Əyyuboğlu İ.
2008-ci il Avropada
"Mədəniyyətlərarası dialoq ili" elan edildi
Avropa İttifaqı
2008-ci ili Mədəniyyətlərarası dialoq ili elan etdi.
Dialoq ili çərçivəsində
keçiriləcək tədbirlərə 10 milyon avronun xərclənməsi
və Avropanın "mədəniyyət səfirləri"
tərəfindən bütün dünya dövlətlərinə
səfərlərin təşkil edilməsi nəzərdə
tutulub. Aİ-nin mədəniyyət məsələləri
üzrə komissarı Yan Fiqel 2008-ci ilin
"Mədəniyyətlərarası dialoq ili" elan edilməsi
ilə bağlı artıq Brüsseldə silsilə tədbirlərin
keçirilməsinə start verildiyini bildirib. Bu il ərzində
bir sıra mühüm proqramların həyata
keçiriləcəyini qeyd edən komissar deyib:
"Mədəniyyətlərarası dialoq fərqli
dəyərlərə sahib olan insanların bir-birilərini daha
yaxşı anlaması və qarşı-qarşıya
yaşamaq əvəzinə birlikdə yaşaması
deməkdir. Bu isə milli, regional və dini qrupların
mədəni baxımdan bütünləşməsini
özündə əks etdirir. Belə bir məkan yaratmağı
bacaracağımıza inanır və hamını bu
çərçivədə əməkdaşlığa
dəvət edirəm". Aİ
mədəniyyətlərarası dialoqu gücləndirmək
üçün 7 böyük layihəyə start verəcək.
İlk layihə çərçivəsində orta
məktəb şagirdləri üçün bu
istiqamətdə müxtəlif mövzularda və
özündə birlik mesajlarını əks etdirən
tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qeyd
edək ki, bu layihə daxilində tədbirlərin keçirildiyi
bölgələrdə yerli və xarici sənət
adamlarının iştirakı ilə müxtəlif
dillərdə mahnı, hekayə müsabiqələri və
konsertlərin təşkili də planlaşdırılır.
Son nəticədə müsabiqələrin qalibləri
Brüsseldə keçiriləcək final mərhələsində
iştirak edəcəklər. Layihənin
təşkilatçılarından - Yəhudi Menihun Fondu ndan
Frederik Çabaud qeyd edib ki, birlik və bərabərlik mesajlarının
veriləcəyi tədbirlərdə bəzən 30
millətin nümayəndələrinin təmsil olunduğu
auditoriyalara baş çəkəcəklər.
Aİ-dən verilən
məlumata görə, "Mədəniyyətlərarası
dialoq ili" çərçivəsində həyata
keçirilməsi planlaşdırılan tədbirlər
üçün qurum tərəfindən ayrılan 10 milyon avronun
6 milyonu İttifaq üzvü olan ölkələrdə
keçirilən proqramlar üçün xərclənəcək.
4 milyon avro isə dialoq ilinin reklam və təqdimatına
yönəldiləcək. Eyni zamanda Avropanın müxtəlif
şəhərlərində bir çox sahələri
əhatə edən sərgilər keçiriləcək. Həmçinin
aralarında məşhur braziliyalı yazar Paulo Koelonun da yer
aldığı "Aİ-nin mədəniyyət
səfiri" rolunu ifa etmək niyyətində olan 7
nəfərlik heyətin bu istiqamətdə dünya
ölkələrinə səfərləri təşkil ediləcək.
Paulo Koeloya görə, Avropa mədəniyyətləri
arasındakı bu dialoq dünyanın başqa regionlarına
da təsirsiz qalmayacaq: "Ümid edirəm ki,
başladığımız fəaliyyət dünyada
tolerantlığın artırılmasına da öz
töhfəsini verəcək. Bu layihənin təsirinin
Çin və ya Tailanda qədər gedib çıxmasına
şübhəm yoxdur".
Qeyd edək ki, Avropada
"mədəniyyətlərarası dialoq" termini
Amerikada "mədəniyyətlərarası
qarşıdurma" tezisinin ortaya çıxmasından sonra
gündəmə gəlib. Bu məsələ 2005-ci ildə
beynəlxalq ictimaiyyətin xüsusi diqqət
mərkəzində olub. Həmin il bu istiqamətdə
"Mədəniyyətlər ittifaqı" layihəsi
də ortaya atılıb. İspaniya və Türkiyə
baş nazirlərinin bu layihəyə rəhbərlik etməsinə
Avropanın əksər dövlətlərindən olan
nümayəndələr razılıq veriblər.
Palitra.- 2007.- 11 dekabr.- S. 6.