Sarıyeva İ.

 

Xan Şuşinskinin ev muzeyi hələ də yaradılmayıb

 

Lent yazıları isə Gürcüstanda saxlanılır

 

«Xan Şuşinskinin Tiflisdə saxlanan lent yazıları hələ Azərbaycana gətirilməyib. Bu lent yazılarının ölkəyə gətirilməsilə bağlı ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyevə müraciət etmişik.

Amma hələ ki, bir xəbər yoxdur. Düzdür, Xanın Tiflisdəki lent yazılarının sayı o qədər də çox deyil. Biz bildiyimizə  görə, orada cəmi 15-20 lent var. Xan gürcülərin  milli qəhrəmanı «Georgi Sarkadze» haqda Gürcüstan Kinostudiyasının və «Mosfilm»in birgə çəkdiyi iki seriyalı filmdə həmin  muğamlardan  bəzisini oxuyub. Daha doğrusu,  o filmdə Xanın ifasında «Heyratı», «Zəminxarə» muğamlarından və «Zabul»un maye hissəsindən istifadə edilib». Bunu «Bakı-Xəbər»ə açıqlamasında görkəmli xanəndə, Azərbaycan SSRİ xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirov deyib.

Aslan Cavanşirovun sözlərinə görə, Gürcüstanda saxlanan bu lent yazıları Xan Şuşinskinin ilk lent yazılarıdır və bu, Azərbaycanda yoxdur. Bu lentlərin yazılma tarixinə gəldikdə isə, A.Cavanşirov bildirdi ki, bu, təxminən 1938-39-cu illərə təsadüf edir: «Bu lentlərin yazılma tarixi o qədər də dəqiq deyil. O dövrdə Tiflisdə bir musiqi olimpiadası keçirilib. Xan da o vaxt Səid Rüstəmovun rəhbərliyilə Üzeyir Hacıbəyov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiətilə orada çıxış edib və birinci yerin qalibi olub. Həmin çıxışları lentə yazılaraq saxlanıb».

Xan Şuşinskinin lent yazılarının bir neçə dəfə küll halında disk şəklində işıq üzü gördüyünü bildirən A.Cavanşirovun sözlərinə görə, atasının lent yazıları 1941-1955 və 1961-65 radioda qrammafon vallarına və radionun fondunda saxlanması üçün lentə köçürülüb: «Yəni Xan Şuşinskinin əlimizdə olan bütün lentlərini disk şəklində çap etdirmişik. Bir müddət əvvəl Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ xanəndələrinin ifası silsilə kitab şəklində çap edildi. Burada Xan Şuşinskinin ifa etdiyi nə varsa, hamısı disk şəklində buraxılıb».

«Xan Şuşinskiyə cəmiyyətin, hökumətin göstərdiyi münasibətdən razısınızmı» sualını cavablandıran Aslan Cavanşirov atasına münasibətdən narazı olduğunu gizlətmədi: «Atamın Üzeyir Hacıbəyov küçəsi 37, 43 ünvanda - «Aynur» məişət evi yerləşən binada barelyefi asılıb. Ondan narazıyam ki, yuxarı mərtəbələrdəki kondisionerlərin suyu barelyefin üstünə axır. Bunun qarşısının alınması üçün dəfələrlə şikayət etsək də, bu barədə ölçü götürülmədi. Mən barelyefin üstünə tökülən suyun qarşısını almaq məqsədilə qoruyucu düzəltdim, amma sonra gördüm ki, qoruyucunun altından başqa bir kondisioner qoyublar». İndiyə qədər Xan Şuşinskinin mənzil muzeyinin hansı səbəbdən yaradılmadığına gəldikdə isə, A.Cavanşirov bildirdi ki, o, hazırda atasının son yaşadığı evdə kimlərin yaşadığını bilmir: «Biz oradan çoxdan köçmüşük. Ev muzeyinə gəldikdə isə, Xan Şuşinskiyə aid elə də çox material yoxdur ki, onun üçün ayrıca ev muzeyi olsun. Atamla bağlı nə qədər material, sənəd varsa, hamısı Musiqi Mədəniyyəti Muzeyində saxlanır. Əlbəttə ki, muğam muzeyi olsaydı, daha yaxşı olardı. Orada da Xan Şuşinskiyə böyük bir guşə aylsaydı, pis olmazdı».

 

Bakı xəbər.- 2007.- 14 dekabr.- S. 16.