Xalq
artistlərinin müəllimi
Dəfçalan Mahmud Salah özünün
sənətdəki yerini belə təsnifləyir
Qədim musiqi aləti olan qavaldan
klassik əsərlərdə - dahi Nizaminin, Füzulinin
yaradıcılığında bəhs olunur. Vaxtilə
saraylarda təşkil olunan məclislər qavalsız keçmirdi.
Hazırda bu alət ölkəmizdə keçirilən
muğam müsabiqlərinin, konsertlərin rəmzinə
çevrilib. Ancaq təəssüf ki, belə bir milli
alətin peşəkar ifaçısı Azərbaycanda
yalnız bir nəfərdir - Mahmud Salah.
Yeni tar
-
Rəhbəri olduğunuz "Qədim Şərq qrupu"nu
hansı zərurətdən yaratdınız?
- İndiyə
qədər mənim bir neçə ansablım olub.
Əvvəllər Sadıqcan adına muğam
üçlüyündə çalışmışam. Bu
üçlükdə məndən başqa xalq artistləri
Ramiz Quliyev və Şəfiqə Eyvazova
çıxış edirdilər. 1987-ci ildə Alim Qasımov
və Səkinə İsmayılova həmin
üçlüyün müşaiyəti ilə
Səmərqənddə keçirilən simpoziumda
çıxış etdilər. Alim Qasımov simpoziumun birinci
mükafatına layiq görüldü. Elə həmin
simpoziumdan sonra onu bütün dünya tanıdı.
Dəfçalan kimi mənim də peşəkar
səhnədə debütüm uğurlu oldu.
Həmin
üçlüklə işlədiyim zaman öz kollektivimi
yaratmaq qərarına gəldim. 1988-ci ildə "Buta"
adlı instrumental trio yaratdım. Həmin ilin aprel ayında bu
qrupla Az.TV-də ilk çıxışım oldu. Sonra
ölkədə baş verən müxtəlif
hadisələr nəticəsində qrupun fəaliyyəti
dayandı. 1996-cı ildə qrupun fəaliyyətini bərpa
etdim. Bir neçə ildən sonra Elçin Həşimovla
Elnur Əhmədovu "Buta"ya dəvət etdim. Onlar çox
gənc olduqlarından həvəsləri hədsiz idi. Onlarla
iki il işlədim. "Buta" musiqi sənətimizdə
özünəməxsus iz qoydu.
- Siz milli
alətimiz olan tarın quruluşunda da dəyişiklik
etməklə demək olar ki, yeni tar icad eləmisiniz. Bəs
bu yeniliyiniz necə qarşılandı?
- 1998-ci
ildən başlayaraq artıq tarın yeni bir forması ilə
məşğul oldum. Tarla bağlı ideyalarım var idi.
Çalınmayan, ifa olunmayan qədim muğamlarımızla
məşğul idim. Məni ermənilərin
muğamımıza yiyələnməsi səbəbi
maraqlandırırdı. "Nə üçün onlar
muğam ifa etməyi bacarırlar?" - deyə
gecə-gündüz fikirləşirəm. Bu qənatə
gəldim ki, onlar bizim bütün
adət-ənənələrimizə yiyələnirlər.
Vaxtilə tarımızdan bəzi pərdələri
çıxarandan sonra muğamlarımız
ümumiləşdirildi və bir-birinə oxşamağa
başladı. Fortepianoya aid olan səs tezlikləri qalanda
ermənilər də təbii ki, bunu ifa edə
bilərdilər. Sonradan bəzi muğam "xiridarları"
bir çox muğamlarımızın farslara məxsus
olduğunu bildirdilər. Ancaq bir var farsın
muğamı, bir də var İran muğamı. Əgər
İranda 35 milyon, bizdə isə 8 milyon azərbaycanlı
yaşayırsa, necə olur ki, bizə muğamın aidiyyatı
olur, onlara yox? Üzdəniraq başbilənlərimiz
vəzifədə oturub yalnız muğamın adını
bilən, amma qədim muğamlarımızdan
xəbərsiz olanlar bu gün də erməniyə və ya
farsa muğam bağışlayırlar. Ona görə də
təxminən 30 yaşımdan bu problemlə məşğul
olmağa, muğamlarımızı dərindən
öyrənməyə qərar verdim. Öyrəndikcə,
başa düşdüm ki, muğam barədə çox az
şey bilirik. Mənə bu gün də elə gəlir ki,
heç nə bilmirəm. Muğamlardan danışmağa qorxuram.
Hərdən ətrafıma baxıb muğamlardan
ağızdolusu danışan adamları görəndə
təəccüblənirəm. Onlar muğamın
dərinliyinə bələd olsalar, muğam barəsində
ağızlarına bir kəlmə də almazlar. Bu
baxımdan mən musiqimizin içində olan nankorlarla da
mübarizə aparmağa başladım. İlk növbədə
tardan qoparılan həmin pərdələri tapmağa
çalışdım. Ancaq tara pərdə əlavə
etmək o demək deyil ki, sən muğamın bütün
sirlərini açdın. Əsas odur ki, hər bir
muğamın özünəməxsus pərdəsini tapasan.
Mən buna nail oldum. 2000-ci ildə artıq tarın yeni bir formasını
işlədim. Tarda diapazonu artırdım, imkanlar
böyüdü, 40 pərdəli tar əmələ
gəldi. Bundan sonra mən kollektivin adını
dəyişməyə məcbur oldum. "Buta"
adını "Qədim Şərq qrupu" ilə
əvəzlədim. Artıq bu kollektivlə dünyanın bir
çox ölkələrində, o cümlədən, 2007-ci
ilin fevral ayından bu günə qədər Amerika,
İngiltərə və Almaniyada səfərdə
olmuşuq.
- Kollektivin
üzvləri kimlərdir?
- Bu kollektiv
əsasən tar və qaval alətləri üzərində
qurulub. Yəni bu kollektivdə əsas sima Mahmud Salah və
Elman Sadıqovdur. Xanəndələrə gəlincə,
onların hamısı ilə işləyə bilərəm.
Yəni kollektivimiz 5 və ya 10 nəfərdən də
ibarət ola bilər. Həmişə gəncliyimdə
mənə mane olublar. Ona görə də daha çox
gənclərlə işləməyə
çalışıram.
- Bəs sizin
yeni ifanız dinləyicilər tərəfindən necə
qarşılandı?
- Yeni iş
asanlıqla başa gəlmir. Bu təbiidir, həmişə
mübarizə olur. Əgər kimsə "bu bizə
lazım deyil" - deyə onu qəbul etmək
istəmirsə, mən həmin adamı dəvət
eləyirəm ki, gəl əyləş: bu tar, bu da sən.
Çala bilirsənsə, çal. Bu tara tarzənlər
əl vura bilmirlər. Çünki bu tardan qorxurlar. Onları
vahimə basır. Ya qısqanclıqdan, ya da ifa etməyi
bacarmadıqlarından tara belə münasibət
göstərirlər. Ya da "Bu tar qəbul olunanda bizim
aqibətimiz necə olacaq" fikrindən qorxuya
düşürlər. Odur ki, İran muğamı
çalırlar. Söhbət ifadan gedir. Əgər
bacarırsansa, ifa elə... Əgər Vaqif Mustafazadəyə
Azərbaycan muğamlarının cazla sintez edib ifa etdiyi
zamanda iradlar, təzyiqlər vardısa, indi görün
mənim aqibətim necədir? Onu da deyim ki, ilk tarı
bərpa edəndən sonra ona ilk reaksiyanı Türkiyənin
ikinci televiziya kanalı verdi. 2004-cü ildə "Lider"
televiziyası, ən sonda AzTV bu tar haqqında veriliş
hazırladı. Elman Sadıqov həmin tarın ilk
ifaçısıdır. Tarı icad etdiyim vaxtdan bu
günə qədər onun pərdələrinin açılmasında
Elman Sadıqovun böyük rolu olub.
Gərək
öz gözünüzlə görəydiniz!
-
Səfərlərə hansı xətlə gedirsiniz? Öz
hesabınıza, yoxsa dövlətin köməyi ilə?
- Dövlət
xətti ilə getmirik. Sadəcə olaraq, kollektivimiz
təkliflər alır. Gözəl alimimiz, YUNESKO-nun
qeyri-maddi sərvətlər üzrə eksperti Sənubər
Bağırova ilə işbirliyimiz var. Layihələrimizin
reallaşmasında onun çox köməyi olub. O, muğam
sahəsində xarici ölkələrlə geniş
əlaqələr qurur. Müxtəlif konfranslarda, simpoziumlarda
məruzələrlə çıxış edir.
Həmçinin praktiki olaraq muğamımızın xarici
ölkələrdə təqdimatına köməklik edir.
Təbii ki, həmin əlaqələrin gerçəkləşməsi,
muğamımızı nümayiş etdirmək
üçün ona üzünü ağardan bir kollektiv
lazımdır. Bu kollektivdə də digər qruplar kimi Azərbaycan
muğamları nümayiş etdirilir. Sadəcə, bu
kollektivlər arasında bir balaca fərqlər var. Həmin
fərqlərin hesabına mən kollektivlə daha çox
çıxışlar edə bilirəm. 2007-ci ilin fevral
ayında Böyük Britaniyaya dəvət olundum. Orda
universitetin Afrika və Şərq oriental musiqisi və folkloru
tədqiqatları studiyasında - SUAT-da çıxış
elədik. "Bi-Bi-Si"nin üçüncü
kanalında Azərbaycan musiqisi haqqında bir saatlıq
verilişimiz yayımlandı. Təbii ki,
"Bi-Bi-Si"də Azərbaycan verilişinin birbaşa
yayımı bizim musiqi aləmində görünməyən
hadisədəir. Aprel ayında bu kollektivlə ABŞ-ın
dörd ştatında çıxış elədik.
Həmçinin altı ustad dərslərim oldu. Eyni zamanda,
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
təşəbbüsü ilə bir sıra konsertlər
keçirdik. Elə şəhərlərdə olurduq ki, orada
bir azərbaycanlıya belə rast gəlmək mümkün
deyildi. Təbii ki, onlar bizim muğamlarımızdan,
musiqimizdən xəbərsiz idilər.
- Bəs ilk
dəfə eşitdikləri musiqini necə
qarşıladılar?
- Bunu
gərək öz gözünüzlə görəydiniz!
Fakt o deyil ki, onlar bizim Azərbaycan musiqimizdən
xəbərsizdilər. Sadəcə, Azərbaycan musiqisi
elə bir gücə malikdir ki, o bütün insanların
qəlbini riqqətə gətirə, onların
ürəyinə daxil ola bilir. Təbii ki, biz də öz
musiqimizin gücünü göstərməyə
çalışdıq. Xaricdə belə bir şey var: onlar
musiqini dinləyərkən ilk növbədə
musiqiçiyə fikir verirlər. Dərhal da bunun vasitəsi
ilə musiqini qiymətləndirirlər. Musiqiyə diqqətlə
qulaq asandan sonra ifaçının yalandan, ya doğrudan
çaldığını
müəyyənləşdirməyi bacarırlar. Təbii ki,
Azərbaycanda ifaçılıq sənətini
göstərmək daha çətindir. Çünki
xalqımızın hər bir nümayəndəsi musiqimizdən,
muğamımızdan agahdır. Ancaq orada agah olmasalar da,
ifaçılığı göstərmək çox
çətindir. Onlar üçün sənin xanəndə,
tarzən və ya rəqqas olmağının fərqi yoxdur.
Onlar musiqini hiss edirlər və o adamı
alqışlayırlar ki, özünə inamlı ifası
olsun. Onlar musiqini duyurlar, bu səbəbdən də
musiqiyə qulaq asmağı bacarırlar.
Xanəndələrdə
ritm yoxdur
- Qaval milli
alətlər sırasına daxildir?
- Qaval sırf
milli alətdir. Bu alət bizə orta əsrlərdən
gəlib və sırf xanəndəlik sənəti ilə
bağlıdır. Qaval əslində dəf alətinin
növlərindən biridir. Sadəcə, olaraq bir var sırf
dəf çalan, bir də var xanəndənin ifa etdiyi qaval.
Əgər xanəndədirsə, qaval mütləq onun
əlində olmalıdır. Bu alətin tarixi sufiliklə
bağlıdır. Sufilikdə dərvişlərin
qəvvallar adlanan qismi mütləq mənada
əllərində dəf tutardılar. Onlar dəf
çala-çala Allaha zikr edirdilər. Sufilikdən
üzü bu yana qəvval sözü xanəndəyə yox,
onların tutduğu alətə aid edilib. Səbəb də
onların Allaha, xanəndələrin isə
bəndəyə zikr etməsi ilə bağlı idi.
- Bəzən
xanəndələr qavalı əllərində
görüntü xatirinə tuturlar. Xanəndə
mütləq qaval çalmağı bacarmalıdırmı?
-
Müğənni mütləq qaval çalmağı
bacarmalıdır. Əgər bir ədəbiyyatçı
qrammatikanı bilmir, poeziyadan xəbəri yoxdur, ancaq
ədəbiyyatdan yazırsa, təbii ki, onun yazmağa
haqqı yoxdur. Əgər bu xanəndələrin də
əruz haqqında az da olsa informasiyası yoxdursa, hansısa
bir qəzəli açmağa onların haqqı
çatmır. Qaval çalmaq da belə bir şeydir.
Əgər hər hansı bir xanəndənin ritmi yoxdursa,
deməli, onun musiqisi cansızdır. Bu gün
musiqiçilərimizdə, əsasən də
xanəndələrdə ritm yoxdur. Qavalı əlində
tutmaq hələ o demək deyil ki, çalmağı
bacarırlar. Tələbələr də
çalıb-oxumağı bilirlər. Mən 90-cı
ildən öz təşəbbüsümlə qaval
dərsləri keçərək cavan xanəndələri bu
yola çəkirdim ki, onların ritmi olsun və
özlərini idarə edə bilsinlər. Müəyyən
dövrdən sonra gənclər muğama qulaq asmadılar. Bu,
təbiidir. Çünki bu, elit bir musiqidir. Yaşdan
asılı olmayaraq, bu elmə yiyələnmək insanın
təfəkkürünü artırır. Bu insanın
qazanmadığı bir elmdir. Muğama qulaq asmağı
bacarmaq üçün təfəkkür lazımdır.
Körpə, dişi çıxmayan uşağa kabab
yedirtmək qeyri-mümkündür. Muğamı da başa
düşməyən insanlara qulaq asdırmaq çətin
məsələdir. Son vaxtlar muğam sevənlərin sayı
günbəgün artır. Çünki indiki
müğənnilərin oxuduğu mahnılar 3-5
gündən sonra yaddan çıxır. Gəncləri
cəlb edən ritmdir. Sintizatorun səsi insanları ekstaz
vəziyyətinə gətirir. Bu ritmlə publikanı ələ
almağa çalışırlar.
- Hazırda
bizdə qaval dərslərinin tədrisi hansı
səviyyədədir?
- Bu
sənətin ibtidai, orta, ali və akademik təhsili mənim
əlimdədir. Mən qaval haqqında dissertasiya işi
yazıram. Sadəcə, başım bir az muğamları
araşdırmağa qarışdığından işim
yubanır. "Bu gün, sabah müdafiə
edəcəyəm" fikri ilə ritmlər məni
birbaşa muğamı dərindən öyrənməyə
gətirib çıxardı. Dedim ki, muğamı tam
bilməsəm, ritmlər haqqında dolğun məlumat
verə bilmərəm. Buna görə də bir az
müdafiəmdə yubanıram. Əlbəttə, mən
gözəl bir dəf çalanımızın
olmasını istərdim. Vaxtilə Əzizağa
Nəcəfzadə kimi gözəl bir
dəfçalanımız olub. Mən onun
çalğısını eşidib sənətə
gəlmişəm. Rəfael Hüseynov onun haqqında
hazırladığı radioverilişdə etiraf etdi ki,
"Azərbaycan torpağı gözəl pianoçular,
tarzənlər, qarmon ifaçıları yetişdirib. Ancaq
dəfçalanlar yüz ildə bir və ya iki dəfə
yetişir".
- İndi
də dəf çalmaq məsuliyyəti sizin payınıza
düşüb?
- Bu da Allah
tərəfindən mənim payıma düşüb. Mən
bu işə başlayanda hansı ağır işə
çiyin verdiyimi bilirdim. Mən həm xalq musiqisini aranyeman
edirəm, həm də qədim musiqilərimizin bərpası
ilə məşğulam. Xanəndələr
çox çətinlik çəkirlər, oxuya
bilmirlər. Əzizağa Nəcəfzadənin
yaradıcılığını öyrəndikcə
mənə aydın oldu ki, hər hansı tarzən və ya
xanəndə onun yanında muğamdan danışa
bilmirmiş. "Filan guşədə, pərdədə
düz ifa etmədin" - deyə o, hamısına irad
tuturmuş. Deməli, belə çıxır ki,
dəfçalan muğamları gözəl bilmə
qabiliyyəti ilə fərqlənməlidir. Çox
istərdim ki, bu aləti ifa etməyi bacaran istedadlı
gənclərimiz yetişsin. Bu, çox keşməkeşli,
əzablı yoldur. Həm sənət, həm də həyat
tərzi baxımından bu sənətlə məşğul
olmaq çox çətindir. Yəni bu sənətlə
məşğul oldunsa, gərək həyat tərzində
bir balaca dəyişikliklər edəsən - bütün iş-gücünü
atıb vaxtını bu sənətə həsr
edəsən. Ancaq onu da qeyd edim ki, bu sənətin
inkişafına qarşı böyük qısqanclıqlar
var. Səbəb də odur ki, mən təkcə ritm
saxlayıb kimlərləsə işləmirəm. Mən
sadəcə olaraq işləməyi bacarıram. 1990-cı
ildə Səid Rüstəmov adına Xalq Çalğı
Alətləri Orkestrinə dəfçalan kimi
gələndə Azərbaycanda Vartan adlı erməni "at
oynadırdı". O ola-ola məni simpoziuma apardılar.
Mənə qədər isə o, iki simpoziumda iştirak
etmişdi. Onda Bəstəkarlar İttifaqının sədri
Aqşin Əlizadə yaxşı bir söz dedi: "Niyə
bizdə dəf çalan yoxdur. Qoy biz də
gəncləri yetişdirək, qoy öz
dəfçalanımız olsun." Onda
Səmərqənddə YUNESKO-nun xətti ilə keçirilən
Yaxın və Orta Şərq xalqlarının
ənənələrinə həsr olunmuş "Müasir
musiqi mədəniyyəti" simpoziumunda Azərbaycanın
muğam sənətini Arif Babayev, Alim Qasımov,
Səkinə İsmayılova, tarzən Ağasəlim
Abdullayev, Ramiz Quliyev, kamançaçalan Şəfiqə
Eyvazova və mən təmsil etdik. Mən bu sənəti bu
gün erməninin əlindən almışam. Ancaq Heydər
Əliyev Fondunun təşəbbüsü ilə buraxılan
"Azərbaycan muğamları" dərgisində
qısqanclıqdan mənim adım çıxarılıb.
Mən artıq bu cür maneələrə
alışmışam. Çünki əl-ayağımı
həmişə "bağlayıblar". Məni
həmişə Avropaya səfərlərdən
saxlayıblar. Səbəblərini heç kəs
bilməsə də, özüm bilirəm. Bilirəm ki,
işləyən insana həmişə mane olurlar ki, qoy o da
heç kəsə mane olmasın. Bununla belə, mənim
dövlət xətti ilə səfərlərimə
maneçilik olsa da, özüm fərdi yolla dəvət
alıram.
- "Qədim
Şərq qrupu"nun fəaliyyətini istədiyiniz
səviyyədə qura bilmisinizmi?
- Qismən...
Çünki yenə də maneələr var.
Fəaliyyətimizi məhdudlaşdırmağa
çalışan insanlar bu kollektivin geniş işinə
imkan vermirlər.
- Bildiyimcə həm
də tanınmış dramaturq Cəfər Cəbbarlı
ilə qohumluğunuz var.
- Mən
böyük dramaturqun həm əmisinin, həm də bibisinin
nəticəsiyəm. Mənim nənəm Zərnişan
xanım şairə olub. Cəfər Cabbarlı haqqında
yazılan məqalələrdə də ona ilk dəfə
yazı-pozunu şairə bibisi Zərnişanın
öyrətdiyi qeyd olunur. Mən Zərnişanın
nəticəsiyəm.
- Hal-hazırda
iş yeriniz haradır?
- Bir
neçə il bu sahədə fərdi məşğul oldum.
Milli Konservatoriya yaranan gündən Səyavuş Kərimi
məni dəvət etdi. O vaxtdan həmin təhsil
ocağında bu alətin tədrisi ilə
məşğulam. Hələlik bu alət birbaşa
ifaçılarını tapmasa da, xanəndələrə
öyrədirəm. Artıq hiss edirəm ki,
tələbələrin qabiliyyəti bir qədər
güclənib. 90-cı ildən bəri fəxri ad
almış bir çox xalq və əməkdar artistləri
mənim tələbələrimdir. Onlar
muğam tədrisini keçsələr də, o
xanəndələri heç kəs tanımırdı. Ancaq
mənim yanıma gəlib-gedəndən,
ifaçılığa yiyələnəndən sonra
dərhal tanınırlar. Əfsuslar olsun ki, mənə olan
təzyiqlərə görə onlar da ad çəkməkdən
ehtiyatlanırlar.
- İndicə
dediniz ki, tələbələrinizin çoxu xalq və
əməkdar artistləridir. Bəs sizin hansı fəxri
titulunuz var?
- Mən xalq
artislərinin müəllimiyəm. Səhnədə
böyük sənətkarlar görmüşəm. Mən
Cəfər Cabbarlı ailəsində olmuşam və
həmin insanlarla uşaq yaşlarımdan təmasda
olmuşam. Yaddaşımda onların haqqında nastolyi
xatirələr qalıb. 16 yaşımdan isə o
sənətkarlarla birbaşa ünsiyyətdə olmuşam.
Artıq 31 ildir ki, səhnədəyəm.
Kaspi.- 2007.- 15-17 dekabr.- S. 22-23.