Sadıqov
S.
Yaradıcılıqla
zəngin ömrün 80 ili
Azərbaycan
heykəltəraşlıq sənətinə 1950-ci
illərdə gəlmiş və əsərləri bu gün
dünyanın və ölkəmizin müxtəlif
guşələrinə özünəməxsus
gözəllik verən tanınmış sənətkarlardan
biri də Ömər Eldarovdur. Dekabrın 21-də dövrünün ən nüfuzlu
mükafatlar laureatı, Xalq rəssamı, akademik Ömər
Eldarovun 80 yaşı tamam olur. Heykəltəraş tez-tez
özünün yaradıcılığı ilə ictimai
fəaliyyətini birləşdirir. Beş il Milli Məclisin
üzvü olan heykəltəraş fəal surətdə
ictimai işlərlə məşğul olur. Hazırda
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
rektoru olan Ömər Eldarov ölkəmiz üçün
nadir olan bu təhsil ocağının formalaşmasından
ötrü fəal iş aparır. Onun əsərləri
şəhərimizin ümumi memarlıq mühitinin
formalaşmasında böyük rol oynayır. Heykəltəraşın
şəhərimizdə ucaldılan bir-birindən
möhtəşəm abidələrini yada salmaq kifayətdir
ki, Ömər Eldarovun Azərbaycan monumental incəsənətinə
verdiyi töhfələri başa düşək.
Ömər
Eldarovun yaradıcılığında
heykəltəraşlığımızın portret,
monumental, qorelyef və s. sahələri öz inkişaf
mərhələsinə çatıb.
Yaradıcılığa 1948-ci ildə başlayan
heykəltəraş ilk əsərini qəhrəman
Bakı neftçilərinin həyatına həsr
edərək onların ağır, olduqca gərgin
əməyini tərənnüm edib. 1951-ci ildə Leninqradda
Repin adına Rəssamlıq Akademiyasını bitirdikdən
sonra yaradıcılıq işinə ciddi girişən
rəssam ilk dəfə portret sahəsində
özünü sınayaraq görkəmli dramaturq "M. F.
Axundov" (1953), Azərbaycan şairəsi "Xurşudbanu
Natəvan" (1955), rəssam "Səttar
Bəhlulzadə" və s. əsərlərini yaradır.
Ömər
Eldarovun yaradıcılığının aparıcı
sahələrindən birini monumental
heykəltəraşlıq tutur. İlk monumental əsəri
sənət dostu heykəltəraş Tokay Məmmədovla
yaratdığı "Vladimir İliç Lenin" (1957)
heykəli olub. Vaxtı ilə heykəl Sumqayıt
şəhərinin mərkəzi meydanlarının birində
ucaldılıb.
Ömər
Eldarovun yaradıcılığına bələd olanlar
razılaşarlar ki, onun əsərlərində gərgin,
dramatik vəziyyətlərə təsadüf etmək
çətindir. O, daha çox lirik, poetik mövzulara meyl
göstərir. Bu baxımdan heykəltəraş şairə
"Xurşidbanu Natəvan" (1961) heykəlini yaradıb. Bu
əsərdə sənətkarın əvvəlki
əsərlərinin heç birinə
bənzəməyən oryinallığı və məna çalarlığı
ilə seçilən cəhətlər çoxdur.
Heykəltəraş çətin bir işin
öhdəsindən gələrək, müsəlman
qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik
şairə obrazında birləşdirərək təsvir
etməyi bacarıb. Bu gün biz Bakının
izdihamlı yerlərindən birində ucaldılan
"Natəvan" abidəsinə diqqətlə baxanda tamam
başqa bir aləmlə rastlaşırıq. Şairə Natəvanın
obrazında incəlik, nəcibliklə bərabər
Azərbaycanın mübariz qadınlarına xas olan ən ali
duyğuları görmək, mənalı
baxışında bir mütəfəkkirin işıqlı
nəzərlərini hiss etmək mümkündür. Onun hər bir cizgisi paltarının
qırışlarından tutmuş
kəlağayısınadək, əlindəki
qələmdən barmaqlarının vəziyyətinə
qədər - hər şey onu yaradıcı bir obraz,
nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın
kimi gözlərimiz önündə canlandırır.
Hiss edirsən ki, şairə fikir dəryasındadır. O, bu
saat nə isə yazacaq, qəlbinin duyğularını
kağıza köçürəcəkdir. İki küçənin
kəsişmə nöqtəsində yerləşən
heykəlin sağ və solunda klassik memarlıq binaları
və 50-ci illərin tipik eklektik fasadları yerləşir.
Azərbaycan kinoteatrı abidə üçün fon rolunu
oynayır. Kinoteatrın fasadının oyuq
şəkilində həll olunması heykəlin dairəvi
kürsülüyü ilə uyarlıq təşkil edir.
Adama elə gəlir ki, əsər bu
ölçülərdən bir qədər kənara
çıxsaydı, bəlkə də indiki effekti verə
bilməzdi. Heykəltəraş və memar E.
İsmayılov və F.Leonteva heykəli düzgün həll
edərək Natəvanın təntənəli
paltarının qatlarına sanki bir dairəvi hərəkətlik
verməklə fiquru dairəvi qranit kürsülük
üzərində yerləşdiriblər. Qranit
kürsülük milli ornamentlərlə bəzədilib.
Abidə bütövlükdə mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilib və
heykəltəraşlıq sənətimizin Qızıl
Fonduna daxil edilib.
60-cı
illərdə şəhərimizdə ucaldıldılan
ən möhtəşəm abidələrdən biri də
dahi şairimiz Məhəmməd Füzulinin Akademik Milli Dram
Teatrının qarşısındakı monumental
heykəlidir. Şairin 400 illik yubileyi ərəfəsində
keçirilən tədbirlər
çərçivəsində 1958-ci ildə dahi
şairə abidə yaratmaq üçün elan
edilmiş müsabiqədə T.Məmmədov, Ö.Eldarov
və memar H.Muxtarov böyük mütəfəkkir, dahi
şair Füzulinin heykəlini Azərbaycan Akademik Dram Teatrının
(memar H.Əlizadə) fonunda çox uğurlu
yerləşdirib. Heykəltəraşlar bu
işi müvəffəqiyyətlə yerinə yetiriblər.
Şairin üzünün cizgiləri, alnında,
qaşlarının arasındakı xəfif
qırışlar onun gərgin fikirlərlə
yaşadığı və həyəcan keçirdiyi
anları təsvir edir. Böyük
şairin qəlbinin güzgüsü olan gözləri onun
fikirlərə qərq olduğuna nişanədir.
Üzünün sakit ifadəsində bir təmkinlik duyulur.
Şair təbi hərəkətlə sağ əlini
çənəsinə söykəyərək, sol
əlində kitab tutub. Heykəltəraşlar obrazda
dərin fəlsəfiliyə və monumentallığa nail
olaraq, şairi yaradıcılıq ilhamı ilə
yaşadığı anda təsvir etməyi bacarıblar.
Füzulinin tam fiquru kürsülüklə vahidlik
təşkil edir. Qranitdən olan kürsülüyün
aşağı hissəsi yonulmamış
saxlandığından o təbii qayanı xatırladır. Bu
təbii qaya kimi nəzərə çarpan qranitdə Leyli
və Məcnun obrazları qoreleyef şəklində əks
etdirilib.
Heykəltəraşların
"Füzuli" heykəli 1963-cü ildə SSRİ
Rəssamlıq Akademiyasının gümüş medalına
layiq görülüb.
Bundan sonra
Ö.Eldarov "Analıq", "1905-ci il", Azərbaycan
qadınlarının azadlığa çıxmasını
təsvir edən dörd fiqurlu "Oyanma" və s.
kompozisiyalarını yaradıb.
Görkəmli
rəssam monumental heykəltəraşlıq sahəsində
yorulmaq bilmədən çalışıb. Onun Böyük
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş
həmyerlilərimizin xatirəsini əks etdirən 77-ci
atıcı diviziyanın şərəfinə ucaldılan
heykəltəraşlıq və memarlıq kompleksini buna misal
göstərmək olar. Bundan sonra
heykəltəraş Tacikistan ədəbiyyatının banisi
Sədrəddin Ayininin heykəlini
müvəffəqiyyətlə yaradıb. Ömər Eldarov
memarlar A.Aqaronov və V.Kərimovla birlikdə
yazıçının anadan olmasının 100 illiyi
münasibəti ilə əlaqədar abidəni
Düşənbə şəhərində ucaldıblar.
Heykəl
ilə ətraf mühitin sintezindən yaranan uğurlu
abidələrdən biri də Ömər Eldarov
tərəfindən şəhərimizdən ucaldılan,
kompozisiya və plastik həllinə görə maraqlı olan,
"Çaparidze" (1980) heykəlidir (memar R. Əliyev).
Ölkəmiz
müstəqillik əldə etdikdən sonra Ömər
Eldarovda heykəltəraşlıq xəzinəsinin
zənginləşdirməsində yorulmaq bilmədən
yeni-yeni obrazlar yaradıb. Onun müstəqil Azərbaycan
heykəltəraşlığında ilk uğuru 1993-cü
ildə Bakının gözəl guşələrinin birində
böyük şair və dramaturqumuz, 37-ci il
repressiyasının qurbanı oan Hüseyn Cavidin monumental
abidəsidir. Ö. Eldarov beş illik gərgin əməyinin
nəticəsi olaraq, möhtəşəm monumental
fəlsəfi-romantik kompozisiya quruluşlu abidə yaratmağa
müvəffəq olub (memarlar R.Əliyev və Y.Qədimov).
Heykəltəraş burada çox maraqlı kompozisiya
quruluşu tapıb. Bu abidədə ədib dərin
düşüncələrə dalan, zəngin zəka
sahibinə malik olan bir insanı xatırladır. Cavidin fiquru,
onun əsərlərində yaratdığı simvolik
obrazların əhatəsində ucaldıldılıb. Burada
bir-birinə qarşı çıxan iki qüvvə, iki
obraz: Ana və İblis üz-üzə dayanıb. İblis
məkr, zülmət rəmzidir. Məhəbbət,
səmimiyyət, xeyirxahlıq rəmzi olan Ana obrazı isə
fəlakətə uğrayan insanları sanki şər
qüvvələrin əlindən xilas etməyə
çalışdığı anda təsvir olunub. Bu iki
qüvvə arasında daim mübarizə gedir.
Kompozisiyanın belə tərzdə qurulması,
heykəltəraş tərəfindən ədibin
yaradıcılığını yetərincə
qavramasından irəli gəlir. Abidənin ümumi
hündürlüyü on metrə yaxındır. Onun
kürsülüyü üzərində Cavidin
əsərlərindən fraqmentlər həkk edilib. Abidə
bütövlükdə yerdən bir qədər
hündürlükdə olan kürsü üzərində
yerləşdirilib. Fərəhli haldır ki, böyük
Cavidin bu möhtəşəm abidəsi, ilk dəfə olaraq
Bakıda Rəssamlar İttifaqının istehsalat
yaradıcılıq kombinatında tuncdan tökülüb.
Ömər
Eldarovun yaradıcılığında memorial xatirə
heykəltəraşlığı da aparıcı
yerlərdən birini tutur. Onun rəssam
"Səttar Bəhlulzadə", mütəfəkkir
şair "Hüseyn Cavid", görkəmli həkim,
oftalmoloq-alim "Zərifə Əliyeva", ümummilli lider,
prezident Heydər Əliyevin qəbirüstü
abidələrini yüksək bədii həll vasitəsi
ilə ucaltdığını göstərə bilərik.
AMEA-nın
həqiqi üzvü, həkim, oftalmoloq Zərifə
Əliyevanın obrazının yaradılması
üzərində işə başlayan Ömər Eldarov uzun
axtarışdan sonra 1989-cu ildə müəllif eskiz
üzərindəki işini iki mərmər blokda həyata
keçirir. Kresloda əyləşmiş qadının plastik
fiquru, sakit müstəvilər vasitəsi ilə həll
edilmiş, paltarın formaları bədəni azad və
geniş əhatə edərək, tədricən
kürsülüyə keçir. Ö. Eldarovun yaradıcılığına
məxsus bütün xarakterik cəhətlər
"Elegiya" (Z.Əliyevanın portreti belə
adlanırdı) əsərində toplanaraq qabarıq
şəkildə özünü göstərir. Bir
sözlə, bu işdə o, diqqəti lazımı
nöqtəyə yönəltmək qabiliyyətini, ən
əsası, plastikanın dekorativ mənimsənilməsini,
kompozisiyanın ritmik inkişaf yolunu və lirikliyini vəsf
etməyə nail olub.
1995-ci ildə
Fəxri Xiyabanda ucaldılan müəllifin "Elegiya"
adlandırdığı bu tunc abidənin ifadəliyinin
tamaşaçıya layiqincə
çatdırılmasında memar Elbəy Qasımzadənin
də xidmətini qeyd etmək vacibdir. Heykələ
ayrılan sahə ilə orada əkilən münasib
ağacların və yaşıllıq qazonunun
düşünülmüş əlaqəsi zaman
keçdikcə yaranmış tünd və açıq
rəngli çalarların vəhdəti,
işıq-kölgə oyunu obraza daha böyük emosional
təsvir verir, onun işıqlı xatirəsini yaşadır.
Sənətşünaslıq
doktoru, professor Cəmilə Novruzova Ö. Eldarovun
yaradıcılığı haqqında yazır:
"Tişə sənəti tarixindən aydın olur ki,
hər bir heykəltəraş yaratdığı
əsərdə qəhrəmanın müəyyən bir
cəhətini daha qabarıq verməyə
çalışıb. Bu baxımdan Ömər insan
sifətini daha qabarıq göstərməklə
bərabər daxili xüsusiyyətlərini də
göstərmişdir. Həmçinin Tokay
Məmmədovla Ömər Eldarovun
yaradıcılığı arasında müəyyən
fərqlər var. Əgər Ömərin
əsərlərinə lirik bir sakitlik, poetik ruh hakimdirsə,
dinamizm və daxili ekspressiya kimi keyfiyyətlər Tokayın
əsərlərinin canıdır".
Görkəmli
heykəltəraşın 80 yaşının tamam olması
münasibətlə sənətkara uzun ömür, can
sağlığı və yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!
Kaspi.- 2007.- 19 dekabr.- S. 16.