hissələrdə yuxuya hazırlaşan insanlar təsvir edilib. Bu əsərdə yuxu qara balıq formasında göstərilib. Təsvir edilən qadın yəqin ki, çoxdanışandır. Çünki qara balıq (yuxu) onun ağzını bağlayıb. Yuxu-qarabalıq digər insan fiqurunun sinəsində yerləşib. Bununla rəssam bu insanın ürəyinin yatdığına işarə edir. Yaşlı qadın fiqurunun alnında da qara balığın "üzdüyü" təsvir edilir. Bununla rəssam yuxunun yaşlı qadının beyninə sahib olduğunu göstərir. Yalnız dördüncü fiqur - balaca qızcığaz gözlərini geniş açaraq dünyaya baxır, yuxuya müqavimət göstərir. İra Kurmayevanın "Hər şey anam haqqındadır" kompozisiyası da zalın mərkəzində qərar tutub. Bu kompozisiyada əzik gecə köynəyində olan gənc qadın fiquru əsrarəngiz bir işığa qərq olub. Həmin müəllifin "Gecə gəzən" kompozisiyası da olduqca maraqlıdır. Ekspozisiyanın ortasında biz 12 ədəd yuxugətirən bir-birinə qalaqlanmış balışları görürük. Hər balışda bir ayın təqvimi təsvir olunub. Quram Tsibaxaşvilinin günəşin tutulmasını təsvir edən 'Yaşamaq" kompozisiyası da olduqca maraqlıdır. İliko Zautaşvilinin zalın mərkəz sütununda yerləşdirilmiş mistik şüarı isə daha qeyri-adi səslənir: "Gələcək üçün narahat olmayın, o hələ çatmayıb indi o, artıq ötüb". Ən nəhayət yenə gürcü rəssamı Luka Zet bizə özünün "Yuxuların müşahidə olunması" kompozisiyasını təqdim edir. Kompozisiyada həqiqətən yuxuya bənzər bir anın dörd bənzərsiz məqamı təsvir edilir. Kompozisiyada deyilən sözlər sərginin devizi kimi səslənir: "Hər şey bizim daxilimizin xaricimizin əks olunmasıdır, hətta biz yuxuda olanda da".

 

Palitra.- 2007.- 5 dekabr.- S. 13.