İbrahimova S.
İbrahim Tatlısəs
cəzalandırılmalıdır
Xan Şuşinskinin
oğlu atasının
mahnısının kürdləşdirilməsi
məsələsinin beynəlxalq məhkəmədə həllini
istəyir
Əcnəbi müğənnilərin
Azərbaycana marağının
təməlində maddiyyatın
durduğu heç kimə sirr deyil. Türkiyədən Rafet El Roman,
Mahsun Kırmızıgül,
Çelik və b. müğənnilərin
səfər büdcələrinin
müəyyən hissəsini
paytaxt Bakıda təşkil olunan konsert layihələri təşkil edir. Maliyyədən söz düşmüşkən, İbrahim
Tatlısəsin Bakıya
sonuncu səfərini və onun Azərbaycandan
150 min dollar apardığı barədə
söhbəti xatırladaq.
Qeyd edək ki, sonuncu müğənnini
Azərbaycana tək maliyyə maraqları bağlamır. Azəri qızı Güneli Türkiyə şou-biznesinə cəlb edən İ.Tatlısəsin
bura səfərləri
zamanı onun bizə məxsus dəyərli musiqi inciləri barədə çıxışlarını dinləmişik. Onun muğamları, klassik musiqilərimizi dinləyərkən
üzündəki obrazlı
ifadələr heyranlığından
xəbər verirdi. Daha sonralar milli
musiqilərimizdən bəhrələnən
İ.Tatlısəsin yanıqlı
oxumaları hələ
də qulağımızda
cingildəməkdədir. Amma
Azərbaycan xalqı nəinki İbrahim bəyə, ümumiyyətlə,
hər hansı bir xalqın nümayəndəsinə dəyərli
məhsulumuzu mənimsəməsi
hüququnu verməyib.
Söhbət İ.Tatlısəsin
Belçikada verdiyi konsertindən, daha doğrusu, orada Xan Şuşinskinin müəllifi olduğu
"Dilbərim"i qədim kürd mahnısı kimi təqdimatından gedir. Hələ bu azmış kimi kürd əsilli Türkiyə müğənnisi
mahnıya "Rinda min" adını verib.
Rəsmi mənbələrdə
mahnının söz
və musiqi müəllifinin Xan Şuşinski olduğu bildirilir. Bayatıların
əsasında əldə
olunan mahnının mətni leksikondan çıxarılan sözlərlə
eyni olduğu üçün zamanla müasirləşdirilib və
yeni sözlər əlavə edilib. Müxtəlif ifaçıların
repertuarına daxil edilən mahnı 5-6 il öncə Səyavuş Kəriminin aranyimanında və Nazpəri Dostəliyevanın
ifasında yenilənib.
Xan əminin oğlu Aslan Cavanşirovun "Kaspi"yə açıqlamasına
görə, atası
20-yə yaxın mahnının müəllifidir.
Lakin dövrün qanunları qeyri-mütəxəssis olan şəxslərin, xüsusilə
də mahnı yazanların yaradıcılıq
məhsulunun təqdimatına
maneələr yaratdığı
üçün bu, xalq mahnısı adı ilə dillərdə əzbər
idi. Xan əminin bəstələdiyi
"Dilbərim" (yaxud
"Bağda sarmaşıq")
"Ay dilbər",
"Şuşanın dağları",
"Qəmərim", "Ay qəşəng ceyran" "Ay qara qız", "Keçən il gördüm" (yaxud
"Qızılgül"), mahnılarını da bu qəbildən hesab etmək olar. Amma müstəqillik dövründə,
2004-ci ildə mahnının
Xan Şuşinskiyə
aid olduğu Müəllif Hüquqları
Agentliyində təsdiqini
tapıb və şəhadətnaməsi alınıb
(631 saylı). Vaxtilə
Xan əminin plastinkalarında yer alan məşhur mahnı sonradan disk şəklində buraxılan toplulara daxil edilərək yayılıb. A.Cavanşirov
qeyd edir ki, Xan Şuşinskinin
ifasında sözügedən
mahnı qramafon valına yazlan zaman bəlkə də İ.Tatlısəs
dünyaya gəlməmişdi.
Həmsöhbətimin məlumatına
görə, "Dilbərim"
türkiyəli müğənni
Ceylanın da repertuarını bəzəyib.
A.Cavanşirov hesab edir ki, ola bilsin
İ.Tatlısəs Ceylanın
sözlərini türkləşdirdiyi
mahnını əldə
edərək onun anonimliyindən istifadə
edib və bir az da
irəli gedərək
mahnını özünə
doğma olan kürd dilində ifa etməklə onu geniş tamaşaçı kütləsinə
təqdim edib: "Amma Azərbaycanın musiqilərinə
bələd olan İbrahim Tatlısəs ən azından mahnının tarixi haqqında maraqlanmalı idi. İnternet saytları onun ən yaxın yardımçısı ola
bilərdi. Düşünürəm
ki, kürdlər böyük Kürdüstan
xülyasında olduğu
ərəfədə başqa
xalqlara məxsus olan şifahi və yazılı ədəbiyyatı və
musiqini bu yolla mənimsəməyə
çalışırlar. Bu
ondan irəli gəlir ki, vaxtilə İbrahim Tatlısəs Şərqin
ilk opera yazan qadını Şəfiqə Axundovanın
mahnısını özününküləşdirərkən
tutarlı etirazlarla qarşılaşmamış, inzibati
və maddi formada cəzalandırılmamışdı".
"Dilbərim"in tarixi haqqında danışan Xan irsinin daşıyıcısı
A.Cavanşirov dedi ki, mahnı 1930-cu illərin məhsuludur. Musiqi parçası
40-50-ci illərdə Xan
Şuşinskinin repertuarının
bəzəyib: "Xan
əminin töhvələri
bununla yekunlaşmır.
Onun axtarışları
nəticəsində bir
neçə aşıq
mahnısı muğamların
dilinə uyğunlaşdırılaraq
təsnif və ayrı-ayrılıqda mahnı kimi təqdim olunub. Bunlardan "Qaçaq Nəbi", "Apardı
sellər Saranı"
və s. misal çəkmək olar. Lakin o
dövrün qanun-qaydaları bu gün qarşımızda
müəyyən sədlər
əkib. Çünki
Xanın müəllifi
olduğu 20-yə yaxın bəstədən
yalnız səkkizini hüquqi çərçivəyə
sala bilmişik. Bir çox mahnıların lent yazılarını tapa bilmədiyimiz üçün
Müəllif Hüquqları
Agentliyi onları qeydiyyata ala bilməyib. Lakin buna baxmayaraq, tədqiqatlar davam edir".
"Dilbərim"in taleyinə gəlincə, A.Cavanşirov təklif verdi: "Yaxşı olardı ki, müvafiq qurumlar, o cümlədən MHA-i, Mədəniyyət və Turizm Nazirliyi tezliklə bu səpkidə olan məsələlərin
beynəlxalq məhkəmədə
həllinə çalışsın.
Bu gün milli sərvətlərimizə
erməni qəsbkarları
sahib çıxdığı
vaxtda bir yandan da kürd
separatçıları tərəfindən
sərvətlərimizin mənimsənilməsinin
qarşısı tutarlı,
hüquqi cavablarla alınmalıdır. Düşünürəm
ki, İbrahim Tatlısəs tezliklə cəzalandırılmalı və
o, atdığı səhv addıma görə müəyyən
təzminat ödəməlidir.
Həmin məbləğ
Azərbaycanın dahi
mədəniyyət ustadlarının
qədim sənət əsərlərinin bərpası
və gələcək
nəsillərə Azərbaycanın
milli sərvəti kimi təqdim olunmasına xərclənməlidir".
Kaspi.- 2007.- 5 dekabr.- S. 17.