Məhərrəmova T. 

 

Dünyanı dolaşan SƏS sahibi

 

Rəşid Behbudov bütün bəşəriyyət üçün oxuyurdu

 

Onu bu gün də nəinki doğma Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində yaxşı tanıyır, sevirlər. Şirin və ecazkar səsi neçə onillərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır. O, bütün bəşəriyyət üçün oxuyurdu. Onu incəsənətimizin əfsanəsi, Tanrı möcüzəsi də adlandırmaq olardı. Vətənimizə başucalığı gətirən bu bənzərsiz səsin sahibi dünya vokal sənətinin ulduzu Rəşid Behbudov idi. Müğənninin çəkildiyi və səsi yazılmış bədii və sənədli filmlər ekranlarımızda dəfələrlə göstərilməsinə baxmayaraq, tamaşaçılar onu hər dəfə maraqla qarşılayır, ekran qəhrəmanlarına sevə-sevə baxırlar.

 

Bir nəslin möcüzəsi

 

Deyirlər, musiqi həmin yerdə elə-belə kök salmır. İnsanların daha çox soy-kökə, torpağa, sənətə bağlı olduğu yerlərə tutur üzünü. Onların ailəsinin də dərin musiqi kökləri olub. Atadan oğula, oğuldan övlada irsən keçib bu istedad. Onların hər biri xalqı öz musiqisinin arxasınca aparmağı bacarıb. Minlərin, milyonların ürəyini əvəzsiz ifaları ilə fəth edə bilib. Behbudovlar nəsli zaman-zaman musiqi sənətimizə başucalığı gətirib, onun dünyada tanınmasına kömək edib.

Babasının Şuşada bəzzaz dükanı vardı. Atası Məcid cavanlığında, hələ Qarabağda yaşadığı vaxtlarda arşın malı satar, başsız qalmış ailəni dolandırardı. Gənc Məcid varlı xanımların malikanəsinə arşın malı aparanda şəhərin küçələrində "Ay arşın malı alan" - deyə "Segah" və "Bayatı" üstündə oxuyar, xoş səsi ilə müştərilərin diqqətini cəlb edərdi. Ancaq tale onunla bir zarafat etdi. O, arşınmalçılığın daşını atıb xanəndə oldu. Məcid Qafqazda xalq mahnılarının mahir ifaçısını çevrildi. Onda bilmədi ki, tale bu zarafatı bir də təkrarlayacaq, haçansa oğlu da "arşınmalçı" olacaq. Həyatda qəribə təsadüflər olur. Neçə onillərdən sonra Məcidin oğlu Rəşid atasının hərəkətlərini bir aktyor kimi ekranda təkrar edir və... onun qəhrəmanı tacir Əsgər də Gülçöhrəyə bir könüldən min könülə vurulur, sonra onu götürüb qaçır.

Qonşuları tarzən Rzabala qovaq ağacının altında salınmış palazın üstündə oturub çalardı. Məcid el havaları, muğam oxuyardı. Rəşid hər şeyi unudub dinləyərdi. Hələ 7-8 yaşı vardı. Qardaşı Ənvər klarnet, bacısı Nəcibə piano çalardı. Rəşid isə nə bir musiqi aləti çalır, nə də oxuyurdu. Dərsdən gələn kimi qaçırdı bostana. Onunku güliçək, qovun-qarpız tağları idi. Qızılgülləri bir dərsə gedəndə, bir də gələndə sayardı ki, dərib-eləyən olmasın.

 

Ailənin sonbeşiyi

 

Rəşid Tbilisidə inqilablar dövründə doğulmuşdu. Elə bir zaman idi ki, hakimiyyət əldənlə keçirdi. Evdən bir çox qiymətli əşyaları, bahalı qab-qacağı aparıb satır və dolanırdılar. Uşaqlar bunların harada olduğunu soruşanda Füruzə xanım "sınıb", "itib" və s. bəhanələrlə onları aldadarmış. Uşaqlarına yemək verəndə mərhəmətli ana özü ac qalardı. "Anacan, bəs sən özün?" - deyə uşaqlar narahatlıqla soruşarkən, onları sakitləşdirər, "mən yemişəm" deyərdi. Həqiqətdə isə çörək payı 100-150 qram olurdu və anaya çox vaxt çatmırdı.

Rəşid ailəyə heç olmasa bir az kömək etmək üçün 12 yaşından işləməyə başlayır. O, sonralar uşaqkən işləməsi haqqında belə danışırdı: "Boyca balaca, çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpin təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum".

Onun əlindən çox iş gəlirdi. Evin hər işinə yarayırdı. Dülgərlik, çilingərlik işindən baş çıxarır, hətta əla xörək bişirirdi. Bunları nə vaxt öyrəndiyini soruşanda deyirdi: "Ailədə uşaqların ən kiçiyi mən idim, buna görə də anamın işə getməsi hamıdan çox məni narahat edirdi. Evimiz Avlobarda - təpənin üstündə idi. Mən yamacaşağı anamın dalınca qaçır və ağlayırdım. Sonra saatlarla pəncərənin qabağında oturub anamın gəlişini gözləyirdim. O, uzaqdan gələn kimi sevinə-sevinə qaçırdım. Anam həmişə xörək bişirəndə deyərdi: "Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək? Ona məsləhət verə bilərsən, öyrədərsən".

Füruzə xanım 42 yaşında qəflətən vəfat etdi. O vaxt Rəşidin 16 yaşı vardı. Elə həmin illərdə o, Tbilisidə "Teo-caz" adlı kiçik caz ansamblı yaradır. O dövrdə ansamblı bütün ittifaqda məşhur olan Ayvazyan bunu görüb Rəşidi öz ansamblına dəvət edir. O, Ayvazyanın caz-bəndi ilə bütün ölkəni dolaşır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Həm də ki, onun qohum-əqrəbası - Vəkilovlar burada yaşayırdı. Tezliklə Rəşidin səsi və zahiri görkəmi Bakını fəth edir. Çox keçmir ki, lap nağıllardakı kimi xoşbətlik quşu başına qonur - Rza Təhmasib onu "Arşın mal alan" filminə dəvət edir.

 

Arşınmalçı

 

Rəşid Behbudov 1945-ci ildə həmin filmdə Arşınmalçı rolunda çəkilir və bu film onu böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun oynadığı ilk roldur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş və dəfələrlə alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."

Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, paltarını belə dəyişmədən, qrimini təmizləmədən yol maşını ilə Qazaxa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. "Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim görüm, düzdür, ya yox".

Bundan bir az sonra ikinci teleqram gəlir. Bu dəfə atası həqiqətən vəfat emişdi.

Rəşid Behbudov söhbətlərinin birində demişdi: "Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. "Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim "Arşın mal alan" dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi" - deyirdi. Doğrudan da, filmdə ifa olunan, dünya ekranlarında məharətlə səslənən mahnı uzun illər müğənninin "vizit vərəqəsinə" çevrildi. "Arşın mal alan" ona çox böyük uğur gətirərək 50-dən artıq ölkədə nümayiş etdirildi.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə "Arşın mal alan" kinokomediyası ilə bitmir. O, həmçinin "Bəxtiyar" filmində, "1001-ci qastrol", "Doğma xalqımıza", "Toyda görüş", "Abşeron ritmləri" film-konsertlərində və bir çox sənədli filmlərdə və kinoyurnallarda çəkilib.

1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Azərbaycanlı müğənni Sovet İttifaqından gəlmiş ilk sənətçi idi. Artıq o, son dərəcə populyar idi. Çində "Arşın mal alan" filmi "Örtüksüz məhəbbət" adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Ona görə də Rəşidi orada hamı tanıyırdı.

Məşhurluq onu addımbaşı izləyirdi. "Bəxtiyar" filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo konsertlər, laureatlıq. Bəlkə də onun təbiətindən irəli gəlirdi. O, mahnılarını elə ifa edirdi ki, çox sentimental hissə qapılanlar arasında heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqın əksər qızları müğənniyə vurulmuşdu.

 

Onu hər yerdə sevirdilər

 

Müğənni Azərbaycan Böyük Dövlət Konsert Ansamblı ilə qastrollara getməyə başladıqdan sonra bu kollektiv Mahnı Teatrı adı altında fəaliyyətə başladı. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Bəzi ölkələrdə ansambl bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb.

Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar. Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov Çilidə Milli Qəhrəman Viktor Xara ilə tanış olur, onlar birlikdə mahnılar ifa edirlər. 1973-cü ilin sentyabrında Çilidə hərbi çevriliş baş verib hərbi xunta hakimiyyətə gələndən sonra gözəl gitaraçalan Viktor Xaranın hər iki qolunu kəsirlər. Rəşid və onun kollektivi uzun müddət ölkədən çıxa bilmir. Sovet hökuməti işə qarışandan bir neçə ay sonra Rəşid Behbudov öz kollektivi ilə birgə nəhayət, vətənə qayıda bilir.

 

Qızların sevimlisi

 

Rəşid binoklu əlinə götürüb eyvanda durar və həyətlərindən keçib gedən tələbə qızlara tamaşa etməyi xoşlayarmış. Günlərin birində Tibb İnstitutunun tələbələri arasında gördüyü bir qız üçün arzu tutur: "Əgər ad günümdə bu qızla tanış olsam, onunla evlənəcəyəm". Bir neçə gün sonra Rəşidlə qonşuluqda yaşayan Fikrət Əmirovun anası Dürdanə xanım həyətə enir və "Bir dəqiqə sizi olar?" - deyə qızı saxlayır. Özünü təqdim edir. Bu zaman məlum olur ki, onlar az qala qohumdurlar. Dürdanə xanım qızı evə dəvət edir. Rəşid dərhal öz niyyətinin ciddiliyini açıq bildirir. Artıq yanvarın 1-də Fikrət Əmirovun "Sevil" operasının premyerasında o, qızın valideynləri ilə tanış olur. Finlandiyaya və Hindistana səfərləri zamanı qıza tez-tez zəng edir və məktub yazırdı. Qayıtdıqdan sonra isə onunla evlənmək istəyini rəsmi bildirir. O, tələsir, deyirdi ki, birdən valideynləri qızı başqasına verərlər. Hər halda arada 19 yaş fərq vardı. Rəşidin qulağına çatmışdı ki, bədxahları tez-tez qızgilin evinə zəng vurur, onun valideynlərini bu fikirdən daşındırmağa cəhd göstərir: "Qızınızı kimə ərə verirsiniz?" - deyə irad tuturdular. Lakin bütün bunlara baxmayaraq, onlar evlənirlər.

İndi o vaxtdan çox illər keçir. Ceyran xanım onu sevimli həyat yoldaşından ayrı salan həyatın faniliyindən çox gileylidir. Təsəllisi Rəşid Behbudovun yaddaşlara əbədi köçən ifası, qəlblərdə yer alan daimi məhəbbətidir.

 

Kaspi.- 2007.- 14 dekabr.- S. 16.