Elxanqızı M.
İlk qadın tarzənimiz
Hökumə
Nəcəfova həm də ilk qadın bəstəkarlarımızdandır
1915-ci ildə
paytaxtımızın ziyalı ailəsində anadan olan
Hökumə Nəcəfova Bakı Sənaye İnstitutunun
kimya fakültəsini bitirib.
- İlk gənclik
illərində mühəndisliklə məşğul olan
Hökumə xanım sonralar mədəniyyətimizin
inkişafında böyük rolu olmuş Azərbaycan xanımlarından
biri kimi məşhurlaşıb.
1922-ci ildən "Qadınlar klubu" kimi fəaliyyətə başlayan Əbilov adına Mədəniyyət Evində Səid Rüstəmovun rəhbərliyi ilə tar dərnəyi (1925) açılır. "Qadınlar klubu"na gəlib-gedən qadınlardan bəziləri balaca qızlarını da gətirirmiş ki, burada tar çalmağı öyrənsinlər. Beləliklə, üç qız - Qızbəs Əsədova, Hökurnə Nəcəfova və Ağabacı Rzayeva Səid müəllimin tar sinfinə yazılır.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov çox istəyirdi ki, Azərbaycan qadınlarından da bəstəkar yetişsin. Elə bu arzuyla da o, hərdən Əbilov adına Mədəniyyət Evinə də gələrdi. Hökumə Nəcəfovanı burada görən Üzeyir bəy onunla maraqlanmağa başlayır. Tar sinfini qurtarandan sonra Üzeyir bəy onu Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Sonralar konservatoriyada həm bəstəkarlıq, həm də tar bölmələrində təhsil alan Hökumə Nəcəfova Üzeyir bəyin sevimli tələbələrindən olub. Hətta dahi bəstəkarımız Hökumə xanıma və bir neçə imkansız qıza özlərinin xəbəri olmadan - guya "dövlətin əli" ilə təqaüd də verirmiş. Rəhmətə gedən günə qədər onlar bu təqaüdünün müəllimləri Üzeyir bəy tərəfindən verildiyini bilməyiblər. Üzeyir Hacıbəyovun vəfatından sonra bu pulu almağa gələn qızlar həqiqəti öyrənirlər.
Üzeyir Hacıbəyov Hökumə xanım Nəcəfovanın istedadını, qabiliyyətini, bəstələrini və ifalarını yüksək qiymətləndirir, onun ictimai fəallığını, mədəniyyətimizin inkişafı işində fədakarlıq əzmini çox bəyənirdi. Hökumə Nəcəfova Azərbaycanın ilk qadın bəstəkarlarından biri olmaqla yanaşı, eyni zamanda ilk tarzən qadın idi.
Hökumə Nəcəfovanın bir çox məşhur mahnıları - "Kaş ki, gözəl olmayaydım", "Həliməcan", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Xalidəcan", "Ceyran balası" və s. günü bu gün də rəğbətlə qarşılanır. Bir zamanlar bu mahnılar görkəmli sənətkarlarımız - Şövkət Ələkbərova, Sara Qədlmova, Zeynəb Xanlarova və Elmira Rəhimovanın ifasında da tez-tez səslənirdi.
Hökumə xanımın bir üstünlüyü də öz mahnılarını özünün ifa etməsindən ibarət idi. Hətta 1999-cu ildə - Əbilov adına Mədəniyyət Evinə Mədəniyyət Mərkəzi" adı veriləndə 84 yaşlı Hökumə xanım da orada çıxış edib.
Gözəl bəstələr və ifalar müəllifi Hökumə Nəcəfova 92 yaşında vəfat edib.
O, Azərbaycan mədəniyyətinin
zənginləşməsində, yüksək səviyyəyə
çatdırılmasında böyük izlər qoyub getdi...
Mədəniyyət.- 2007.- 14 dekabr.- S. 4.