II tura 35 vokalçı keçdi
Onlardan yeddisi Azərbaycan təmsilçisidir
Azərbaycan Dovlət
Filarmoniyasında keçirilən Vokalçıların
Bülbül adına IV Beynəlxalq Müsabiqəsinin II
turuna 69 vokalçıdan 35-i vəsiqə qazanıb. Bu
barədə APA-ya Bakı Musiqi Akademiyasının rektoru, xalq
artisti, müsabiqənin münsiflərindən biri Fərhad
Bədəlbəyli məlumat verib. II tura vəsiqə qazanan
35 vokalçıdan 7-nin Azərbaycan təmsilçisi
olduğunu vurğulayan F.Bədəlbəyli II turun
dekabrın 2-də bitəcəyini deyib.
Qeyd edək ki, müsabiqə
Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq
Bülbül Fondu, Beynəlxalq Musiqi Xadimləri
İttifaqının təşkilatçılığı
ilə keçirilir. Müsabiqənin münsiflər
heyətində Beynəlxalq Musiqi Xadimləri İttifaqının
prezidenti, SSRİ xalq artisti, Sosialist Əməyi
Qəhrəmanı, dövlət mükafatları laureatı,
akademik İrina Arxipovanın sədrliyi ilə Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad
Bədəlbəyli, SSRİ xalq artisti, Qazaxıstan
prezidentinin şəxsi qızıl nişanı ilə
təltif olunmuş Bibigül Gülegenova, SSRİ və
Qırğızıstanın xalq artisti Vladislav Pyavko,
İtaliyanın tanınmış müğənnisi maestro
Cüzeppe Pastorole, Ukraynanın xalq artisti Mariya Yuriyevna Stefyuk,
Gürcüstanın xalq artisti Nodar Davidoviç Andquladze,
Almaniyada keçirilən Opera Sənəti festivalının
rəhbəri Korneliya Fon Kerssenbrok, tanınmış Belarus
müğənnisi Oleq Melnikov, Serbiya Milli Operasının
solisti, əməkdar artist Branislav Yatiç, xalq artisti
Firəngiz Əhmədova təmsil olunub. Dekabrın 6-da
yekunlaşacaq müsabiqəyə Belarus, Gürcüstan,
Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna
və Azərbaycandan vokalçılar qatılıb. Müsabiqədə Qran-Pri mükafatı 10 min dollar, I mükafat
5 min dollar, II mükafat 3 min dollar, III mükafat 2 min dollar, IV mükafat
1000 dollar məbləğində nəzərdə tutulub. Bununla yanaşı, müsabiqə iştirakçıları
arasında ən yaxşı tenor, Bülbülün
repertuarından Azərbaycan
bəstəkarlarının əsərlərinin ən
yaxşı ifaçısı,
xalq mahnılarının
ən yaxşı ifaçısı seçilərək
xüsusi priz və mükafatlarla təltif olunacaqlar.
Ekspress.- 2007.- 1-3 dekabr.-
S. 20.