"Cavid
ömrü" bədii filmi "iblisəmi uymuşdu
bəsəriyyət?" sualına tam cavab verir
Dekabrın 13-də Teatr
Xadimləri İttifaqının səhnəsində
böyük mütəfəkkir Hüseyn Cavidə həsr
olunmuş "Cavid ömrü" filminin premyerası
olmuşdur.
Tədbirdə Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki,
ötən əsrin 30-cu illərində törədilən
qanlı repressiya söz, sənət xadimlərinə,
işıqlı təfəkkür sahiblərinə qənim
kəsilmişdi. Repressiya qurbanlarından biri də dramaturq,
pedaqoq, görkəmli şair Hüseyn Cavid olmuşdur. Bu
gün nümayiş etdirilən "Cavid ömrü"
bədii filmi unudulmaz şəxsiyyətin ömrünün,
taleyinin, iztirablarının, cəfalarının təsvirini
özündə əks etdirir.
Nazir demişdir ki,
rəhbərlik etdiyi qurum tərəfindən
araya-ərsəyə gətirilmiş film ilk olaraq H.Cavidin ad
günündə dünyaya göz açdığı
Naxçıvanda nümayiş etdirilmişdir.
Tədbirdə, ekran əsərinin ssenari müəllifi, xalq yazıçısı Anar, filmin quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğlu çıxış edərək bildirmişlər ki, burada təsvir edilmiş kadrlar, təsvirlər, hadisələr inandırıcı şəkildə lentə alınmışdır. Tamaşaçılar 70 il əvvəl baş verən qanlı olaylara qüssəli, kədərli, amma həyat həqiqəti təki baxacaq, ulu şairin düçar olduğu dərdə mənən, ruhən şərik çıxacaqlar.
Sonra film nümayiş etdirilmişdir.
Filimdə Hüseyn Cavid obrazını xalq artisti, Rasim Balayev şairin sədaqətli ömür-gün yoldaşı Mişkinaz xanımın rolunu aktrisa Dilarə Əliyeva, Mircəfər Bağırov obrazını xalq artisti Ramiz Novruzov yaratmışlar.
Ekran əsərində boyük
sevgi ilə yaşayıb-yaradan Hüseyn Cavidin, onun qələm dostlarının - Əhməd
Cavadın, Mikayıl Müşfıqin, Abbas Mirzə Şərifzadənin,
Salman Mümtazın və başqalarının
başları üstündə
Domokl qılıncı
kimi asılan sərt rejim haqlı olaraq tamaşaçılar
tərəfindən nifrətlə
qarşılanmışdır. Tarixi həqiqətlərə
uyğun çəkilmiş
bu ekran əsərində tamaşaçı
Hüseyn Cavidi ağır, dözülməz
vəziyyətdə də
müdrik, dərin düşüncəli, dözümlü
görür. Zamanın
iztibarlarına, məşəqqətlərinə
tab gətirmiş, əyilməmiş, sınmamış
Mişkinaz xanımın,
Ərtoğrolun, Turan
xanımın ən çətin məqamlarda
belə qürurlu olmaları diqqət çəkir. Filim "İblisəmi uymuşdu bəşəriyyət?" sualına
tam dolğun cavab verir.
Respublika.- 2007.- 14 dekabr.- S. 8.