Əfəndiyev T.
“İrəli və
yalnız irəli”
Qara
Qarayev – 90
Qara Qarayevin musiqisi, onun Azərbaycan
incəsənətindəki mövqeyi barədə
düşünərkən, Lev Tolstoyun Nikolay Rerixin
yaradıcılığı haqqında söylədiyi fikir
yada düşür. "Gur çayda üzən qayıqçı təhlükəsizlik
məqsədilə ona
lazım olan yerdən daha yüksək nöqtəyə
üz tutmalıdır.
Mənəviyyat aləmində
də belədir: həyatda məğlub olmamaq üçün daha yüksək məqsədlərə can
atmaq lazımdır".
Bu gün, Qara Qarayevin 90 illik yubileyi ərəfəsində
bir daha onun keçdiyi yaradıcılıq yoluna
nəzər salıb qətiyyətlə deyə
bilərik ki, o, çox vaxt
həyatın axarına
zidd gedərək, zamanı qabaqlayaraq, Azərbaycan musiqisinin inkişafını təmin
edən yeni yollar aramışdır.
Çağdaş dünyamızda
baş verən universallaşma,qloballaşma prosesləri
prizmasından baxdıqda
Q.Qarayevin Azərbaycan
musiqi sənətinin inkişafında yerinə
yetirdiyi tarixi missiya daha qabarıq
şəkildə sezilir.
XX əsrin başlanğıcında
Azərbaycan musiqisinin
klassiki Ü.Hacıbəyov
müsəlman Şərqində
ilk operanı yaradaraq milli musiqi qanunauyğunluqlarını
Avropa bəstəkarlıq
məktəbinin nailiyyətləri
ilə uzlaşdırmışdır.
Keçən əsrin 50-ci illərində
dahi Üzeyir Hacıbəyovdan estafeti alan Qara Qarayev
isə Qərb və Şərq musiqi təfəkkür tiplərinin tamamilə yeni sintezini yaradaraq, Azərbaycan musiqisinin dünya mədəni məkanına
inteqrasiyasını təmin
etmişdir. "Şərq
və Qərb əzəldən mənim
qəlbimdə bir
yerdə
olmuşdur" - deyən
Qara Qarayevin yaradıcılıq kredosu
bu gün də müxtəlif sivilizasiyaların dialoqunun
yeni mərhələsində
son dərəcə aktual səslənir. Önəmlidir ki, müasir Azərbaycan bəstəkarlarının əsərlərinin
müxtəlif xarici ölkələrdə keçirilən
ən mötəbər
festivallarda, konsertlərdə
səslənməsi Qara
Qarayev məktəbinin,
onun yaradıcılıq
prinsiplərinin təntənəsi
kimi qiymətəndirilməlidir.
Q.Qarayev fenomeni haqqında yetərincə
elmi, publisistik əsərlər yaranmış,
xatirələr qələmə
alınmışdır. Maraqlıdır
ki, bu fenomenal
şəxsiyyətə xas
olan səciyyəvi özəlliklər arasında
onun yeniləşmə
həvəsi, yaradıcılığında
daim üslub axtarışlarının mövcudluğu
xüsusilə qeyd olunur. Bir çox dahi
sənətkarlar kimi,
Q.Qarayev də keçdiyi yaradıcılıq
yoluna son dərəcə tənqidi
yanaşmış, sanki
öz nailiyyətlərini
hər dəfə inkar edərək, sənətdə daha yüksək zirvələri
fəth etmişdir.
Məktublarından birində
qeyd etdiyi kimi: "Sənətkar özünü təkrar etməməlidir. O, yaratdığı
çərçivədən daim kənara çıxmağı bacarmalıdır".
Bu baxımdan bəstəkarın "İrəli
və yalnız irəli" devizinin onun ən sevimli
qəhrəmanlarından biri
olan Don Kixotun "daim irəliyə" çağırışı
ilə üst-üstə düşməsi
böyük rəmzi məna daşıyır.
Bəstəkarın mütəmadi üslub
axtarışları yalnız
öz yaradıcılığı
üçün deyil,
ümumiyyətlə, Azərbaycan
bəstəkarlıq məktəbi
və daha geniş kontekstdə sovet musiqisi üçün böyük
önəm daşıyırdı.
1961-ci ildə Amerikada
keçirilən beynəlxalq
musiqi festivalından qayıdan Qara Qarayev belə qənaətə gəlmişdi ki, sovet musiqisi dünya musiqi təcrübəsindən 50 il
geri qalır. Bu acı etirafdan
sonra yeni ifadə vasitələrinin
gərgin axtarışları
nəticəsində nəinki
Azərbaycan musiqisində,
ümumən sovet musiqi mədəniyyəti
üçün mərhələ
xarakteri daşıyan
3-cü simfoniya və
violino ilə orkestr üçün konsert yaranmışdır.
Məşhur rus bəstəkarı Rodion Şedrinin fikrincə,
"bu əsərlərin
meydana gəlməsindən
sonra musiqi daha təbii yolla inkişaf etməyə başlamışdır".
Lakin Qara Qarayev novatorluğu heç də çoxəsrlik ənənələrin
inkar edilməsi deyil, əksinə, onların məntiqi davamı, növbəti inkişaf mərhələsi
kimi qəbul edilməlidir. Digər tərəfdən bəstəkarın
ən yeni, ən müasir ifadə vasitələri sistemi əsasında yazılmış əsərlərində
belə, onun milli musiqi təfəkkürü
özünü açıq-aşkar büruzə verirdi. Halbuki bəstəkari "milli mücərrədlikdə", "xalq musiqisinə formal yanaşmada" ittiham edən tənqidçilər də
az deyildi.
"Azərbaycan musiqisi
mənim ana dilimdir" - deyən Qara Qarayevin hətta ispan, bolqar, Vyetnam və digər musiqi üslublarında yazılmış əsərlərində
belə, "Azərbaycan
ruhu" hiss olunur. Bəstəkar tamamilə doğru olaraq bunu öz
"genetik kodu" ilə izah edirdi
və Nazim Hikmətin "Musiqi digər sənət növlərilə müqayisədə
milli özünəməxsusluğu
daha çox qoruyub saxlayan bir sahədir" kəlamını nümunə
gətirirdi. Q.Qarayevin musiqi folklorundan
səthi istifadəni
"neft yataqlarının
üst qatlarının
istismarı" ilə
müqayisəsi, onun milli musiqi təfəkkürünün
daha dərin qatlarına nüfuz etməyin zəruriliyi haqqında düşüncələri
bu gün də öz aktuallığını saxlamaqdadır.
Maraqlıdır ki, Qara Qarayevin xalq musiqisinin qorunması və inkişafına, onun professional musiqidə tətbiqinə dair konsepsiyası XX əsr macar musiqisinin klassikləri - Zoltan Koday və Bela
Bartokun fikirləri ilə üst-üstə düşür.
Bela Bartokun macar musiqisinin ən arxaik qatlarına müraciəti, milli musiqi dilini müasir
bəstəkarlıq texnikasının
ən son nailiyyətləri ilə uzlaşdırması Q.Qarayevin
Azərbaycan musiqi mədəniyyətində yerinə
yetirdiyi vəzifələrlə
uyğunluq təşkil
edir.
Qara Qarayev fenomeninin özünəməxsus cəhətlərindən
biri də ondan ibarət idi ki, o,
tamamilə bir-birindən uzaq üslubları (məsələn,
orta əsr polifoniyasından, müxtəlif
xalqların folklorundan
tutmuş caz, rok musiqisinə qədər) mənimsəyib,
yaradıcılıq süzgəcindən
keçirərək onları
üzvi şəkildə
öz fərdi, təkrarsız üslubuna
daxil edə bilirdi.
Ümumiyyətlə, zaman
və məkan fəlsəfi kateqoriyalarının
sərbəst təfsiri
XX əsr incəsənətinin
ən parlaq nümayəndələrinin (Q.Markes,
M.Bulqakov, M.Prust, Ç.Aytmatov və b.) yaradıcılığı
üçün xas olan bir cəhətdir. Bu baxımdan Q.Qarayev yaradıcılığı da
hüdudsuzdur, onun musiqisi zaman və məkan sərhədlərini aşaraq
müxtəlif dövrlərin,
müxtəlif xalqların
mədəniyyətləri arasında təkrarolunmaz bir dialoq yaradır.
Təbii ki, yüksək bədii səviyyədə təzahür
edən bu dialoqu yalnız zəngin intellektual potensiala, geniş dünyagörüşünə malik olan bir
sənətkar həyata
keçirə bilərdi.
Q.Qarayevin qeyri-adi erudisiyası
haqqında hələ
onun sağlığında
əfsanələr gəzirdi.
Şekspir və Nizaminin, Hemeinquey və Abrahamsın yaradıcılıq laboratoriyalarını
incəliklərinə qədər
təhlil edən, Şərq renessansından
tutmuş XX əsrin müxtəlif bədii cərəyanlarınadək dərindən
bələd olan bəstəkar, İmran Qasımovun təbirincə, "sanki bütün sivilizasiyanı
əlində cəmləşdirmişdir".
Q.Qarayev yaradıcılığı
üçün üslub
məhdudiyyəti, musiqi
janrlarının "ali"
və "sadə",
"elitar" və
"kütləvi" növlərə
bölgüsü qətiyyən
xas deyildi. Hər bir musiqi
əsəri, bəstəkarın
fikrincə, həm ən geniş dinləyici kütləsi tərəfindən emosional
şəkildə qarşılanmalı,
həm də mütəxəssislər üçün
yeni informasiya daşımalıdır. Bu
baxımdan bəstəkarın
böyük həvəslə
sintetik səciyyəli
sənət növlərinə
müraciət etməsi,
öz yaradıcılığında
teatr və kino musiqisinə önəmli yer ayırması səciyyəvidir.
Qara Qarayevlə kino və teatr sahəsində
birgə işləmiş
XX əsrin görkəmli
rejissorları - K.Volf,
Q.Kozintsev, R.Karmen, Q.Tovstonoqov və digərləri bəstəkarın
musiqisinin psixoloji zənginliyini, tamaşa və ya kinofilmdə
yerinə yetirdiyi mühüm dramaturji funksiyaları vurğulayırdılar.
Səciyyəvidir ki, Qara Qarayevin Şekspirin dramlarına yazdığı musiqi XX əsr teatr musiqisinin ən parlaq nümunələri sırasına daxildir.
Q.Qarayevin şəxsiyyəti
müxtəlif aspektlərdən
işıqlandırıla bilər.
Lakin bu fenomenal insanı
səciyyələrindən ən ümdə cəhətlər öz lakonik ifadəsini Tahir Salahovun məşhur rəsmində
tapmışdır. "İrəli
və yalnız irəli" sözlərini
yaradıcılıq kredosu
kimi seçən bəstəkar bu portretdə sanki öz zamanının inersiyasını, müqavimətini qıraraq, gələcəyə üz
tutmuşdur.
Azərbaycan.- 2007.- 16 dekabr.- S. 5.