Qaliboğlu E.
Xanəndə gərək səsinə
güvənsin
Ramiz Zöhrabov:
"Mənə heç
bir kəsi tapşırmayıblar
İki aydır ki, Azərbaycan Televiziyasında birbaşa
nümayiş etdirilən
"Muğam müsabiqəsi"
əvvəlki müsabiqələrdən
xeyli üstün cəhətləri ilə
fərqlənir. Bu və
digər müsbət
cəhətlər barədə
müsabiqədə münsiflər
heyətinin üzvü
kimi iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, professor Ramiz Zöhrabov "Xalq Cəbhəsi"nə müsahibəsində
bildirib ki, "iki il qabaq
"Srase" televiziyası
ilə "Muğam müsabiqəsi-2005"
televiziya müsabiqəsi
keçirildi. Həmin müsabiqədə
həm münsiflər
heyəti vardı, həm də seçim tamaşaçıların
SMS-ləri ilə aparılırdı. Bəzən
elə olurdu ki, orta səviyyəli
adamlar da o müsabiqədə birinci yerə çıxa bilirdilər.
Əslində burada tamaşaçıların zövqü
üstünlük təşkil
edirdi, baxmayaraq ki, münsiflər heyətində tanınmış
mütəxəssislər əyləşmişdilər.
Müsabiqənin son mərhələsində ilk
3 yerləri müəyyən
etmək üçün
münsiflər heyətinə
daha çox imkan verildi. Həmin müsabiqədə
SMS-lərin gücünü,
mütəxəssis rəyini
istədiyi vaxt üstələməsinin şahidi
oldum. Yaxşı ki, son mərhələdə
əsas yerlərin müəyyənləşdirilməsində münsiflər heyətinin
istəyi, düzgün
seçimi oldu. Həmin son seçim anında münsiflər heyətinin
üzvü olan xalq artisti Səkinə
İsmayılova Bakıda
deyildi, onun da xalları münsiflər heyətinə
verildi".
Ramiz Zöhrabov artıq iki aydır ki, Azərbaycan Televiziyasında
keçirilən "Muğam
müsabiqəsi"nin
tamam başqa prinsiplərə əsaslandığını
bildirir: "Artıq burada münsiflər heyətinin fikri əsasdır. İlk dəfə olaraq burada SMS yoxdur.
Hazırda dünyada incəsənətlə bağlı
keçirilən müsabiqələrdə
SMS-lərə üstünlük
verilir. Xüsusən
"Muğam müsabiqəsi"ndə SMS-lə düzgün seçim etmək imkanları mümkün olmur".
Artıq "Muğam
müsabiqəsi"ndə
10 tur keçirilib:
"Hazırda "Muğam
müsabiqəsi" 10 nəfər
arasında keçirilir.
Bunun ardınca 4 tur keçiriləcək,
10 nəfərdən 4-ü çıxacaq, 6-sı qalacaq. Artıq bu turda 1-ci, 2-ci, 3-cü yerlər təyin olunacaq".
Muğam müsabiqəsi
ilə bağlı dinləmələrə hələ
yay aylarında başlanılıb: "Yay
ərzində respublikanın
ayrı-ayrı regionlarında olmuşuq. Birinci tur rayonlarda
keçirilib.
Ümumiyyətlə, sonda
müsabiqədə iştirak
edən 500 nəfərdən
20-si qaldı. Şəki,
Gəncə, Lənkəran,
Sabirabad və başqa zonalarda olduq. Naxçıvandan cəmi iki nəfər
iştirak etdiyinə görə onlar Bakıya gəldilər, burada müsabiqədə iştirak etdilər. Bir həftə ardıcıl olaraq müsabiqəyə qatılanları
dinlədik. Müsabiqəyə
qatılanlar arasında
qaçqınlar da çox idi. Bölgələrdəki seçimdən
sonra fərqlənənləri
bir daha Bakıda dinlədik. Müsabiqəyə qatılaraq
qabiliyyəti ilə fərqlənənlər öz
sözlərini deyə
bildilər".
Ramiz Zöhrabov müsabiqədə qabiliyyət
məsələsinin əsas
olduğunu bildirir:
"Şəxsən mənə
heç bir kəsi tapşırmayıblar,
belə söhbət ola bilməz, deməyiblər ki, filankəsə güzəşt
etmək lazımdır.
Müsabiqəyə qatılanlar
arasında müxtəlif
profilli musiqi məktəblərində təhsil
alanlar var. Qaydaya görə müsabiqədə
18 yaşından 30 yaşına
kimi şəxslər
iştirak edə bilərlər. 18 yaş ona görə başlanğıc hədd
kimi götürülür
ki, səs bu zaman tamamilə
yetişir, bu mərhələyə kimi
isə səs dəyişilir, ifaçı
tamamilə formalaşmır".
Gəncədən olan
11 yaşlı Elməddin
isə istisna vəziyyətdə müsabiqədə
iştirak edir: "Elməddinin səsi çox gözəl idi, bu yaşda
uşağın belə
oxuması münsiflər
heyəti üzvlərinin
hamısını razı
saldı, o səbəbdən də qərara gəldik ki, müsabiqədə iştirak etsin. Amma Elməddinin yaşı müsabiqə
şərtlərinə cavab
vermir. Elməddin özü dedi ki, mən ancaq
onluğa düşsəm,
bəsimdir. Məhz yaxşı oxuması nəticəsində Elməddin
yüksək xalla onluğa düşdü.
Hər halda yəqin ki, Elməddin üçün
də ayrıca mükafat nəzərdə
tutulacaq".
Azərbaycanın sabahı
üçün bu səslərin ölkəni
təmsil etmə səviyyəsində olduğunu
deyən Ramiz Zöhrabov nəticələrin
qənaətbəxş olduğu
qənaətindədir: "Bəziləri hətta hərdən belə səslərin tükəndiyini
deyirdilər. Amma gedişat göstərdi ki, Azərbaycanda muğam özünün yeni bir inkişaf
mərhələsinə qədəm
qoyub. Azərbaycanda üçpilləli musiqi
təhsili - uşaq musiqi məktəbi, orta ixtisas məktəbi
və ali musiqi məktəbi (Konservatoriya) var. Dünyanın heç bir yerində musiqi sahəsində belə bir tədris
yönü yoxdur. Bunun da əsasını
vaxtilə böyük
bəstəkarımız Üzeyir
Hacıbəyli qoyub.
1922-ci ildən 1925-ci ilə
kimi bu qayda
formalaşıb, müəyyən
dəyişiklərlə indiyə
kimi davam edir. Muğamların necə tədris olunması ilə bağlı ciddi işlər aparılıb.
Belə sistemə həmişə başqa ölkələr qibtə
ilə baxırlar, onlar ali məktəblərdə
başlayırlar birdən-birə muğamı tədris etməyə, bizdəki kimi effekt vermir. Bu mənada muğam ifaçısının
uşaqlıqdan dərs
alması son dərəcə gözəl
effekt verir, muğam dəstgahları,
zərb muğamlar, kiçik həcmli muğamlar, təsniflər
mənimsənilir. Bu prosesdə müəllimdən
bəhrələnməyə daim ciddi ehtiyac
var, çünki bu, şifahi ənənəli musiqidir.
Getdikcə muğamla bağlı tədris daha da mürəkkəbləşir".
Müsabiqədə tələblər
getdikcə daha da sərtləşəcək.
İfaçılar axırıncı
turda dəf çala-çala oxuyacaqlar,
zərbi muğamlardan
biri mütləq ifaya daxil ediləcək:
"Tələb odur ki, gələcəyin xanəndəsi bütün
muğamları bilməlidir.
Bu cür müsabiqələrdə şərtin
asanlığından söhbət
gedə bilməz. Bilək ki, gələcəkdə bizim
muğam sənətini
kimlər irəli aparacaq. İndiki oxuyanlar musiqimizin gələcəyidirlər, dədə-babalarımızdan qalan muğamı əzmlə,
inadla irəli aparmalıdırlar. Xanəndə
çaşmamalıdır, həmişə düz oxumalıdır, qəzəli,
dəf çalmağı
yaxşı bilməlidir.
Muğamın ifasında
tələblər çoxdur.
Əlbəttə ki, münsiflər heyətinin
hər bir üzvü ifaçılara
müəyyən tərəflərdən
qiymət verir. Müəllimləri daim bu ifaçılarla məşq edirlər. Həmçinin ifaçıların
əruzla bağlı
məsləhətçisi də var. Bu
cür məşqlər
yaxşı səmərə
verir. Xanəndə gərək səsinə güvənsin, həm də səsini qorusun".
R.Zöhrabov muğam müsabiqələrinin iki
ildən bir keçirilməsini məqbul
sayır: "Oxuyan nəfəsini dərməlidir,
yeni səslər birdən-birə yetişmir, bunun üçün müəyyən
vaxt lazımdır".
Xalq cəbhəssi.- 2007.- 19 dekabr.- S. 14.