Bəstəkar Emin Sabitoğlunun 70 illik
yubileyi qeyd edilmişdir
AzərTAc xəbər
verir ki, dekabrın 18-də bəstəkar, xalq artisti, professor
Emin Sabitoğlunun 70 illik yubileyi münasibətilə
vaxtilə yaşadığı evin divarında xatirə
lövhəsi açılmışdır.
İndi bu ünvanda ata və oğulun - Sabit Rəhmanla Emin Sabitoğlunun qranitdən hazırlanmış
barelyefləri qoşa
dayanmışdır.
Mərasimdə çıxış
edənlər bildirmişlər
ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə açılan
bu barelyef həm də mərhum bəstəkarın
70 illik yubileyinə bir töhfədir.
Natiqlər Emin Sabitoğlu
ilə bağlı xatirələrini bölüşmüş,
onun qəlbləri oxşayan melodiyalarından
danışmış və
vurğulamışlar ki,
bu melodiyalar nə qədər sadə və yığcamdırsa, bir o qədər də təsirli, cazibədardır.
Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Emin Sabitoğlunun 70 illik yubileyinə həsr olunmuş gecə keçirilmişdir.
Gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anar və başqaları bildirmişlər
ki, XX əsr Azərbaycan musiqisi tarixində layiqli irs qoyub getmiş,
bizə neçə-neçə nəğmələr
bəxş etmiş ölməz sənətkarlarımızdan
biri də Emin Sabitoğludur. Görkəmli dramaturq Sabit
Rəhmanın ailəsində
dünyaya göz açmış Emin Sabitoğlu musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Konservatoriyasının
nəzdindəki orta musiqi məktəbində
(indiki Bülbül adına məktəbdə)
almış, 1954-cü ildə
konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmuşdur. E.Sabitoğlu 1957-1961-ci illərdə
təhsilini P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında
davam etdirmişdir.
Vurğulanmışdır ki, Emin Sabitoğlu poetik mətnə xüsusi bir həssaslıqla yanaşmış, Azərbaycan
şairlərinin şeirləri
ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrindən
- bayatılarımızdan da
olduqca məharətlə
yararlanaraq ölməz
musiqi əsərləri
yaratmışdır. Bəstəkar heç zaman sözü musiqinin xatirinə təhrif etməmiş, əksinə, şeirin bütün gözəlliyini,
məna incəliklərini
qabartmağa çalışmışdır.
Diqqətə çatdırılmışdır
ki, E.Sabitoğlu mahnıları istər məzmun, istərsə də üslub baxımından müxtəlifdir.
Burada məzəli nəğmələr, əmək
qəhrəmanlarını vəsf edən nümunələr, lirik mahnılar da vardır.
Emin Sabitoğlunun mahnılarının
dillər əzbəri
olduğunu deyən natiqlər vurğulamışlar
ki, 1970-ci ildə
"Bizim Cəbiş
müəllim" bədii
filminə musiqi bəstələyən sənətkar
sonradan 20-dən artıq kino əsərinə musiqi yazmışdır. Qaçaq
Nəbi filminin musiqisinə görə bəstəkara respublika Dövlət mükafatı
verilmişdir.
Bidirilmişdir ki, beş yüzə qədər mahnının
müəllifi olan E.Sabitoğlunun 70 illik yubileyi ərəfəsində
yazıçı-publisist
Südabə Sərvi
tərəfindən "Bu
dənizin gözü
yaşlı sənsiz"
adlı kitab da nəşr edilmişdir. Kitaba Emin Sabitoğlu haqqında xatirələr,
məqalələr və
müsahibələr daxildir.
İncəsənət ustaları
bəstəkarın mahnılarını
ifa etmişlər.
Sonda sənətkarın
qızı Ceyran Mahmudova atasının xatirəsinin əbədiləşdirilməsinə
diqqət və qayğıya görə ölkə rəhbərliyinə
və gecənin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Azərbaycan.- 2007.- 19 dekabr.- S. 6.