Hacızadə A.

 

Moskvada dahi Bülbülün anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley gecəsi

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Moskvanın "Novaya Opera" teatrında görkəmli Azərbaycan müğənnisi, SSRl xalq artisti, Dövlət mükafatı laureatı, professor Bülbülün anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir. Tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Moskva Şəhər Mədəniyyət Departamenti və Bülbül adına Beynəlxalq Fond idi.

Yubiley gecəsi Azərbaycan professional vokal sənətinin banisi və Azərbaycan xalq melodiyalarını İtaliya opera müğənniliyinin və Rusiya vokal sənətinin ənənələri ilə sintez etmiş ilk azərbaycanlı ifaçı hesab edilən böyük müğənni Bülbülün çoxcəhətli yaradıcılığı haqqında sənədli filmdən fraqmentlərin nümayiş etdirilməsi ilə başlanmışdır.

Gecənin aparıcısı, Rusiyanın xalq artisti Svyatoslav Belza Bülbülün yaradıcılığından danışaraq demişdir ki, o, özünün qeyri-adi musiqi istedadı sayəsində təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqda da məşhur idi. Nadir səsə malik olan Bülbül Azərbaycan və dünya mədəniyyəti və incəsənətinin inkişafına çox böyük töhfə vermiş məşhur simadır. Onun səsinin təbii gözəlliyi, fitri istedadı dünya musiqi sənətinin böyük incilərini bənzərsiz ifa etməyə imkan verirdi. Bülbül xalqın ona verdiyi adını öz sənəti ilə doğrultmuşdu. S.Belza dahi müğənninin vətəndaş mövqeyini xüsusi vurğulayaraq xatırlatmışdır ki, Böyük Vətən müharibəsi illərində Bülbül cəbhədə əsgərlər qarşısında çıxış etməklə onları ruhlandırmış, qələbəyə töhfəsini vermişdir. Eyni zamanda, öz şəxsi vəsaitindən cəbhəyə döyüşçü ailələrinə maddi yardım üçün 200 min rubl ayırmış, buna görə Ali Baş Komandan ona təşəkkür məktubu göndərmişdir. S.Belza daha sonra Bülbülün Rusiya ilə sənət əlaqələri barədə söhbət açmış, Rusiyanın musiqi elitasında Bülbülün məxsusi yerinin çox böyük nüfuzunun olduğunu qeyd etmişdir.

Rusiyanın görkəmli opera müğənnisi İrina Arxipova, Federal Mədəniyyət Kinematoqrafiya Agentliyinin başçısı Mixail Şvıdkoy, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Sergey Xudyatov Azərbaycanın böyük müğənnisi Bülbülə öz ehtiramlarını bildirərək qeyd etmişlər ki, o, təkcə Azərbaycan xalqının sərvəti deyil, həm Rusiyanın böyük musiqiçiləri sırasına daxildir.

Salona toplaşanlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün ev-muzeyini açmasını Bülbülün anadan olmasının 100 illiyinə həsr edilmiş mərasimdəki çıxışını əks etdirən kinoxronika kadrlarını böyük maraqla qarşılamışlar.

Konsertdə artıq 10 ildir Azərbaycanda keçirilən Bülbül adına beynəlxalq müsabiqənin başqa beynəlxalq müsabiqələrin qalibləri çıxış etmişlər. Azərbaycandan, Türkiyədən, Rusiyadan, Qazaxıstandan Gürcüstandan gəlmiş müğənnilərin ifasında populyar Azərbaycan, rus italyan operalarından parçalar səslənmişdir. Müğənniləri Y.V.Kolobov adına Moskva "Novaya Opera" teatrının orkestri, Azərbaycanın xalq artisti, dirijor Rauf Abdulläyev, Almaniyanın "Qimqau Qut immlinq" opera festivalının dirijoru musiqi rəhbəri Korneli fon Kersennbrok müşayiət edirdi.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya Azərbaycan ictimaiyyətinin nümayəndələri yubiley gecəsində olmuşlar.

 

Azərbaycan.- 2007.- 12 dekabr.- S. 10.