Hüseynov A.
Muğam dünyasına
SMS-siz səyahət
Son bir neçə
ildə Azərbaycanın telekanallarında müxtəlif
səmtli musiqi ifaçılığı
müsabiqələri keçirilməkdədir. Məqsəd
SMS vasitəsilə qalibləri müəyyən etməkdir.
Bu yolla professionallıq baxımından layiqli ifaçıları
müəyyənləşdirmək müşkül
məsələdir. Hansı ifaçının pul sarıdan
korluq çəkməyən tanışı-bilişi, qohum-əqrəbası
çoxdursa, deməli, onun ünvanına daha çox SMS
gəlir. Beləliklə də, həmin ifaçı
ifaçılıq qabiliyyətindən asılı olmayaraq
qalib elan edilir. SMS ilə incəsənət aləminin
nüfuzlu və çox sevilən ifaçısını
tapıb ortaya çıxarmaq mümkünsüzdür.
Özəl telekanallarda SMS gəlir mənbəyidir desək,
yanılmarıq.
Bu ilin ikinci yarısında Heydər Əliyev Fondu ilə
Azərbaycan Televiziyasının təşkil etdiyi muğam
müsabiqəsi SMS-dən kənar olduğundan böyük
maraq doğurmuşdur. Dinləyici-tamaşaçılar
bu qənaətə gəldilər ki, muğam
ifaçılarını nəhayət ki, ədalətli yol
ilə seçmək imkanı yaranmışdır. İki
aydan artıq bir müddətdə muğam müsabiqəsi
dünya azərbaycanlıları üçün musiqi bayramı
ovqatı yaratmışdır. Hazırda elə bir
tamaşaçı tapılmaz ki, müsabiqə
keçirilən ikinci və dördüncü günləri
səbirsizliklə gözləməsin. Rəşid Behbudov
adına Mahnı Teatrının salonunda müsabiqənin
gedişini əyani izləməkdən ötrü
gələnlərin arasında xarici ölkə
vətəndaşları az deyildir. Ölkədə muğam
xiridarlarının sayı sürətlə artmaqdadır. Bu
yaxınlara qədər hökm sürən muğama
biganəlik durumu aradan qalxmışdır.
Muğamsevərlər evdə də , işdə də
gənc ifaçıların muğam oxumaq
hünərlərini müzakirə edirlər.
Tamaşaçıların artıq kumirlərinə
çevrilmiş ifaçılar da meydana
çıxmışdır. Hazırda hamı
bir nəfər kimi Rəvanə Ərəbovanın,
Güllü Muradovanın, Nişanə Baxışovanın,
Abgül Mirzəliyevin sənətkarlıq
səviyyəsinə qalxmaqda olduqlarını
fərəhlə təsdiqləyir. 11 yaşlı Elməddin
İbrahimovun hər bir çıxışı insanlarda
fantastik ovqat yaradır. Biz
ifaçıların uğurları haqqında hələ
çox danışacağıq. İndisə gəlin
muğam müsabiqəsinin ləyaqətlə
keçirilməsində böyük rolu olan münsiflər
heyətindən söz açaq. Əvvəlcə onu
deyək ki, münsiflər heyəti böyük
professionallıqla seçilmişdir. Onların hər
biri muğam aləminə dərindən nüfuz edə
bilən sənətçilərdir. Məsələn,
muğam ifaçılığı sahəsində 55 illik
səriştəsi (stajı) olan xalq artisti Əlibaba
Məmmədov muğamsevərlərin sevgisini qazanmış
ustad sənətkardır. Hər bir
ifaçının çıxışından sonra maestro
Əlibabanın hansı fikir söyləyəciyini həm
ifaçılar, həm də
dinləyici-tamaşaçılar maraqla gözləyirlər.
78 yaşlı ustad fikrini bildirməzdən əvvəl ani
düşüncələrə dalır və sonra da aramla
danışmağa başlayır. Onun indiyədək
məsələyə dəxli olmayan fikir
söylədiyinə heç kim şahidlik edə bilməz.
Maestronun dediklərini tamam-kamal dinləməkdən və
öyrənə bilməkdən ötrü hamı
bütün diqqətini onun teleekranda görünən
çöhrəsinə yönəldir. Ustad sənətkar
ifa olunmuş muğam parçasını bu və ya digər
ifaçının necə oxuduğunu "açıb
tökməyə" başlayır. Adi
dinləyicinin sezə bilmədiyi anlara münasibətini
göstərən sənətçi muğamın
bütün guşələrini və hissələrini
böyük bilici kimi sadalayır və ən sonda gənc
ifaçının necə oxumalı olduğu barədə
fikir söyləyir. O deyir ki, muğam
oxuyan kəs zil pərdələrdə gözəl
səslə oxumalıdır, qışqırtı
qoparmamalıdır, qəzəlləri oxuyarkən
sözləri düzgün tələffüz etməlidir, ona
görə ki, muğamın təsirli alınması
üçün söz əsas amillərdən biridir.
Ustadın daha bir fikri də böyük maraq doğurur. O deyir
ki, muğamı ağlamaq üçün yox, feyz almaq
üçün dinləyirlər. Səsində
hıçqırtı notlarına uyanlar, əbəs iş
görürlər. Əgər muğam ifaçısı
oxuyan zaman onu ürəyinin incə tellərindən
keçirə bilmirsə, dinləyici məhəbbəti
gələn yolları bağlamış olacaq. Əlibaba
müəllim gənclərə sözünü
deyərkən onların qəlbinə toxunmur,
gələcəkdə yaxşı ifaçı
olacaqlarına inam yarada bilir. Tamaşaçı inanır ki,
qocaman ustadın iradları ifaçıların xeyrinədir.
Müsabiqənin gedişində yaxşı
ənənələrdən biri də
iştirakçıların səhnəyə
gəlməsindən əvvəl , muğam ustadlarından
hansısa birinin ifasında musiqi səsləndirilir. Əlibaba
müəllimin nisbətən gənc vaxtlarında Füzuli
qəzəlləri üstündə bəstələdiyi
təsnifi dinləyicilərin ona olan istəklərini bir az da
artırır. Dinləyici Əlibaba müəllimin
gözəl tembrli səs və böyük ifa
üstünlüklərinin şahidi olur. "Əhsən
belə ifaçıya, istedadlı müəllimə ,
muğam bilicisinə" - deməli olursan.
Münsiflərdən digəri adı muğam
dünyasının salnaməsinə qızıl
hərflərlə yazılmış Arif Babayevdir. Professor
Arif Babayevin səsi öz şirinliyi ilə
dinləyiciləri həmişə məftun etmişdir. Bunu
müsabiqə öncəsi göstərilən
"Şur" muğamı çəkilişi bir daha
təsdiq edir. Böyük müğənninin
oxuduğu "Səmayi şəms" ritmik muğamı
dinləyiciyə şən ovqat gətirir, onun tarın zil
pərdələrində gəzişmələri səs
imkanlarının zənginliyindən xəbər verir,
yerli-yerindəki zəngulələri, boğaz
xırdalıqları dinləyicinin daxili aləminin
paklığına xidmət edir, adam mənən
təmizlənir, həyat ona daha işıqlı
görünür. Onun muğam ifası uğurlarından
uzun-uzadı danışmaq olar. Lakin Arif Babayevin bu
müsabiqədə həm də dərin muğam bilicisi kimi
münsiflik etməsi dinləyicini məmnun qoyur. Tutarlı
şəxsiyyətlərdə olmayan paxıllıq
hissləri Arif Babayevdə də yoxdur. Bu da məlum
məsələdir: ifaçılıq olimpinin ən
yüksək zirvəsində yer tutmuş ifaçı
kiməsə paxıllıq edə bilərmi?
Əlbəttə ki, yox! Arif müsabiqə
iştirakçılarına gələcəyimizin fəxri
ola biləcək xanəndələr kimi baxır.
Əlbəttə ki, əgər onlar çətin muğam
yollarının əzab-əziyyətinə sinə gərə
bilsələr!
Xalq artisti Səkinə İsmayılovanı
Azərbaycan milli operalarında baş qadın
rollarının görkəmli ifaçısı kimi
tanıyırıq. "Əsli və Kərəm"
operasının bulaq başına toplaşmış
qızların oxuduğu "Axşam oldu"
səhnəsində, keşiş atanın balkonunda dayanıb
iztirablarını səs gücünün genişliyi
sayəsində bildirən Əslinin - Səkinə xanım
İsmayılovanın "Əraq" muğamının
üstünü necə ustalıqla ifa etməsi hələ
də yaddan çıxmayıb. Səkinə İsmayılova
çox istedadlı ifaçı olmaqla bərabər, eyni
zamanda muğam bilicisidir. Buna görə də Səkinə
xanımı jüriyə üzv seçmişlər. Bu
xanım münsiflər heyətinin üzvü kimi nə
qədər də ədalətli və xeyirxahdır. Digər
müsabiqələrin münsif xanımlarından fərqli
olaraq, iştirakçıların üzünə
çımxırmır, özünü ali xislətli
xanım ifaçı kimi aparmaqla tamaşaçıların
rəğbətini qazanır. O, bilir ki, ifaçı
gənclər sabahımızın sənət
baxımından əlçatmaz zirvələrinə
yüksələcəklər. Səkinə xanımın
Rəvanə Ərəbova, Güllü Muradova, Nişanə
Baxışova kimi qadın ifaçılarının
uğurlarına nə qədər çox sevindiyi
kameraların nəzərindən yayınmır. O, öz
razılığını bəzən üzündəki
təbəssümlə büruzə verir.
Respublikanın xalq artisti Ağaxan Abdullayevin münsiflər
heyətinə salınması müsabiqənin uğurla
sonuclanmasına bir inancdır. O, Azərbaycanda,
xüsusilə, Abşeron bölgəsində səviyyəli
muğam ifaçısı kimi böyük hörmət
qazanmışdır. Eyni zamanda, çox bilikli
müəllimdir. Muğam sənətimizin
bayraqdarı Alim Qasımovun tələbələrlə
keçdiyi dərslərdən birində o, Ağaxan
Abdullayevin onun sinif qapısını
açdığını görən kimi
sevinə-sevinə qarşısına gedib ləyaqətli
ustadı necə fərəhlə
qarşıladığı yaxşı yadımdadır.
O, A. Abdullayevə yer göstərib oturdandan sonra,
üzünü mənə tutub fəxaratlə
"müəllimimdir, muğamın bir çox sirlərini
mənə o, öyrədib", - dedi. Dünya
şöhrətli muğam ustasının dilindən bu
etirafı eşitmək nə qədər xoş idi.
Ağaxan Abdullayev bir münsif kimi hər ifaçıya
düzgün qiymət verməklə
tamaşaçıların rəğbətini qazanır. O,
həmişə razı qaldığı ifaçıya
qiymət verərkən üzündə sevinc izləri
görünür. Gənc ifaçıların uğurlu
çıxışlarından həmişə böyük
həzz alır. "Onlar bizim
davamçılarımızdır", - deyir.
Azərbaycanın xalq artisti
dinləyicilərimizə ən əvvəl
"Məcnun" obrazının ustad yaradıcısı
kimi tanınan Mənsum İbrahimov həm də yaxşı
müəllimdir. İfaçıların
əksəriyyəti onun məsləhəti və
öyrədiciliyi ilə uğur qazana bilirlər. Azərbaycanlıların demək olar ki,
hamısının böyük məhəbbət
bəslədiyi və fəxr etdiyi 11 yaşlı Elməddin
İbrahimovun muğam ifaçısı kimi
püxtələşməsində Mənsum İbrahimovun
əməyi xüsusilə dəyərləndirilməlidir.
Elməddin İbrahimov səhnəyə gələndə
üzündə heç bir həyəcan izləri
görünmür. Onun ifaçı kürsüsünə
oturandan sonra ayaqlarından ancaq birinin güclə
döşəməyə çatması
tamaşaçılarda əvvəlcə istəkdən
doğan gülüş doğurur. Amma baxışlarında
həmişə özünə inam hissləri əks olunan
Elməddin ən çətin muğamları da xüsusi
bacarıqla ifa edə bilir. Müsabiqənin
onuncu turunda səs imkanlarının bənzərsizliyi, oxu
tərzinin orijinallığı, diapazon genişliyinin
təəccüb doğuracaq cəlbediciliyi ilə
fərqlənən Abgül Mirzəliyev fenomenal
ifaçılıq məharəti göstərərək
"Segah" muğamını ustad sənətkarlara
yaraşan tərzdə başa çatdırandan sonra
səhnəyə Elməddin İbrahimov dəvət olunanda
çoxları kimi mən də narahat oldum: Sevimli
balanın Abgül Mirzəliyevdən sonra öz imicini qorumaq
üçün nələr edəcəyi bir sirr olaraq
qalırdı. Elməddin səhnəyə çıxandan
və yerində oturandan sonra üzündəki
təbəssümündən göründüyü kimi,
heç nədən narahat deyildi. Onun ifa zamanı
mərtəbəli zəngulələr vurmaq, adamı heyran
qoyan gedişlər etmək qabiliyyəti hər şeyi
istənilən yerə qoydu. Xalq artisti Əlibaba
Məmmədovun dediklərindən: " Elməddin on
dəfədir ki, münsiflər qarşısında
çıxış edir və hamımızın 10
xalını qazanır. Mən bu dəfə onun oxumasında
hansısa bir qüsur tapmağa çalışdım, amma
tapa bilmədim. Allah bu uşağı xalqımızın
istəyi naminə qorusun". Milli Məclisin deputatı,
professor Rəfail Hüseynov deyir ki, sanki bu uşağın
daxilində yetkin bir kişi var, onun ifası heyranlıq doğurur.
Xalq artisti Mənsum İbrahimov bu qənaətdədir ki,
"Elməddinin səsi hələ bələkdə qoyulub,
ona görə də mutasiya dövrünü yaxşı
keçirəcəyinə əminəm".
Sənətşünaslıq elmləri doktoru, professor Ramiz
Zöhrabovun münsiflər heyətinə cəlb olunması
xalqın müsabiqəyə marağını daha da
artırmışdır. Hər bir ifaçıdan sonra onun
ifaçılıq qabiliyyətini dəyərləndirmə
mərhələsində Ramiz müəllim
"yaxşıdır", ya da "pisdir" demir. Oxunan muğamı ətraflı
səciyyələndirir, onun asan və çətin
yerlərini göstərir, muğamın ifası üçün
qəzəliyyat seçilməsinin
məziyyətlərindən danışır və bununla da,
tamaşaçıları bir növ, muğam aləminin
gözəllikləri ilə tanış edir.
Əməkdar incəsənət xadimi
Nadir Axundovun təşkilatçılıq qabiliyyəti
sayəsində hələ 2005-ci ildə "Space"
telekanalı xətti ilə keçirmiş olduğu muğam
müsabiqəsində 10-a qədər bacarıqlı
ifaçı Azərbaycan mədəniyyəti və
incəsənətinə töhfələr verməkdədirlər.
AzTV xətti ilə keçirilən bu müsabiqənin də
təşkilatçısı Nadir Axundovdur. O,
dinləyici-tamaşaçıların muğamlarla ilkin
tanışlıqlarından ötrü hər bir
muğamın ifası zamanı guşə və
şöbələrin adının titrdə yazılması
halına qalır. Nadir müəllim hərtərəfli
muğam bilicisidir. O, prinsipiallıq xüsusiyyətlərini
də unutmur. Münsiflər tərəfindən daim 10 xal
ilə dəyərləndirilən ifaçıya onun həqiqətən
də layiq olduğu xalı verir, nə üçün
belə etdiyinin səbəbini də
inandırıcılıqla göstərir.
Münsiflərin tam müstəqil qərar vermələri
də aydın görünür. Onların heç biri
"avtoritet qarşısında" sarsılmır, bildiyi
xalı verir.
Hazırda keçirilən muğam müsabiqəsinin əsas
məqsədi ən layiqli ifaçıları üzə
çıxarıb Azərbaycan incəsənətinin
xidmətinə verməkdir. Bu işdə "SMS
dilənçiliyinə" son qoyulmasını xalq
ürəkdən alqışlayır. Hamı bilir ki, bu
məntiqli məramın həyata keçirilməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın rolu böyükdür.
Muğamsevərlərin hamısı Mehriban xanıma
minnətdarlığını bildirir.
Azərbaycan.- 2007.- 11
dekabr.- S. 7.