Babayeva T.

 

Qar üstündə yeni ayaq izləri

 

Kinematoqrafiyada "gənc" anlayışı nisbi xarakter daşıyır. Qırx yaşında da rejissor gənc sayıla bilər. Çoxları isə elə bu yaşda debüt etmək imkanı qazanırlar. Bir müddət milli kinematoqrafiyada gənc və yaşlı nəsil arasında çəkiliş meydanı uğrunda qızğın mübarizə gedirdi.
Dövlət büdcəsi hesabına çəkilən filmləri müvafiq kino qurumu gənclərə etibar etmirdi. "Saçları ağaran" gənclər isə kino lenti arzusu ilə yaşayır, yaradıcı potensiallarının məhv olmasından şikayətlənirdilər. Nəhayət, Mədəniyyət və Turizm Nazirliyi gənclərə hesablanmış layihələrini həyata keçirməklə bu gərginliyə "su çiləyir". Özlərini sənədli kinoda təsdiqləmiş gənc rejissorlara qısametrajlı bədii filmlər həvalə edilir. Bu sınaqdan uğurla çıxanlar da var, çıxmayanlar da. Gənc rejissor Asif Rüstəmov birincilərdəndir. O, çəkdiyi "Ev" filmi ilə özünü perspektivli kinorejissor kimi göstərdi. Qırğızıstanda "Dağ bülluru", Qazaxıstanda "Avrasiya" beynəlxalq kinofestivallarında, MDB və Baltikyani ölkələrin kinematoqrafiyalarının IX Forumunda iştirak etmiş "Ev" bu günlərdə İtaliyada keçirilən "Asiatica Film Mediale" festivalından qayıdıb. Film festifalda “Tamaşaçı simpatiyasına görə” mükafata layiq görülüb. Həmsöhbətimiz filmin rejissoru Asif Rüstəmovdur.
- Festivalın adından belə məlum olur ki, orada yalnız Asiya filmləri nümayiş olunub///...
- Elədir. Festival Asiyanın Yaponiyadan tutmuş İrana qədər olan bütün ölkələrini əhatə edirdi. Postsovet ölkələrindən isə festivala Qırğızıstan və Azərbaycan filmləri qatılmışdı. Azərbaycanı mənim filmimlə yanaşı, həm də İranla müştərək çəkilmiş Babək Şirinsifətin "Rami" filmi təmsil edirdi. Festival Asiya filmlərinin Avropada yayımını təşkil etmək, onları tanıtmaq məqsədi daşıyırdı.
- Tamaşaçılar "Ev"i necə qarşıladılar?
- Məncə, film yaxşı qarşılandı. "Ev" qısametrajlı olsa da, festivala tammetrajlı film kimi qoşulmuşdu. Çünki Avropa standartlarına görə, qısametrajlı filmlərin dramaturji quruluşu bizim qəbul etdiyimiz qısametrajlı film ənənələrindən fərqlənir.
Yəni, onlarda bir hadisə çox qısa, yığcam və lokanik formada çatdırılır. Ona görə də beynəlxalq festivallarda "Ev" tammetrajlı filmlərin sırasına salınır. Bu festivalda iştirak etmək mənim üçün çox maraqlı idi.
- Müsabiqəyə qatılan filmlərə baxdıqda Asiya kinosunda hansısa tendensiyanı müşahidə etmək mümkündür? Şərq rejissorlarını daha çox nələr maraqlandırır?
- Müsabiqədə iştirak edən filmlərin əksəriyyətinə baxdım. Amma hansısa bir tendensiyanı qeyd etmək qeyri-mümkündür. Onların müraciət etdiyi mövzuların palitrası çox rəngarəng idi. Bir-birinə qonşu ölkələr olsalar da, toxunduqları mövzular tamamilə fərqlənirdi. Yəqin ki, bu, festival təşkilatçılarının film seçmək meyarlarından irəli gəlirdi.
- Həmin filmlərlə müqayisədə müasir Azərbaycan kinosunun səviyyəsini necə qiymətləndirmək olar?
- Müasir Azərbaycan kinosunun səviyyəsindən danışmaq mənim üçün çətindir. Bu, tənqidçilərin işidir. Yalnız onu deyə bilərəm ki, festivalda baxdığım filmlər çox xoşuma gəldi. Kifayət qədər gözəl filmlər idi. Publika əsasən, Hindistan filmlərinə fokuslanmışdı. Bu filmlər bizim öyrəşdiyimiz stereotipdən tamamilə fərqlənirdi. Məsələn, istənilən ölkənin prokatında uğur qazana biləcək bir hind komediyası nümayiş olundu. Məncə, festival məqsədinə çatdı. Tamaşaçıya onun yaxşı tanımadığı, bu vaxta qədər kəşf etmədiyi filmləri təqdim etdi.
- "Ev" sənin debütün olsa da, uğurlu alınıb. Sən bu filmi "Dərviş" prodüser mərkəzində lentə almısan, filmin prodüseri isə sənədli filmlər rejissoru kimi ad çıxarmış Əli İsa Cabbarovdur. Bəziləri düşünə bilər ki, filmin uğurlu alınmasında Əli İsanın səyləri sənin səylərindən daha çox rol oynayib. Bu üzdən müstəqil film çəkmək fikrin yoxdur?
- Sözün düzü, bunu eşitmək mənim üçün yenilikdir. Təbii ki, filmin ərsəyə gəlməsində Əli İsanın, Aynurun da böyük rolu var. İşbirliyində bir-birimizə kömək edirdik. Amma rejissorluq baxımından işimə müdaxilə edən olmayıb. Kiminsə fikrinə görə Əli İsa ilə işbirliyinə son qoymaq doğru olmazdı. Onun kölgəsində qala biləcəyimdən qorxmuram və bu üzdən əməkdaşlığımıza son qoymağı zəif iradə nümayiş etdirmək sayıram. Hər halda düşünmürəm ki, məni tanıyanlar, bundan əvvəlki işlərimi görənlər belə düşünsünlər. Hələlik, bizim Əli İsa ilə yaradıcı maraqlarımız üst-üstə düşür və işbirliyimiz xeyir gətirir. Bu nə qədər ki, belədir, birlikdə işləyəcəyik. O ki, qaldı müstəqil layihə həyata keçirməyə, hələ buna ehtiyac duymuram. Mənə prodüserlə işləmək daha rahatdır. Çünki təşkilati problemlər artıq başağrısı, yaradıcılığa mənfi təsir edən amillərdir. Onlardan qurtulmaq üçün istənilən yaradıcı insanın prodüserə ehtyacı var.
- Müasir dövrdə kino həm də biznesin gəlirli sahəsi hesab olunur. Filmlərindən gəlir götürməyi planlaşdırırsan?
- Filmlərimlə pul qazanmaq istəyirəm. Amma soyuq başla baxanda, görürəm ki, mənim filmimlə pul qazanmaq mümkün deyil. Məsələn, İtaliyada olarkən tamaşaçıların ümumi reaksiyasına, onların daha çox hansı filmlərə meyl göstərdiklərinə diqqət etdim. Tamaşaçılar daha çox dəbdə olan mövzulara baxırlar. Məncə, gördüyüm iş həmin çərçivələrə sığmır. Ona görə də, tamaşaçı simpatiyasına görə mükafat alacağımı gözləmirdim.
- "Ev" filmindən bütünlüklə razısan?
- Xeyr, hər dəfə baxdıqca, səhvlərimi görürəm və daha az xoşuma gəlir. İndi filmə daha obyektiv baxa bilirəm. Hər baxışda da daha çox səhv tapıram. Odur ki, həmin səhvləri düzəltmək üçün tezliklə yeni bir film çəkmək istəyirəm.
- Planda nə isə var?
- Hazırda, İlqar Nəcəflə bir layihə üzərində işləyirik. Ramiz Fətəliyevlə birlikdə ssenarini təkmilləşdirmişik. Əgər Mədəniyyət və Turizm Nazirliyi bu layihəyə maliyyə vəsaiti ayırarsa, ola bilər ki, həmin filmi İlqar Nəcəflə birlikdə çəkdik.
- İran kinosunun uğuru bəlkə də ondadır ki, orada rejissorlar qeyri-peşəkar aktyorlarla işləməyə üst
ünlük verirlər. Sənədli filmlər çəkdiyin üçün sənin də bu baxımdan təcrübən var. Bədii filmlərdə bu təcrübədən istifadə etmək fikrin yoxdur?
- Qeyri-peşəkarlarla iş zamanı əsas kastinq problemi ilə üzləşirsən. Çünki filmdəki tipaja uyğun qeyri-peşəkar aktyoru tapmaq çətin məsələdir. İstənilən insan özünü oynaya bilər. Ona görə də ssenaridəki tipajı həyatda tapmaq mümkün olarsa, həmin adamın oyunu peşəkar aktyorun oyunundan maraqlı alına bilər. Sadəcə olaraq, həmin tipajı həyatda tapmaq çətindir, çox vaxt aparır. Mənə isə aktyorla işləmək daha maraqlıdır. Çünki burada yaradıcılıq imkanları daha çoxdur.
- Son zamanlar Azərbaycan kinosunun dirçəlməsi haqqında fikirlər səslənir. Amma çəkilən filmlərin bədii keyfiyyəti bu fikrin doğruluğunu şübhə altına alır. Yaşıdlarının potensialını necə qiymətləndirirsən? Səncə, Azərbaycan kinosu heç olmasa, yaxın xaricdə sözünü deyə biləcək?
- Mənə elə gəlir ki, dirçəliş deyəndə, kino sənayesindəki canlanma nəzərdə tutulur. Bir neçə il əvvəl ildə cəmi bir-iki film çəkilirdisə, indi çəkilən filmlərin sayı artır. Gənclər tam olmasa da, müəyyən dərəcədə bu prosesə inteqrasiya olunurlar. Hərçənd, böyük kinonu yaşlı, peşəkar nəslin çəkməsi stereotipi qalır. Gənclər isə hələ ki gözləyirlər. Perspektiv isə var. Gənc rejissorlar bir neçə film çəkirlər, onların nəticəsini gözləyirik. Məsələn, Elçin Musaoğlu "40-cı qapı"nı çəkir. Yaxın vaxtda film təhvil verilməlidir. Səbirsizliklə filmi gözləyirəm. Düşünürəm ki, kifayət qədər uğurlu film olacaq. Əli İsa Cabbarov da qısametrajlı bədii filmini tamamlamaq üzrədir. Məncə, kifayət qədər istedadlı gənc rejissorlarımız var.
- Gürcüstanın, Qazaxıstanın gənc rejissorları çox asanlıqla əcnəbi prodüserlərlə işbirliyi qurur, xarici ölkələrlə ortaq filmlər istehsal edirlər. Amma bizim kinoya əcnəbi prodüserləri cəlb etmək qəliz məsələdir...
- Bunun səbəbini yəqin ki, əcnəbi prodüserlərin özü daha yaxşı bilir. Ola bilər, bizim layihələr onlara maraqsız görünür. Burada bir amil də xüsusi rol oynayır. Bir var, qara bata-bata gedirsən, bir də var, səndən əvvəlkilərin açdığı cığırla gedirsən. Asiya, Gürcüstan kinosunu Avropada kifayət qədər tanıyırlar. Bir gürcü prodüseri mənə maraqlı fakt dedi. Sən demə, bəzi turistlər Gürcüstana yalnız ona görə gəlirlər ki, ora İoselianinin vətənidir. Onun hansı ölkədə doğulduğunu, hansı mühitdə yaşadığını bilmək üçün. Təəssüf ki, Azərbaycan kinosu Avropada gürcü kinosu qədər məşhurlaşmayıb, tanınmayıb. Qazax kinosu isə ötən əsrin 80-ci illərindən digər ölkələrlə ortaq filmlər çəkir. Bzdə bu proses hələ başlamayıb. Bəlkə bundan sonra sözügedən məsələdə hansısa addımlar atıldı.

 

Xəzər.- 2007.- 1 dekabr.- S. 18.