İntiqam N.
Şou biznesdəki
vəziyyəti tənzimləmək üçün
Mədəniyyət haqqında
qanuna dəyişiklik
edilməlidir
Mənəvi
sərvətlərimizi qorumaq, təbliğ etmək,
gələcək nəsillərə ötürmək hər
birimizin borcudur .
Millət vəkili, Milli
Məclisin Mədəniyyət
məsələləri daimi
komissiyasının üzvü
Jalə Əliyeva hesab edir ki,
Mədəniyyət haqqında
qanuna müəyyən
düzəlişlərin edilməsi
zamanın tələbidir
və hazırda Mədəniyyət Nazirliyi
ilə birgə bununla bağlı müzakirələr
aparılır. Onun fikrincə, təkliflər
reallaşsa, şou-biznesə nəzarət güclənər və mövcud narazılıqlar
aradan qalxar.
- Jalə xanım, istərdim söhbətimizə seçicilərin
problemlərinin həlli
istiqamətində gördüyünüz
işlərlə başlayaq.
- Əvvəla onu qeyd edim ki,
92 saylı Zərdab-Ucar seçki dairəsindən millət
vəkili seçilmişəm.
Kampaniya vaxtı üzərimə götürdüyüm
öhdəliklərin bir
çoxu artıq yerinə yetirilib. Ən azından seçicilərim çətin
anlarında döyə
biləcəkləri qapının
olduğuna inanıblar...
Bu günə qədər rayonda həlli vacib olan bir
neçə ciddi problem vardı və mən bununla bağlı fəaliyyət planı hazırlamışdım. Ən
birinci gördüyüm
iş bu oldu ki, rayonda
şəhidlərin xatirələrini
əbədiləşdirmək üçün abidə-kompleks hazırlandı. Daha sonra ikinci
bir məsələ rayon gəncləri üçün
yeni stadionun inşa edilib, istifadəyə verilməsi
oldu. Bundan əlavə, yerli icra strukturlarının köməkliyi ilə seçicilərin işıq,
su, yol və
digər problemləri
həll edildi. Hazırda isə Həsən bəy Zərdabinin adını daşıyan park yenidən qurulur.
- Sizə elə gəlmir ki, təmsilçisi olduğunuz rayonda son vaxtlar quruculuq
işləri sanki bir az səngiyib?
- Bu gün Azərbaycanın əksər
rayonlarında quruculuq
işləri ən yüksək şəkildə
davam etdirilir. Amma bir məqamı
da qeyd etmək
istəyirəm. Bəzən
millət vəkilinin görəcəyi işlə
icra orqanının görəcəyi iş qarışdırılır. Yəni o
şeyə icra orqanı cavabdehdirsə, ona əslində millət vəkili müdaxilə etməməlidir.
Çünki bunun üçün dövlətin
özünün proqramı,
layihələri var, müəyyən məbləğdə
vəsait ayrılıb
və s.. Belə olan təqdirdə, millət vəkilinin seçici üçün görəcəyi
ən böyük iş qanunların qəbul olunduğu bir məkanda, Milli Məclisdə öz sözünü deməsindən ibarət ola bilər. Bu baxımdan yanaşanda Milli Məclis son bir neçə ildə 200-dən çox qanun qəbul edib və mən də bununla bağlı öz irad və təkliflərimi
səsləndirmişəm. Konkret olaraq, siz deyən məsələyə gəlincə,
mənə belə gəlir ki, seçicilərim qarşıdakı
illərdə rayonda daha böyük quruculuq işlərinin şahidi olacaqlar...
- Milli Məclisdə hansı komissiyaların üzvüsünüz?
- Milli Məclisin Mədəniyyət Məsələləri
daimi komissiyasının,
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Parlament
Assambleyasının, Türkiyə-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun üzvüyəm. Hər üç istiqamətdə
görülən işlərlə
bağlı müəyyən
fəaliyyətlərim var.
- Yeri gəlmişkən,
mədəniyyət məsələləri
daimi komissiyası Azərbaycan şou-biznesindəki bu dərəbəyiliyin qarşısını
almaq üçün
hansı addımları
atmağı planlaşdırır?
- Azərbaycanda
mədəniyyətlə əlaqədar
qanun 10 il öncə qəbul edilib. Lakin uzun müzakirələrdən
sonra qərara alındı ki, bu məsələyə bir daha qayıdılsın.
Çünki açıq-aşkar bəlli olur ki, bu
qanunda zamanın tələbinə uyğun
olaraq müəyyən
boşluq yaranıb ki, bu da
şou-biznesdəki vəziyyətlə əlaqədardır.
Qərara gəldik ki, Mədəniyyət Nazirliyi ilə birgə bu qanun
yenidən işlənilsin
və həmin boşluqlar, cəmiyyəti,
ziyalıları narahat
edən məsələlər
aradan qaldırılsın.
Düzdür, hər zamanın öz tələbi var. Əslində şou-biznes
bəlkə də bu günün tələbidir. Ancaq bir məqam da var ki,
biz gələcəyə
bu yolla, şou-bizneslə gedə bilmərik. Biz gələcəyə iki gün dəbdə
olan, sonradan unudulan musiqilərlə gedə bilmərik. Bizim xalqımızı hər zaman qoruyan, dünyada tanıdan onun mənəvi sərvətləri
olub. Həmin mənəvi sərvətləri
qorumaq, təbliğ etmək, gələcək
nəsillərə ötürmək
hər birimizin borcudur. Bunun üçün də Mədəniyyət haqqında
qanuna dəyişiklik
edilməsi nəzərdə
tutulur. Layihənin üzərində iş gedir və gələcəkdə
bu barədə cəmiyyətə konkret məlumatlar veriləcək.
- Bir neçə
gün öncə Milli Məclisdə 2008-ci
ilin Dövlət Büdcəsi haqqında qanun layihəsi təsdiq olundu. Bir millət vəkili kimi 2008-ci il üçün Dövlət Büdcəsindən
nələr gözləyirsiniz?
- Büdcə parlamentdə
qızğın müzakirələrə
səbəb oldu. Demək olar ki, hər bir
millət vəkili büdcə ilə əlaqədar öz fikrini, rəyini bildirdi. Yaxından tanış olanda məlum oldu ki, büdcə çox dərindən işlənilib və ən əsası şəffaflığın təmin
olunması üçün
bir çox yeniliklər edilib. Sadə bir misal
deyim: əvvəllər
Dövlət Büdcəsi
haqqında qanun layihəsi bir neçə səhifədən
ibarət sənəd
idisə, indi bir neçə yüz səhifədən
ibarətdir. Burada
gəlirlər və xərclər barədə
ictimaiyyətə yetərincə
məlumat verilib. Büdcədəki artımlar
bütün sahələri
əhatə edir. Bu isə təbii
ki, Prezidentin uğurlu iqtisadi siyasətinin nəticəsidir.
Ümid edirəm ki, qarşıdakı illərdə biz büdcədə daha geniş inkişafın şahidi olacağıq. Müəllimlərin, səhiyyə,
mədəniyyət işçilərinin
əmək haqlarının
artırılmasına ehtiyac
var. Mədəniyyət
komissiyasının üzvü
kimi kitabxana, teatr işçilərinin
əməkhaqlarının artırılması məsələsi
də bir neçə dəfə tərəfimdən səsləndirilib.
Bir məqamı unutmayaq ki, bu
insanlar ancaq maaşla dolanırlar və başqa gəlir yerləri yoxdur.
- Milli Məclisdə millət vəkilləri var ki, seçildikləri 5 il ərzində bir dəfə də olsun çıxış
etmir, hər hansı məsələyə
münasibət bildirmirlər.
Sizcə, bu nə ilə əlaqədardır?
- Ümumiyyətlə, bir
millət vəkilinin danışması, münasibət
bildirməsi arzuolunandır.
Ən azından seçicilər bunu ondan gözləyirlər.
Ancaq bu fakta birtərəfli yanaşmaq da doğru olmaz. Bunun da obyektiv
və subyektiv səbəbləri var. Əslində qanun qəbul edilərkən millət vəkilinin öz səsi ilə münasibət bildirməsi, lehinə və yaxud əleyhinə
olması elə onun artıq bir fəaliyyəti deməkdir. Yəni bunun üçün o ən azından
qanunla tanış olur. Adını çəkmək istəmirəm,
bizim bir xalq şairimiz var. Onun çox
gözəl şeirləri
var. Ancaq bu insan özü
də etiraf edir ki, danışmağı
bacarmır. Natiqlik də bir qabiliyyətdir. İstənilən
halda düşünürəm
ki, millət vəkili fəal olmalıdır. Əgər
millət vəkili xalqın səsini dövlətə çatdıran
bir insandırsa, verilən imkandan istifadə edib, daha çox işlər görməlidir.
- Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində
qeyd olunması ilə bağlı parlamentdə məsələ
qaldırmışdınız. Bu istiqamətdə hansı işlər görülür?
- Bununla bağlı dövlət qurumlarına,
həmçinin prezident
İlham Əliyevə
müraciət etmişəm.
Ümid edirəm ki, bu məsələ
tezliklə öz həllini tapacaq. Sadəcə olaraq, burada bir məsələ
ilə bağlı zərdabişünaslar arasında
fikir ayrılığı
yaranıb. Yəni araşdırmaçılar konkret
fikrə gələ bilmirlər ki, Zərdabinin 165 illiyidir, yoxsa 170 illiyi?..
Arxiv sənədlərində
bu tarixlərin hər ikisi göstərilir. Hər iki rəqəmə istinad edən tərəflər var. Bu mübahisənin həll edilməsi və konkret rəqəmlərin göstərilməsi
artıq alimlərin işidir. Yəqin ki, onlar tezliklə
bu məsələdə
ortaq məxrəcə
gələ biləcəkər.
Onu da qeyd
edim ki, alimlər arasında Zərdabinin 170 illiyinin olduğunu bildirənlər
daha çoxdur. Ədibin həyat yoldaşı Hənifə
xanımın xatirələri
də bunu təsdiqləyir. Zərdabi, sadəcə
olaraq, bir alim, bir yazıçı
deyil, öz dövrünün, bu günün, gələcəyin
ziyalısıdır. Ümid
edirəm ki, öz dövrünün digər ziyalıları kimi, o da
yaxın gələcəkdə
öz layiqli qiymətini alacaq.
Zaman.- 2007.- 6-7 dekabr.- S. 9.