Mədətoğlu Ə.
İllərin qanadında
Hər kəs dünyaya
bir taleylə gəlir, bir alın yazısıyla
yaşayır, bir varlıq kimi xatirəyə çevrilir. Amma bu dediklərimin üçü
də bəzən tək bir insana
aid ola bilmir.
Ən çox da xatirəyə çevrilmək qisməti...
İnsan xatirəyə
çevrilmək üçün
nələrdən keçir...
nələrin, kimlərin
zərbələrinə davam
gətirməli olur...
Və bu nələr insanı o qədər dolanbaclara, o qədər çətinliklərə, o qədər
sınaqlara tuş edir ki, insan
bəzən çaşıb
qalır. Və çaşdığı
məqamda qəlbində
olan böyük inam, böyük sevgi onun əlindən
tutur. Ancaq bu inam da, bu əldən
tutmaq imkanı da hər adama
nəsib olmur. Bunun üçün gərək Allahın yanında, loru dildə desək, üzün ola,
Allahın dərgahında
sənə ayrılacaq
bir ünvan, bir daldanacaq, bir sığınacaq, bir koma, bir
iynə ucu boyda yuvan ola.
Əgər bunlar varsa, onda yaşamaq
da gözəldir, Tanrıya qovuşmaqda, xatirəyə çevrilmək
də... Yoxsa...
Mən az-çox musiqidən baş açıram. Bəzən musiqiyə ürəklə qulaq asıram, bəzən onu ağılla dinləyirəm, bəzən də vəyhlə... Ona görə ürəklə, ağılla, vəyhlə deyirəm ki, bunlar təkcə mənim ovqatımdan asılı deyil. Onlar həm də oxuyanın və oxunanın, yəni ifaçıyla ifa edilənin şirinliyindən, mahiyyətindən, məramından, təqdimatından, bütövlüyündən, kamilliyindən və ən nəhayət, o ifa edənlə ifa olunanın bir-birini tamamlamağından asılıdır. Bax, bu mənada hər bir ifanın və hər bir ifaçının bütövləşmə imkanı o qədər də böyük və çox deyil. Yəni səsi olanın, avazı olanın seçdiyi, ifa etdiyi mahnılar, bəstələr, musiqilər bəzən heç o avaza, o səsə yatmır, bəzən isə əksinə, gözəl mahnı, gözəl bəstə, duzsuz, qıcıqlandıran, əttökən, ətürpədən, bir sözlə, adamı halından, özündən çıxaran bir ovqata gətirir və məcbur olub ifanı susdurursan, o ifanı "söndürürsən". Çünki fərd olaraq gücün ancaq buna çatır...
... Əvvəldə insan taleyindən, sonra isə ifadan söz açdım. Bu bir növü deyəcəklərimə, yazacaqlarıma özü-özlüyündə körpü idi. Çünki Azərbaycan dinləyicisi, Azərbaycan tamaşaçısı Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadəni ilk ifasından sevib və elə ilk ifasından da onu yaddaşına, ürəyinə köçürübdü. Qəribə burasıdır ki, sovet dönəmində zamanından doğan və çox populyar olan bir söz var idi. "Ara müğənniləri", "ara mahnıları". Amma bu da qəribədir ki, Məmmədbağır Bağırzadə ilk ifasından özünün təqdimatında bütün mahnıları xalqa, dinləyiciyə, tamaşaçıya sevdirə bildi. Onda bir qəribə şirinlik var idi, Və o şirinlik səsinə o qədər hopmuşdu ki, istənilən mahnını, hətta "ölü" mahnını belə canlı, qollu-qanadlı təqdim edirdi. Çünki özü daxil olurdu mahnının içinə. Mahnıya öz ruhunu, öz nəfəsini bağışlayırdı. Bu nəfəs də, bu ruh da Məmmədbağır Bağırzadəni mahnıların qanadında böyüdürdü, ucaldırdı, sevdirirdi və elə o böyümələr, o ucalmalar onu Xalq artistinə, sözün böyük mənasında xalqın sevilən müğənnisinə çevirdi.
Bu günlərdə əlimə bir kitab düşdü. Üz qabığında Məmmədbağırın şəklini gördüm. Mənim üçün bu kitabın müəllifinin, naşirinin kimliyi o qədər də önəmli olmasa da, amma unudulmaz sənətkarımıza sevgimdən dərhal onu vərəqləyib, buradakı bir qismi tanış olan fikirlərə könül verdim. Kitabda Azərbaycanm görkəmli söz, sənət adamları, ziyalıları, unudulmaz Məmmədbağır Bağırzadə barəsində öz ürək sözlərini söyləmiş, xatirələrini dilə gətirmişdilər. Bax, elə əvvəldə dediyim xatırlanmaq xoşbəxtliyi burada da önə keçdi. Deməli, Allahın xoşbəxt bəndələrindən biri olan Məmmədbağır Bağırzadə öz taleyini, özünün Tanrı yanında olan yerini və bir də xatırlanma haqqını həqiqətən qazanıbmış. Ona görə də məni də öz ardınca çəkib aparan xatirələr onunla Füzulidə ilk üzbəüz görüşümü, sonra isə paytaxtdakı görüşlərimi yadıma saldı, xatirələr çözüldü... Və mən xatirələrin qanadında illərin o biri üzündəki Məmmədbağırlı günlərə üz tutdum.
İllər nə qədər qanadlı olsa da xatirələr
bizi onlarla qol-boyun edib, bir-birimizə qaynayıb qarışmışıq.
İllər bizim içimizdə, biz də xatirələrimizlə
onların qanında, canındayıq. Deməli,
səsi ilə illərin kürəyini yerə vuran Məmmədbağır Bağırzadə
də elə bizim həmin canımıza, qanımıza
hopmuş illərlə
birlikdə yaddaşımızın xatirə səhifələrindədir...
Ruhu şad olsun!
Ədalət.- 2007.- 13 dekabr.- S. 6.