Əsilbəyli X.
Yarımçıq
qalmıs müsahibə...
Arzularımdan biri tanınmış rejissor Rasim Ocaqovla görüşmək idi. Görüşdüm. Çox dalğın görünürdü. Amma səmimiyyətindən qalmayan rejissor suallarımızı məmnuniyyətlə cavablandırdı.
Söhbətimizin şirin yerində telefon zəngi gəldi. Və dönə-dönə üzr istəyib "mən getməliyəm" dedi. Onsuz da səhhətində problem olan Rasim müəllimi daha narahat etmək istəmədim və düşündüm ki, bir neçə gündən sonra yenidən görüşüb söhbətimizi davam etdirərik. Amma xəstəlik aman vermədi. Müsahibim nasaz olduğundan görüşümüz uzanırdı. Və günlərin birində eşitdim ki, o, dünyasını dəyişib... Təbii ki, yarımçıq qalmış müsahibəni hazırlamaq mənimçün çox çətin oldu. Bu gün Rasim müəllimin son və yarımçıq müsahibəsini sizlərə çatdırmağı özümə borc bildim.
- Bu gün kino sahəsində hansısa irəliləyişdən danışmaq o qədər də mümkün deyil. Ancaq mənə elə gəlir ki, ümid yeri var. Yavaş-yavaş filmlərimizin sayı çoxalır. İtirmək yox, qorumaq lazımdır. Çünki qurmaq çox çətindir, dağıtmağa nə var ki... Kinomuzun inkişafına mane olan bir sıra problemlər mövcuddur. Və işınə məsuliyyətlə yanaşan hər bir yaradıcı insan bu problemlərdən çox danışıb və danışır da.
Sözsüz, ən böyük
problem maliyyədir, puldur. Kinonu inkişaf etdirmək,
yaxşı kino məhsulu görmək istəyiriksə, buna
maliyyə vəsaiti lazımdır. Kinomuz bu gün çox
pis vəziyyətdədir. Təsəvvür edin ki, bu gün
bizdə yaxşı texnika, avadanlıq yoxdur. 40-50 il bundan
öncə işlədilən texnika ilə bu gün
işləmək, təbii ki, mümkün deyil. Yaxşı
kino çəkmək üçün yaxşı pavilyon lazımdır.
Özünüz deyin, bu gün bizdə kino sahəsinə
ayrılan vəsaitlə hansı irəliləyişdən,
yaxşı fılmdən danışmaq olar? Bilirsiniz,
dünya bazarına girmək asandır, yerimək
çətin. Dünya bazarında kinomuzun yeriməsi
üçün ilk növbədə vəsaitimiz yetərincə
olmalıdır. İrimiqyaslı filmlər çəkmək
lazımdır ki, belə filmlərlə tamaşaçı
yığıb maraq yarada biləsən. Əks halda
mənzərə ürəkaçan olmayacaq da...
- Son
dövrlər belə fikir yaranıb ki, maliyyə yalnız
müəyyən rejissorların filmlərinə
ayrılır...
- Mən belə fıkirlərlə razılaşmıram.
Bu gün rejissorlarımızdan heç birinə qarşı
ayrı-seçkilik olduğunu hiss etməmişəm. Sadəcə,
ümumi şəkildə kinoya laqeyd münasibət var.
Könül istərdi ki, kinoya diqqət, maraq çoxalsın.
Dövlət kino sahəsinə qayğısını
göstərsə, yetərincə maliyyə ayrılsa, kinomuz
inkişaf edəcək.
Ümumiyyətlə,
professionallıqdan danışırıqsa, bu gün bizdə
bu, aşağı səviyyədədir. Professionallar
demək olar çox azdır. Əvvəllər hər il kino
institutlarına adamlar göndərilirdi,
öyrənirdilər. Hər il 3-4
peşəkar Azərbaycana gəlirdisə, görün bu, yaradıcılığa nə qədər kömək edirdi. Kadrlarımız var, təəssüf ki, səviyyə yoxdur. Bu gün nə səviyyəli rejissor yetişir, nə də aktyor, aktrisa. Aktyor potensialımız tükənir. Bir filmin özünü təsdiqləməsi üçün təkcə maliyyə durumunun yaxşı olması kifayət etmir. Əgər filmdə aktyor ona həvalə olunan obrazı tam mənada yarada bilmirsə, xarakter baxımından obraza girməyi bacarmırsa, o filmin uğurundan danışmağa dəyməz. Yaxşı aktyorun yetişməsi üçün isə təkcə nəzəri bilik yetərli deyil. Yaxşı aktyor çəkiliş meydançasında yetişir. Çözüm yoluna gəldikdə isə, sadəcə, ümid edirik. Düşünürük ki, gələcəkdə yaxşı ola bilər. Son dövrlər dövlət səviyyəsində kinoya az-çox qayğı hiss olunur. 4-5 il bundan qabaq bu da yox idi. Bu gün dövlət tərəfindən ildə 2-3 filmə pul ayrılırsa, bu da müəyyən dərəcədə inkişafdan xəbər verir.
- Gəlin etiraf edək ki, yaxşı film üçün həm də gözəl ssenari lazımdır. Bizdə bu gün peşəkar ssenaristlər varmı?
- Ssenaristlər var, sadəcə, onlara
pul buraxmaq lazımdır ki, onlarda stimul yaransın,
səviyyəli ssenarilər təqdim etsinlər.
Sözsüz, 15 il öncə olan durumla bu günü
müqayisə edirsinizsə, bu sahəmiz də
"axsayır". Bir az səviyyə aşağı
düşüb. Yenə deyirəm,
əsas bu deyil. Kinoya vəsait lazımdır - pulsuz heç nə etmək
mümkün deyil. Kinostudiyanın vəziyyəti hamıya
bəllidir. Oradakı mühit elə vəziyyətdədir ki, ən professional
rejissor belə
çıxılmaz vəziyyətdə qalıb.
- Rasim Ocaqovun şəxsi yaradıcılığında necə, yeniliklər varmı?
- Bu gün səhhətimlə
əlaqədar işləməyə icazə vermirlər. Bir
az ürəyim nasazdır... Ancaq bu yaxınlarda bir təklif
almışam. Mehriban Ələkbərzadə
yazıçı Çingiz Abdullayevin ssenarisi əsasında
film hazırlayır. Mən o filmdə
məsləhətçiyəm. Səhhətim imkan versə,
Rüstəm İbrahimbəyovun povesti əsasında film
çəkmək arzusundayam...
Həftə içi.- 2007.- 13 dekabr.- S. 6.