Birinci Beynəlxalq
Rostropoviç festivalı
qala-konsert başa çatdı
Dekabrın 18-də
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Birinci Beynəlxalq Rostropoviç musiqi
festivalının yekun konserti olmuşdur.
Konsertdən əvvəl
maestronun qızı, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxış
etdi. O, festivalın təşkil edilməsinə
və keçirilməsinə
görə minnətdarlığını
bildirdi, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya bu tədbiri dəstəklədiklərinə
görə ürəkdən
təşəkkür etdi.
O.Rostropoviçin dediyinə
görə, atasının
bütün həyatı
musiqiyə həsr edilmişdi. O deyirdi ki, musiqi insanlara
məxsusdur. Onun həyat fəlsəfəsi
belə idi: insanlara nə qədər musiqi versən, onlardan bir o qədər
sevgi alarsan. Buna görə də yəqin bilirəm ki, atamın doğma şəhəri Bakıda
onu heç vaxt unutmayacaqlar. Qeyd edildi ki, Rostropoviç
festivalının keçirilməsi
üçün dünyanın
bir sıra ölkələrindən dəvətlər
alınmışdı, lakin
bu festivalın Bakıda keçirilməsi
barədə qərar
çoxdan, Mstislav Rostropoviçin özü
tərəfindən qəbul
edilmişdi və bu qərardan dönmək olmazdı.
Olqa Rostropoviç maestronun köhnə dostu, "Karrera ənd Karrera" zərgərlik şirkətinin
yaradıcısı Manuel
Karreranı səhnəyə
dəvət etdi. M.Karrera öz qısa çıxışında
M.Rostropoviç haqqında
xatirələrini danışdı
və şirkətin ən yaxşı ustaları tərəfindən
hazırlanmış suveniri
- miniatür ölçülü
qara royalı maestronun qızına təqdim etdi. O.Rostropoviç dedi: "Suveniri hökmən Mehriban xanım Əliyevaya çatdıracağam".
Konsertdə dirijor Y.Konnunun rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının
klassik əsərləri
səsləndi.
Azərbaycan Prezidentinin
İcra Aparatının
Humanitar Siyasət Məsələləri Şöbəsinin
müdiri Fatma xanım Abdullazadə, respublikanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, M.Rostropoviçin xanımı Qalina Vişnevskaya konsertdə iştirak edirdilər.
Azərbaycan.- 2007.- 19 dekabr.- S. 6.