Yaşca
qocalsaq da, sənətdə qocalmırıq
Nəriman Məmmədov, bəstəkar:
"Hər mahnıda yeni bir söz deməlisən"
Xalqın adına yazılan
nəğmələrdə hər kəs öz könül
çırpıntılarını eşidə, öz ruhunu
onlara köçürə bilir. Bu mahnılarda insanların
zaman-zaman yaşadıqları ağrı-acılar da var,
möhnət də, hicran da, sevgi də, fərəh də.
Bir xalqın adət-ənənələri, bütöv bir
tarixdir bu mahnılar.
Üzeyir
bəy, Q.Qarayev, F.Əmirov, Niyazi, R.Hacıyev kimi böyük
bəstəkarların yaratdığı əsərlərin
ahəngindəki qeyri-adi gözəllik həmişə
duyulanda qürur duyuruq. Yaxşı ki, bu
böyük sənətkarların məktəbinin
sehrindən güc alıb, onların saldığı yollarla
gələnlər indi də var. Əməkdar
incəsənət xadimi, Musiqi Akademiyasının professoru,
tanınmış bəstəkar Nəriman Məmmədov
kimi.
- Bu
günlərdə doğum gününüzü qeyd
edəcəksiniz. Necə bilirsiniz, illər tezmi keçdi?
- Yaşa dolmaq sevincimiz demək deyil.
Düşünürsən ki, ömürdən bir il də getdi... Bəstəkarlıq
çox çətin sənətdir. Hər
gün çalışırıq, yenə də vaxt
çatmır. Gecə yatanda yuxuya
getmək də çox çətin olur. Bəlkə başqaları üçün
gecələr istirahətdir, amma bizim ən
darıxdığımız vaxt gecədir. Öyrənmək üçün bəstəkara
çox uzun illər lazımdır. Biz
yazdıqlarımızı həmişə obrazla, hisslə,
duyğuyla əlaqələndiririk. İnsanların
psixologiyası, romantikası bəstəkarda böyük
təsir yaradır. Gözəl bir
musiqiyə qulaq asandan sonra insan mütləq nəsə yazmaq
istəyir. Əlbəttə, yaş
gəldikcə insan kədərlənir. Ona
görə ki, həyatın bütün nemətlərini
görməmisən, dahi insanlarla az-az təmasda olmusan,
çox şeylərdən imtina etmisən. Allah bizə ömür verib, ancaq bu, yenə
azdır. Çünki
həyatımızın çox hissəsini
çalışmağa həsr edirik. Nə zaman ki,
insan püxtələşir, var gücüylə
çalışmaq istəyir, onda da... Hələlik
məndə elə bir xəstəlik yoxdur. Axşamlar yorğunluqdan əsəb xassəli balaca
tutmalar olur. Ancaq nə etmək olar? Həyatın qanunudur. Yaranan bir
gün getməlidir. Bununla əlaqədar
heç vaxt yaşı qeyd eləmirəm. Allah bəstəkara nə qədər ömür
bəxş edirsə, o qədər yazmaq qabiliyyəti verir.
Bəstəkarın xoşbəxtliyi odur ki,
yaşa dolduqca onun duyğuları daha da zənginləşir,
yazmaq imkanları genişlənir. Xoşbəxtliyimiz
odur ki, yaşca qocalsaq da, sənətdə qocalmırıq.
İnsan hər bir şeyə
marağını itirirsə, demək onda qocalır. Bethovenin gözləri kor, qulağı kar ola-ola 9-cu
simfoniyanı yazıb. O, bu əsəri daxili
duyğuları hesabına yaradıb. Verdi ən
gözəl əsərlərini 90 yaşına qədər
yazıb. Stravinski 64 yaşında Moskvaya
gəlmişdi. Mən onu
səhnədə görmək üçün Moskvaya
uçdum. Bu mənimçün
böyük xoşbəxtlik idi. Sənətin
gözəlliyi bizi belə ovsunlamışdı. Biz adi musiqiçi olmaq, adi əsərlər yazmaq
istəmirdik.
- Daxili
duyğular, yuxusuz gecələr hesabına ərsəyə
gələn bu əsərləri bəzən sevib,
bəzən sevməyərəkdən dinləyib onların
hansı əziyyət bahasına başa gəldiyinin biz
dinləyicilər çox vaxt fərqinə varmırıq. Bizimçün əsas üzdə olandır -
yəni dinlədiyimiz mahnı. Bu etiraf sizi
kədərləndirirmi?
- Çox təəssüf ki,
bəzi yurnalistlər bəstəkar sözünü çox
bayağı halda işlədirlər. Bu
mənim yaralı yerimdir. Bəstəkar
sözünün altında çox şey yatır.
Keçmişdə heç bir adam sənəti
yaxşı bilmədiyi halda heç kimə qiymət
verməyə cürət eləmirdi. Üzeyir
bəy, Qara Qarayev, Fikrət Əmirov kimi dahi,
təcrübəli insanlar qiymət verərdi. Musiqi haqqında bu cür insanlar
danışırdı. İndi bir də
görürsən ki, birisi radio və ya televiziyada çıxaraq
özünəinamla bəstəkarlıqdan
danışır. Axı bizim dahi
bəstəkarlarımız olub. Biz
bəstəkar olmaq üçün nə qədər
çalışmışıq. Mən 7
simfoniyanın, 2 baletin, 7 konsertin, oratoriyaların, çoxlu
mahnının müəllifi olsam da, bəstəkar
sözünü qorxa-qorxa işlədirəm. Odur ki, yurnalistlər xalqı çaşdıra
bilər. Üzeyir bəy həmişə
yazdığı əsərlərlə xalqın
səviyyəsini qaldırmağa çalışıb.
Musiqi o vaxt güclü olur ki, o, xalqı
tədricən tərbiyələndirir. Ona
görə bayağı musiqiləri yüksək
səviyyədə xarakterizə edib xalqı
çaşdırmaq olmaz. Balaca bir
mahnı yazanı bəstəkar sayıb xalqı
çaşdırırlar. Üzeyir bəyin vaxtında
belə mahnı yazanları həvəskar bəstəkar da
yox, sadəcə, musiqiyə həvəskar adam
adlandırırdılar. Ona görə də
burada zərər xalqındır. İndi
oxuyanlar çoxalıb. Heç birinin
də səsi yoxdur. Mikrofon
gücünə oxuyurlar. O adam
efirə çıxmalıdır ki, xalqa dərs versin. Dərin bir sənəti
primitivləşdirməyə heç kəsin haqqı yoxdur.
Bu, biz bəstəkarları çox narahat edir.
Axır zamanlar televiziya kanallarının
səviyyəsi aşağı düşüb. Müəyyən məqsədlərlə
gecə-gündüz indiki "ulduz"ları
səsləndirirlər. Müğənnilər
professional bəstəkarlarla işləməkdən
çəkinirlər. Onlar
müvəqqəti populyarlıqlarını itirməkdən
qorxurlar. Bəziləri yersiz halda
özünü dahi adlandırır. İnsan
özünü nə qədər balaca saysa və bilsə
ki, hələ öyrənmədiyi dəryalar var, onda
inkişaf daha da yaxşı olar. Yox,
əgər bilsə ki, artıq hər şeyə nail olub, bu
onun zəifliyidir.
- Sizcə bu
gün yaranan bayağı musiqilərin cəmiyyətə
hansı zərərli təsiri var?
- Musiqi insanı
formalaşdırır, onda zəngin duyğular tərbiyə
edir. Bayağı musiqilər
keçmişdə də olub, amma bu səviyyədə yox.
Axır zamanlar uşaqların, gənclərin
restoranlarda yığışaraq saldıqları
çığır-bağır televiziya kanallarında
göstərilir. O tamaşaçılar arasında
bircə nəfər də samballı adam
olmur. Orada aşağı səviyyəli adamlar
toplaşır. Restoranlarda
səsləndirilənlərin heç biri musiqi deyil. Bu sahədə təcrübəsi olan bir insan kimi bu
sözü deməkdə səhv edə bilmərəm.
Mən 40 il Moskvada Yaradıcılıq
Evində məşğul olmuşam. Çox
böyük dahi bəstəkarlar görmüşəm,
onların əsərlərini dinləmişəm. İndiki musiqilərin heç biri yadda qalmır.
Bunun çox zərərli təsiri ola
bilər. Xalqın indiyədək qoruduğu
ənənələr heçə gedir. O vaxt Üzeyir
bəy radioda yaxşı bir veriliş
səsləndirilməyəndə tez sədrə zəng vurub
verilişi saxlatdırırdı. Ona
görə yox ki, paxıllıq edirdi. Ona
görə ki, bu veriliş xalqın səviyyəsinə pis
təsir göstərə bilərdi. Əfsus
ki, bu gün bizim buna gücümüz çatmır. Biz o zaman gözəl musiqişünaslara qulaq
asardıq. Mən sizə açığını
deyim: musiqidə millət məsələsi yoxdur. Biz yüksək insan yetişdirmək arzusunda
olmalıyıq. Yüksək insan
millətini böyüdə bilər,
şöhrətləndirər. Biz
həmişə görkəmli
şəxsiyyətlərdən dərs almışıq.
Moskvada oxuyanda dərs aldığım müəllimlər
heç vaxt bizim milliyyətimizlə maraqlanmırdılar.
Onları maraqlandıran bizim hansı
qabiliyyətə malik olmağımız idi. Biz də onların etimadını doğrultmaq
üçün gecə-gündüz
çalışırdıq.
- Nəriman
müəllim, ömür yolunuza nəzər salanda razı
qaldığınız, yoxsa gileyləndiyiniz məqamlar
çoxdur?
- Özümü dünyanın
xoşbəxt adamlarından biri sayıram. Ona
görə ki, sənətimi düzgün
seçmişəm. Mən musiqiyə
təsadüfi gəlməmişəm. Sonralar
özümü yoxlayanda görmüşəm ki, başqa bir
sənətə bundan artıq sevgi göstərə
bilməzdim. Nəticələr də odur
ki, simfoniyalar, oratoriyalar, baletlər, konsertlər,
müxtəlif mahnılar, romanslar və başqa
əsərlər yazmışam. Mahnılarım
məşhur müğənnilərin ifasında
səslənir. Həm Naxçıvanın, həm
də Azərbaycanın Əməkdar incəsənət
xadimiyəm. Gec də olsa, professor adı
almışam. Gec-tez haqq öz yerini
tapır. İnsan yersiz nəyəsə nail olanda onun
gözəlliyi o qədər hiss olunmur. Budur
insanın xoşbəxtliyi. İnsan bir ev
tapıb yaşayır, aldığı maaşla
birtəhər dolanır. Əsas odur ki,
cansağlığı olsun. Mən
heç vaxt narazı olmuram. Fəxri ad
almaq sevindirici haldır, almamaq isə faciə deyil. Zəhmət heç vaxt hədər
getməyəcək. Mən ancaq sevinci
axtarıram. Nə iş görmüşəm,
nəyə nail olmuşam? Allahdan ancaq
cansağlığı arzulayıram. Vaxtım
çatmadığından imtina etdiyim gözəllikləri,
həyatın nemətlərini duymaq istəyirəm. Bizə çox gözəl işləmək
tərbiyəsi veriblər. İnanın
ki, gecə olmasa, gecə də işləyərəm.
Puşkin, Mikayıl Müşfiq, Səməd Vurğun,
Hüseyn Cavid kimi dahi adamlar həyatdan çox erkən gedib,
başlarındakı fantaziyanı axıradək həyata
keçirə bilməyiblər. Bu
xoşbəxtlikdir ki, biz hələ yaşayırıq.
Qoy insanlar xırda şeylərə fikir
verməsinlər, vaxtlarını boş şeylərə
sərf etməsinlər, bir-birlərinin qəlbini
incitməsinlər. Aldığımız
tərbiyəyə uyğun məsləhət vermək
borcumuzdur. Müəllimlərimiz də
bizə bu məsləhəti veriblər. Qoy heç
kəs inciməsin! Mən özümü
hələ də tələbə kimi aparıram,
çünki bizi belə tərbiyə ediblər. Qoy gələcək nəsil musiqini
əyləncəyə çevirməsin. Musiqi
əyləncə deyil, insanın mənəvi
dünyasıdır.
- Ömrün
qısalığına baxmayaraq, insan həmişə
çalışır. Bəs
gördüyü işlərdən
fərəhlənməyə nə zaman vaxt tapır?
- Biz
hamımız bu dünyada qonağıq. Rəhmətlik
Mirzə Babayev Xuraman Vəfanın sözlərinə
yazdığım bir mahnını oxuyurdu: "Əzrayıl
qapını döyəndə heç kim kömək edə
bilmir. Yəni axırı ölümdür". Hamı
həyatda bir iş görməyə çalışır.
Həyatda boş-boş, mənasız yaşayıb
gedənlər də olur. Biz insanlara nə qədər xeyir
veririk, onu bilmirik. Fərəh hər bir anda olur. Mən o
fərəhi hər gün tapıram. Fərəhi hər bir
akkordda, hər bir intonasiyada tapmaq olur. İşimin
yaxşı nəticəsi olanda məndə
əhval-ruhiyyə yaranır və şad oluram. Elə bir
günüm də olur ki, yeni bir şey tapa bilmirəm, onda
bütün günü bədbin oluram. Hər mahnıda yeni
bir söz deməlisən. Onda fərəh yaranır. Mən
akademiyada işlədiyim üçün Azərbaycanın
bütün bölgələrində olmuşam. Xalq
mahnılarını toplayıb məcmuə halında
dərc etdirmişik. Oyun havaları və mahnılarını,
Azərbaycan muğamlarını, vokal dəstgahlarını
nota salmışam. Moskvanın yaradıcılıq evində
böyük bəstəkarlar üçün muğam
çalıb onlara saatlarla muğam haqqında söhbət
açanda mən o fərəhi duymuşam. Nota
saldığım muğamları İngiltərə, Amerika,
Türkiyə və başqa ölkələrdən
sifarişlə alıblar. Muğamları və
köməkçi muğamları instrumental formada, bir də
partitura şəklində yazmışam. Yeni əsərlərim
çoxdur. Ancaq heyif ki, bu əsərlər səslənmir.
Televiziya kanalları efirdə yalnız
"təlxək"lərə meydan verir. Biz nə
qədər yeni əsərlər yazsaq da, xeyri yoxdur. Xalq bizim
əsərlərimizi eşitmək imkanından məhrumdur.
Efirdən yalnız peşəkarlıqdan uzaq əsərlər
səslənir. Xalqın mənəvi dünyasını
korlayırlar. Musiqi aləmi şadlıq evlərinə,
restoranlara qulluq edir. Görkəmli
bəstəkarlarımız - Qara Qarayev, Fikrət Əmirov bu
vəziyyəti görsəydilər, yenidən
ölərdilər. Onların əsərləri
səslənmirsə, mənim əsərlərimi kim
səsləndirəcək?
Kaspi.- 2007.- 25 dekabr.-
S. 16.