Dünya şöhrətli müğənni Bülbülün
110 illik yubileyinə həsr olunmuş gecə
Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında dövlət
və hökumət nümayəndələrinin, tanınmış
sənət adamlarının,
musiqiçilərin və
gənc sənətçilərin
iştirakı ilə
Azərbaycan vokal sənətinin inkişafında
mühüm rol oynamış dünya şöhrətli müğənni,
SSRİ xalq artisti, Dövlət mükafatı
laureatı, professor Bülbülün 110 illik
yubileyinə həsr olunmuş gecə keçirilmişdir.
Teatrın foyesində
ölməz sənətkarın
həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil olunmuşdu.
Gecədə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan professional vokal məktəbinin banisi olan Bülbül gənc ifaçıların
yetişməsinə, püxtələşməsinə
böyük əmək
sərf etmişdir. Məlahətli səsi ilə könül oxşayan bu böyük opera müğənnisi Azərbaycanın
dilbər guşəsi
Şuşada dünyaya
göz açmışdır.
Nazir vurğulamışdır
ki, Azərbaycan xalq mahnılarının,
təsniflərinin, vokal
əsərlərinin bənzərsiz
ifaçısı Bülbülün
ölməz xatirəsi
xalqımız tərəfindən
daim hörmət və ehtiramla anılacaqdır.
Ə.Qarayev geniş səs imkanlarına malik, ifaçılığında milli
vokal üslubu ilə italyan vokal məktəbi ənənələrini üzvi
şəkildə birləşdirmiş
Bülbülün Azərbaycan
mədəniyyətinin inkişafındakı
əvəzsiz xidmətlərindən
danışmışdır. Nazir ulu öndər Heydər Əliyevin Sərəncamı ilə
Bülbülün 100 illik
yubileyinin, Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə isə görkəmli müğənninin
110 illik yubileyinin dövlət səviyyəsində
qeyd edilməsinin əhəmiyyətini vurğulamış,
orta və ali musiqi məktəblərində
keçirilmiş
xatirə tədbirlərindən
danışmışdır.
Diqqətə çatdırılmışdır
ki, vokalçıların
Bülbül adına
IV beynəlxalq müsabiqəsi
başa çatmış
və həmin tədbirdə ölməz
sənətkarımızın işıqlı xatirəsi
dünyanın bir çox ölkələrini
təmsil edən 120 gənc ifaçı tərəfindən bir daha anılmışdır.
Bülbülün yaratdığı
obrazlar tamaşaçılar
tərəfindən böyük
sevgi və məhəbbətlə qarşılanmışdır.
Qeyd edilmişdir ki, Bülbül, həmçinin Azərbaycan
milli vokal məktəbi ənənələrinin
tədqiqi və Avropa opera mədəniyyəti
ilə bu ənənələrin sintezinə
dair bir çox sanballı əsərlərin müəllifidir.
Böyük sənətkarın
təşəbbüsü ilə Dövlət Konservatoriyası nəzdində
xalq musiqisini öyrənən elmi tədqiqat kabineti yaradılmışdır. Məhz
bu kabinetin fəaliyyəti sayəsində
"50 Azərbaycan el
mahnısı", "Azərbaycan
xalq mahnıları"
və digət toplular çap edilmişdir.
Tədbirdə Bülbülün
müxtəlif illərdə
oxuduğu mahnılar və onun haqqında
görkəmli şəxsiyyətlərin
söylədikləri dəyərli
fikirlər videogörüntü
vasitəsilə nümayiş
olunmuşdur.
Yubiley gecəsində
Bülbül adına
IV beynəlxalq müsabiqənin
laureatları, SSRİ xalq
artistləri Vladislav Pyavko, Mariya Stefyuk, Serbiya Opera və Balet
Teatrının solisti
Bronislav Yatiç, Belarusun əməkdar artisti Oleq Melnikov
və digər tanınmış ifaçılar
çıxış etmişlər.
Azərbaycan.- 2007.- 8 dekabr.- S. 5.