Babayeva T.

 

Yuxular gerçəkləşməyə başlayıb

 

Bu gün ənənəvi incəsənətlə birgə, müasir incəsənət də cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. "Müasir incəsənət" anlayışı milli mədəniyyətimizə yaxınlarda daxil olsa da, artıq bu sahədə nəzərəçarpacaq irəliləyişlər var. Ötən həftə Bakıda Müasir İncəsənət Biennalesinin keçirilməsi də buna əyani sübutdur.
"Alüminium" adlanan, sayca III olan sənət bayramında yerli rəssamlarımız və Kanada, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Niderland, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistandan olan sənətçilər əl işlərini nümayiş etdirirdilər. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi üçgünlük biennalenin açılışı isə İçərişəhərdəki Şirvanşahlar Sarayında baş tutdu. Tədbirlə bağlı olaraq, söhbətləşdiyimiz Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə qədim abidənin təsadüfən seçilmədiyini dedi.
- Müasir İncəsənət Biennalesinin Şirvanşahlar Sarayında keçirilməsi təsadüfi deyil. Bu, qədimliyi və müasirliyi birləşdirmək, onların gözəl ahəngini yaratmaq məqsədi daşıyırdı. Dünyanın bir çox ölkələrində eyni təcrübədən istifadə olunur. Məsələn, Almaniyada, İtaliyada qədim kilsələrdə, binalarda son dərəcə müasir sərgilər təşkil olunur. Qərara aldıq ki, burada da oxşar mənzərə yaradaq. Bundan başqa, Şirvanşahlar Sarayı istənilən eksperimentlərin keçirilməsi üçün əlverişli məkandır. Sarayın boş divarları, arkaları, tağları, onun labirint quruluşu müasir incəsənət əsərlərinin sərgilənməsi üçün uyğun yerdir.
- Biennalenin adı da maraq doğurdu. "Yuxugörmənin reallıqları" tamaşaçının reallığa baxışını dəyişdirməli idi?
- İnsan tarix boyu reallığın digər üzünü görmək istəyində olub. Müasir dövrdə isə gerçək həyatda baş verənlər o qədər qeyri-real görünür ki, adam bütün bunların həqiqətdə mövcud olmadığını, hər şeyin yuxuda baş verdiyini düşünür. Bu gün müasir texnologiyalar vasitəsilə ağlasığmaz yeniliklər edilir. İncəsənətdə də ciddi dəyişikliklər baş verib. Əvvəllər bizim yuxu, xəyal kimi təsəvvürümüzə gətirdiklərimiz gerçəkliyə çevrilib. Yuxular gerçəkləşməyə başlayıb. Elə bil, yuxu və reallıq arasındakı sərhəd silinir. Biennalenin adı da bu təəssüratdan yaranıb.
- "Alüminium" Müasir İncəsənət Biennalesi ilk dəfə 2003-cü ildə keçirilib. Bu illər ərzində hansı dəyişiklikləri müşahidə etmisiniz?
- Dörd il bundan öncə birinci dəfə biz bu layihəni həyata keçirəndə on ikiyə yaxın ölkə iştirak etsə də, müasir incəsənət bizim üçün yeni bir anlayış idi. Amma buna baxmayaraq, müasir incəsənət elə ilk vaxtdan maraq doğurmağa başladı. Yenilik həmişə hamını cəlb edir. O zaman bizim üçün müxtəlif ölkələrdən olan rəssamların sənətini burada nümayiş etdirmək vacib idi. Bunun bizim rəssamlara böyük köməyi oldu. Çünki müasir incəsənətdə görmək, bütün dünyada baş verənləri izləmək, başlıca tendensiyalardan xəbərdar olmaq önəmlidir. Bir müddətdən sonra isə artıq bizim rəssamlar digər ölkələr üçün maraqlı olmağa başladılar. Rəssamlarımız müxtəlif ölkələrə dəvət edildilər. Onlar Türkiyə, Fransa, Yunanıstan və İtaliyada keçirilən beynəlxalq sərgilərdə iştirak ediblər və proses davam edir. Ölkələr arasında incəsənət mübadiləsi aparılmalıdır. Bütün dünyada istər yaşlı, istərsə də gənc rəssamlar digər ölkələrdə təcrübə keçirlər. Sənətdə ideyaların yeniləşməsi prosesi əsas göstəricidir.
- Leyla xanım, yerli rəssamlarımız müasir incəsənətin daha çox hansı növlərinə üstünlük verirlər və onların işləri necə qarşılanır?
- Bizim rəssamlar müasir incəsənətin əsasən video-art, istallyasiya və fotoqrafiya ilə bağlı növlərinə üstünlük verirlər. Onların işləri isə xarici ölkələrdə çox maraqla qarşılanır. Bu ilin yayında biz ilk dəfə olaraq Venesiyada keçirilən dünyanın ən nüfuzlu müasir incəsənət sərgisində iştirak etdik. Bizim pavilyonun mərkəzdən bir az kənarda qurulmasına baxmayaraq, əsərlər çox böyük maraqla qarşılandı, mətbuatın da diqqətini cəlb etdi. Fransanın ən nüfuzlu qəzetlərindən biri "Le mond"da bizim pavilyon barəsində məqalə çap olundu. Müxtəlif ölkələrin nümayəndələri yaxınlaşıb bizdən kataloq istəyir, rəssamlarımız haqda məlumat toplayırdılar.
- Müasir incəsənətin beşiyi sayılan Avropanı nə ilə cəlb edə bilmişdiz?
- Sözsüz ki, onları özümüzə məxsus xüsusiyyətlər cəlb edirdi. Çox vaxt millilik deyəndə, buta, aypara kimi milli elementlər nəzərdə tutulur. Amma milliliyi daha geniş anlamda götürmək lazımdır. Hər birimiz milli geyimdə olub-olmamağımızdan asılı olmayaraq, milliliyin daşıyıcılarıyıq. Biz əzəldən bu ölkədə doğulmağımızla, bu mühitdə, şəhərdə böyüməyimizlə, müəyyən ictimai və siyasi vəziyyətdə yaşamağımızla bu milliliyin daşıyıcılarına çevrilirik. Ona görə də millilikdə konkret bir şey axtarmaqla onu məhdudlaşdırmaq lazım deyil. Əcnəbilər üçün bizim dünyagörüşümüz maraqlıdır. Necə ki, bizim üçün başqa xalqın milli geyimi yox, fərqli düşüncəsi maraq kəsb edir.
- Bu biennalini keçirməklə qarşınıza qoyduğunuz məqsədə çata bildinizmi?
- Sərginin məqsədi insanların diqqətini müasir incəsənətə cəlb etmək idi. Bilirsiniz, dünyada müasir incəsənət əsəri neçəyə satılır? Məsələn, məşhur rəssam Demien Xörst ölmüş heyvanların cəsədlərini akvariumlarda sərgiləyir. Onun sonuncu işi "Akula" adlanırdı. O, öldürülmüş akulanı altı min dollara alıb, formalinə salıb və şüşə qutuda sərgiləyib. Həmin iş 140 milyon dollara satılıb. İndi müasir incəsənətə böyük məbləğdə pul qoyulur. Ümumiyyətlə, müasir incəsənət bütün Avropa ölkələrində və Amerikada maraq doğurur. Hər bir böyük şəhərdə müasir incəsənət muzeyi fəaliyyət göstərir. Bizdə də bu sahədə irəliləyişlər var. Biz çox şadıq ki, Prezident İlham Əliyev müasir incəsənət muzeyinin açılması ilə bağlı sərəncam imzalayıb. Biz bu muzeyin tikilməsini səbirsizliklə gözləyirik. Qafqazda və bizə yaxın ölkələrin əksəriyyətində belə bir muzey yoxdur. Və onlar bu baxımdan bizə qibtə edirlər. Bu muzeyin son dərəcə müasir binası olacaq və o, bizdə müasir incəsənətin inkişafında əsaslı rol oynayacaq.
- Bəs, bizdə müasir incəsənətlə məşğul olan rəssamlarımız əsərlərini sata bilirlərmi?
- Əvvəlki illərlə müqayisədə təsviri sənətə olan münasibət yaxşılığa doğru xeyli dəyişib. İncəsənət artıq pul qoyula biləcək obyekt kimi qəbul olunur. Bizdə zəngin adamlar əsasən mənzilə, torpağa, brilyanta pul qoyurlar. Qərbdə isə sadalananlarla yanaşı, sənət əsərləri də alırlar. İncəsənət də gələcək gəlir mənbəyi hesab olunur. Çünki incəsənət əsərlərinin qiyməti ildən-ilə artır. Buna görə də insanların incəsənəti kapital qoyuluşu vasitəsi kimi qəbul etməsi vacibdir. Bundan başqa, Avropada, Amerikada müxtəlif fondlar, zəngin insanlar incəsənətə böyük məbləğdə maddi vəsait ayırır, köməklik göstərirlər. Bu, orada nüfuz göstəricisinə çevrilib. İncəsənətə kömək etməklə həmin insan cəmiyyətdə çəkisini, statusunu artırır. Bizdə, əlbəttə ki, incəsənətə əsasən dövlət, Mədəniyyət və Turizm Nazirliyi himayədarlıq edir. Amma bizdə də son illər bir sıra şirkətlər incəsənət tədbirlərinə sponsorluq edirlər. Bizim sərginin keçirilməsində də ölkənin böyük şirkətləri öz köməklərini əsirgəməyiblər. Müraciət etdiyimiz qurumların heç biri bizə yardımçı olmaqdan imtina etməyiblər. Biz sponsorlarımıza çox minnətdarıq. Keçirdiyimiz sərgilərdən sonra müəyyən qədər əsərlər satılır. Amma bu yöndə əsaslı dəyişiklik üçün formalaşmış müasir incəsənət bazarı olmalıdır. Bizdə isə bu, xaotik formadadır. Hətta ənənəvi incəsənət nümunələri də ucuz qiymətə satılır. Düzdür, son vaxtlar qiymətlərin artımı müşahidə olunur. Məncə, proses artıq başlayıb, istər-istəməz cəmiyyət inkişaf edir, zövqlər dəyişir. Zövqdən söz düşmüşkən, onu da deyim ki, Avropa ölkələrində zəngin insanlar əsərləri öz zövqlərinə əsaslanıb almırlar. Çünki zövqləri onları aldada bilər. Onlar bu işə kuratorları, incəsənət sahəsində tanınmış mütəxəssisləri cəlb edirlər. Bu ekspertlər onlar üçün kolleksiya təşkil edir, nəyi almaq lazım olduğunu, gələcəkdə hansı əsərlərin prestijli sayıla biləcəyini məsləhət edirlər. Bizim zəngin insanlar da peşəkarların fikrinə əsaslansalar, uduzmazlar.
- Müasir gənclərin təsviri sənətə marağı nə dərəcədədir? Bu baxımdan problem yoxdur ki?
- Əksinə, tələbələr Rəssamlıq Akademiyasına qəbul olunmaq üçün böyük müsabiqədən keçməli olurlar. Əminəm ki, Mədəniyyət və İncəsənət Universitetində də eyni vəziyyətdir. Gənclər əsasən, moda, dizayn, reklama maraq gösətərsələr də, bütün fakültələrə tələbat çoxdur. Müasir incəsənətə gəlincə isə, bu, bizdə ayrıca fənn kimi tədris olunmur. "Zamanın qanadları" Yaradıcılıq Birliyində bir neçə dəfə treninqlər təşkil etmişik. Müxtəlif ölkələrdən dəvət olunmuş rəssamlar Rəssamlıq Akademiyasında, Mədəniyyət və İncəsənət Universitetində müasir incəsənətlə bağlı ustad dərsləri keçiblər. Bizdə təsviri sənət sahəsində təhsil ənənəvi - realistik məktəb üzərində qurulub. Bu, təməldir və çox vacibdir. Amma müasir incəsənətə aid xüsusi fənlər yoxdur. Məsələn, başqa ölkələrdə tələbə ənənəvi və ya müasir incəsənətlə məşğul olmaq istəyindən asılı olaraq, fakültə seçə bilir. Bizdə isə ümumi sistemdir. Yəni, bu sistem əsasında da istiqaməti müəyyənləşdirmək olar. Müəyyən bilgilər alandan sonra hər kəs istədiyi sahəyə üz tutur. Əsas odur ki, bu baxımdan tələbəyə heç bir qadağa, məhdudiyyət qoyulmur. Tələbə öz seçimində azaddır. Ona görə də bu gün müasir incəsənətlə məşğul olan bir sıra gənc rəssamlarımızın adlarını çəkmək olar. Babi Bədəlov demək olar ki, dünyada tanınmış rəssama çevrilib. Orxan Hüseynovun yaradıcılığı çox böyük maraqla qarşılanır. Əli Həsənov, Səbinə Şıxlinskaya da istedadlı rəssamlarımızdandırlar. Getdikcə müasir incəsənətlə məşğul olan rəssamların sayı artır.

 

Xəzər.- 2007.- 8 dekabr.- S. 18.