Həmyerlimizin musiqisi Romada səslənib

 

İtaliyanın paytaxtı Romada yenicə istifadəyə verilən Müasir İncəsənət Kompleksinin konsert zalında "AL Kamanjati" - "Violinoçi" musiqili dram tamaşasının premyerası olub

Qeyd edək ki, ssenarisi israilli jurnalist Amira Hassa, musiqisi isə Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, professor Firəngiz Əlizadəyə məxsus olan tamaşanın süfeti dünya miqyasında günümüzün ən aktual mövzusundan olan Fələstin-İsrail münaqişəsindən götürülüb. Sırf müasir Avropa teatr sənəti üslubunda hazırlanan tamaşada vizual effektlərdən istifadə olunub ki, bu da tamaşanın daha canlı, təsiredici alınmasına, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasına səbəb olub. Real hadisələr əsasında qurulan "AL KAMANDJATI" tamaşanın əsas özəl xüsusiyyətlərindən biri, səhnədəki obrazları məhz hadisələrin iştirakçıları olan insanların yaratmasıdır. Baş rolların ifaçıları - Ramzi Aburedvan Amira Hass illər öncə Fələstində İsrail əleyhinə keçirilən etiraz mitinqlərinin iştirakçıları olublar. Vaxtilə Ramzi Aburedvanın uşaq ikən əlində daş, əsəbi halda, dişlərini qıcıtmış vəziyyətdə çəkilən fotoları dünyaya yayılmışdı. Lakin illər keçir, musiqi ilə yaxından maraqlanan Ramzi, məhz musiqinin sehrli qüvvəsi ilə nifrət hissindən qurtulur. Tamaşanın da əsas qayəsi odur ki, məhz musiqi, incəsənət insanları həmişə sevgiyə səsləyir, bütün aqressiv hisslərdən uzaq tutur.
Tamaşanın premyerasından əvvəl çoxsaylı yerli KİV nümayəndələrinin iştirakı ilə baş tutan mətbuat konfransında çıxış edən Firəngiz Əlizadə əsərin ideyasının ona yaxın olduğunu söyləyərək, vətəni Azərbaycanın bir hissəsinin mənfur ermənilər tərəfindən işğal olunduğunu bildirib: "Torpağı işğala məruz qalan, faciələr yaşayan xalqın övladı olduğuma görə bu mövzu mənə çox yaxındır".
Yerli mətbuatın yaydığı xəbərlərə görə, "AL KAMANDJATI" ictimaiyyət arasında böyük rezonans doğurub.
Onu da bildirək ki, hər il Osloda keçirilən ənənəvi müasir musiqi festivalı olan "FESTİVAL ULTİMA"da nümayişi üçün hazırlanan bu tamaşanın Avropanın müxtəlif ölkələrində nümayiş etdirilməsi planlaşdırılır.

 

Azərbaycan.- 2007.- 6 dekabr.-S. 5.