Məhərrəmova T.
Kinomuzun
ikinci nəfəsi
Dövlətin bu sahəyə
yönəlik siyasətini bu cür təsnifləyən
kinoreyissor Əlisa Cabbarov iş
adamlarının film çəkilişinə
sponsorluqdan min bir bəhanə ilə yayınmasından
narahatdır
Bu
günlərdə ölkəmizdə keçirilən II Milli
Turizm Filmləri Festivalı başa çatıb. Müsabiqə proqramını 2004-2007-ci
illərdə istehsal edilmiş turizmlə bağlı
müxtəlif növ film, reklam çarxları, televiziya
proqramları əhatə edib. Festivalın
təşkilat komitəsinə təqdim edilən 60-a yaxın
audiovizual əsərdən 37-sinə baxış
keçirilib.
Festivalın
Qran-pri nominasiyasına - "Qızıl səyyah"
mükafatına reyissor Əlisa Cabbarovun
"Küsnək" filmi layiq görülüb. Reyissorun rəhbərlik etdiyi "Dərviş"
Prodüser Mərkəzinin istehsalı olan "Ev" filmi
isə xaricdə keçirilən festivallara dəvət
alıb.
- Turizm festivalının
"Qran-pri" mükafatına layiq görülən
"Küsnək" filmi 2005-ci ildə "Telefilm"
Yaradıcılıq Birliyində mənim reyissorluğumla çəkilib.
Film bir neçə dəfə Azərbaycan
televiziyası ilə nümayiş etdirilib. Asif Rüstəmovla Ramiz Fətəliyevin
reyissorluğu ilə çəkilən "Ev"
filmində isə prodüser vəzifəsini icra
eləmişəm. Film artıq
İtaliyada və Avstriyada keçirilən festivallarda
nümayiş etdirilib; Romada keçirilən "Aziatik
mediali" festivalında "Tamaşaçı
rəğbəti" mükafatı qazanıb. Gələn ilin əvvəllərində isə
Noterdam, İsveç və Fransada keçiriləcək
festivallara rəsmi dəvət almışıq. Onu da
qeyd edim ki, Fransada hər il
keçirilən beynəlxalq qısametraylı filmlər
festivalında son 12 ildə Azərbaycandan heç bir film
iştirak etməyib. Təkcə 1995-ci ildə
Yavər Rzayev "Sarı gəlin" filmi ilə festivala
qatılıb və mükafat qazanmayıb. "Ev" filmi fevral ayında həmin
mötəbər festivalda iştirak edəcək.
-
Əgər kommersiya sirri deyilsə, filmin istehsalına nə
qədər pul ayrılıb?
- Dövlət üç filmin
çəkilməsi üçün tender elan edərək,
hərəsinə 30 min manat pul ayırdı. Qısametraylı
filmlər üçün bu, normal vəsaitdir. Filmin ssenari müəllifi Asif Rüstəmov olsa da,
ssenarinin işlənməsinə tanınmış
kinodramaturq Ramiz Fətəliyevi dəvət etdik. Çünki adətən əsas qüsurlar ssenari
ilə bağlı olur. Ramiz müəllim
ssenarini bəyəndi və təkmilləşməsinə
kömək göstərdi. Filmdə
əsas ideya əbədi və yeni dəyərlərdir.
Filmin yaradıcı heyətinə
tanınmış rəssamlar Rafiz İsmayılov, Rafiq
Nəsirov, ikinci reyissor Çingiz Həsənov, prodüser
Aynur Mustafayeva daxildir. Filmdə əsas
rolları gənclər - Pantomim Teatrının reyissoru Rasim
Cəfərov və
İncəsənət-Mədəniyyət Universitetinin III
kurs tələbəsi Təranə Əliyeva oynayır.
Filmin musiqisini Xəyyam Mirzəzadə yazıb.
İtaliyada məhz filmin musiqisini xüsusi qeyd
etdilər.
- Reyissor kimi
tammetraylı film çəkmək planlarınız varmı?
- "Albalı"
tammetraylı filminin reyissoruyam. Film başa çatmaq
üzrədir. Bu filmin ssenarisi
Mədəniyyət və Turizm Nazirliyinin "Gənc
reyissorlara dəstək" layihəsində qalib gəlib.
Hazırda filmin musiqisi yazılır. Bu dəfə də Xəyyam Mirzəzadə ilə
işləməyə üstünlük vermişik.
-
Prodüser Mərkəzi tərəfindən verdiyiniz
ideyaların hamısı bəyənilirmi?
- Təbii ki, hamısının
bəyənilməsi mümkün deyil. Pul
dəstəyi qazanan layihə heç də yaxşı
layihə demək deyil. Pul qazanmayan
layihə isə heç də pis ideya demək deyil. Hələlik Mədəniyyət və Turizm,
Gənclər və İdman nazirlikləri ilə dil tapa
bilirik. Açıq Cəmiyyət
İnstitutu da bizim bir-iki layihəmizi dəstəkləyib.
"Narkomaniya və gənclər"
mövzusunda sənədli filmin reyissoru da Asif
Rüstəmovdur. Ümumiyyətlə,
indiyə qədər kinonu maliyyələşdirən
strukturlar bizim layihələrimizi dəstəkliyib. Təbii ki, dəstəklənməyən
layihələrimiz də olub. On layihədən
üçü dəstəklənirsə, bu, təbii bir
şeydir. Mədəniyyət Nazirliyi yenə
də kino çəkilişi üçün müsabiqə
elan etmişdi. Ancaq biz ssenari
qıtlığı ilə üzləşdik. Hər hansı bir xalq
yazıçısının, reyissorun və ya yurnalistin
ssenarisi hələ kino ssenarisi demək deyil. Peşəkar, filmin bütün
tələblərinə cavab verən ssenari olması və
maliyyə vəsaitinin axtarılma mexanizmini qaydaya salmaq
əsas problemdir. İngilis dilini
bilməmək də işimizdə problem yaradır. Film çəkilişi üçün vəsaitin
tapılmasında ingilis dilini yüksək səviyyədə
bilmək vacibdir.
- Bəs "Qadın
həbsxanasında metomarfozalar" adlı layihənizin
icrası nə səviyyədədir?
- Layihənin montayını başa
çatdırmışıq, ancaq təqdimatını
keçirə bilməmişik. Təbii ki,
çətinlik maliyyə ilə bağlıdır. Bu, prodüserlərin təşəbbüsü
ilə çəkilən filmdir. Biz
həmin filmin çəkilişlərinə maliyyə
dəstəyi tapmamış başladıq. İndi isə müəyyən bir vəsait
lazımdır. Biz də onu
axtarırıq. Bu, maliyyə
cəhətdən özünü tapmayan bir layihədir.
-
Layihələrinizin hamısına Mədəniyyət
Nazirliyi tərəfindən vəsait ayrılır?
- Təkcə
Mədəniyyət Nazirliyi tərəfindən dəstək
almırıq.
"Edem-2006" layihəsini Gənclər
və İdman Nazirliyi dəstəklədi. Dini icmalarla bağlı layihəni BMT İnkişaf
Proqramı maliyyələşdirdi. Əsas
məqsədlərimizdən biri Avropada, Amerikada kinonu
maliyyələşdirən fondların marağını
Azərbaycan kinosuna cəlb etməkdir. Hələlik
onlarla iş birliyimiz olmayıb. Birgə
istehsalat problemlərin çoxunu həll edər.
- Vəsait
axtarışı zamanı çoxmu maneələrlə
qarşılaşırsınız?
- Qərb fondları Azərbaycana dair
mövzularda ekzotika və ya cəmiyyətin həyatında
problemli məsələlər axtarır. Yəni
hər bir fondun öz maraqları var. Dövlət təbii ki,
öz imicinə müsbət təsiri olan mövzular
istəyir. İstənilən Qərb
fonduna bütün dünyadan yüzlərlə,
minlərlə layihələr təqdim olunur. Həmin layihələrdən yalnız 5-10-u
dəstəklənir. Bu, böyük
lotoreya oyununa bənzəyir. Orda
dəstək qazanmaq çox çətindir. Burda şəxsi münasibətlər, ingilis dilini
bilmək, layihəni tərtib etmək, dizayn və bu kimi
digər amillər mühüm əhəmiyyət
daşıyır.
- Onda belə
çıxır ki, siz öz ideyalarınıza yalnız
xaricdən dəstək tapmağa üstünlük verirsiniz?
Burda deyəsən həmçinin əsasən
maliyyə məqsədi güdülür. Yəni onlar daha tez və yaxşı
məbləğdə maliyyə ayıra bilərlər?
- Hazırda ölkəmizdə kinoya
kifayət qədər vəsait ayrılır və onun
həcmi ilbəil çoxalır. Ancaq birgə
istehsalatın üstünlüyü ondadır ki, bu variant
filmlər üçün sonradan xaricə satılmağa,
yayılmağa imkan yaradır. Məsələn,
Fransa ilə birgə istehsal olanda artıq Fransa bazarı
maraqlanır. Ona görə də birgə
istehsalata maraq təkcə maliyyə dəstəyi ilə
bağlı deyil. Bu filmin
gələcək taleyi baxımından da
əhəmiyyətlidir. Maliyyə
məsələsi həll olunduğu halda da xarici
ölkəni cəlb etmək məsləhətdir.
Hətta xarici ölkə heç maliyyə vəsaitini
verməsə belə, sadəcə öz leyblını
versin. Filmin təkcə Azərbaycanda istehsal olması reklamdan
çox antireklam ola bilər. Ola bilər ki, festivalın seçim
mərhələsində həmin kinoya heç baxmasınlar.
Ancaq Fransa, İran, İtaliya, Almaniya və başqa
ölkələrlə müştərək istehsalı
görsələr, maraqlanarlar. Onda dünyada
Azərbaycan kinosu haqqında anlayış da yaranar.
- Rəhbərlik
etdiyiniz prodüser mərkəzində istədiyiniz
ideyaların hamısını
gerçəkləşdirə bilirsinizmi?
- Bizim
prodüser mərkəzi əsasən sənədli və
bədii filmlərin, eləcə də reklam
çarxlarının istehsalı ilə məşğuldur.
Prodüser Mərkəzi kimi əsas vəzifə
layihələrin düşünülməsi,
hazırlanması və həyata keçirilməsi
üçün vəsait tapılmasıdır.
Mədəniyyət Nazirliyi ilə birlikdə
layihələrimiz var. Keçən il Alina
Abdullayevanın reyissorluğu ilə çəkib təhvil
verdiyimiz "Çalış, nəfəs alma"
qısametraylı bədii filmi VI Audiovizual Beynəlxalq
Festivalda "Ən yaxşı prodüser işi"
nominasiyası qazandı. "Ev" filmi də Turizm fesstivalının
baş mükafatına layiq görüldü. Bundan
əlavə, dini icmalar mövzusunda BMT-nin İnkişaf
Proqramı ilə birlikdə sənədli film və
veriliş hazırlamışıq. Həmçinin,
YUNESKO-nun sifarişi ilə dini musiqilər mövzusunda
layihənin reallaşmasında iştirak etmişik. Gənc
Film İstehsalı Assosiasiyası İctimai
Təşkilatı ilə birlikdə də layihələr
həyata keçiririk. "Edem-2006" layihəsi
çərçivəsində qısametraylı film
çəkərək təhvil vermişik.
- Sponsorlarla dil tapa bilirsinizmi?
- Bizdə sponsorların kinoya
köməyi yoxdur. Ümumiyyətlə, bu
ənənədən danışmağa dəyməz.
Sanki iş adamları nəyisə
maliyyələşdirməyə qorxurlar. Xaricdə
incəsənətə maliyyə yatıranları ya
vergidən azad edirlər, ya da vergini azaldırlar. Bizdə isə sponsorlar yaxalarını kənara
çəkirlər.
- Öz
uğurlarınızı çıxmaq şərti ilə,
2007-ci il yaddaşınızda hansı kino
nailiyyəti ilə qaldı?
- Konkret fakt söyləmək
çətindir. Ancaq Mədəniyyət və Turizm
Nazirliyinin gənc reyissorlara ünvanlanmış siyasəti
kinomuza ikinci nəfəs verdi. Buna görə də tammetraylı filmlərin
müsabiqədə qələbəsini nəaliyyət hesab
edirəm.
Kaspi.- 2007.- 26 dekabr.- S. 16.