Qaliboğlu E.

 

Oqtay Ağayev mahnılarının öz ritmi, ahəngi vardı

 

Srağagün axşam Muğam Teatrında xalq artisti Oqtay Ağayevin
xatirəsinə həsr olunmuş tədbirə xeyli adam toplaşmışdı. Teatrın girişində sənətkarın iri şəkli, həmçinin ömrünün
müxtəlif mərhələlərini əks etdirən şəkillərdən ibarət stend as
ılmışdı. Həyat bir yaradıcılıq meydanıdır ki, hər kəs təbiətin ona verdiyi qabiliyyəti bacardığı səviyyədə aşkarlamağa çalışır. Oqtay Ağayevin sənət meydanında yaratdığı özünəməxsus səhifə ondan ölməz bir yadigar olaraq yaşayacaq.
Tədbiri giriş sözüylə açan teatrın direktoru Arif Qazıyev
O.Ağayevin sənəti haqqında təəssüratlarını bölüşdü: "Oqtay Ağayev elə bir vaxtda sənət meydanına gəldi ki, Azərbaycanda Bülbül, Rəşid Behbudov kimi sənətkarlar özlərini təsdiq etmişdilər. Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov başqa bəstəkarlar demək olar, hər gün mahnı yazırdılar. Oqtay Ağayev az vaxtda istedadı ilə hamının diqqətini cəlb elədi, tamaşaçıların ürəyinə yol tapa bildi.
Yadımdadır, o zaman indiki anlamla desək, ilk dəfə Oqtayın mahnısına mən klip çəkdim, yaxşı da alındı. Oqtay çox sevincək olmuşdu. O, harada olurdusa, səmimi idi, az vaxtda hamını ovsunlayırdı. Sovet vaxtı onunla bir çox şəhərlərdə qastrollarda olmuşam, yol yoldaşı kimi Oqtayın doğmalığını görmüşəm. Tamaşaçılar çox vaxt onun sorağını eşidib konsertlərə gəlirdilər. Qoy belə bir gündə Oqtayın ruhu şad olsun ki, onu yad edirik".
Bəstəkar, xalq artisti Oqtay Zülfüqarov da uzun illər dostluq etdiyi Oqtay Ağayevlə bağlı xatirələrini bölüşdü: "Baxmayaraq ki, xəstəyəm, amma Oqtayın xatirəsi mənim üçün çox əziz olduğuna görə bu tədbirdə iştirak etməyə qərar verdim. O, böyük sənətkar idi. Yaxşı dostluq etməyi vardı, səsi gözəl idi. O zamanlar texniki imkanlar indiki kimi deyildi, bəzən oxuyanın səsində qüsur olurdusa, həmin gün heç yazılmırdı. Oqtay öz üzərində daim işləməyi sevirdi. Mahnını birnəfəsə oxuyurdu. Onun xatirəsi həmişə ürəklərdə yaşayacaq".
Qəzetimizə müsahibəsində cazmen Rafiq Seyidzadə Oqtay Ağayev haqqında bunları dedi: "Oqtayla ötən yüzilin 60- illərindən tanışam. İlin çox ayını birgə qastrollarda olurduq. Həmişə bu səfərlərdə Oqtayın böyük uğurlarının şahidi olmuşam. Bu uğurlara hər müğənni çata bilməzdi.
Elə olub ki, müxtəlif qastrollarda Azərbaycanı təmsil edən mədəniyyət adamlarının çıxışlarından sonra konserti sonuncu yekunlaşdıran Oqtay Ağayev olub. Bunun əsas səbəbi Oqtayın populyarlığı idi. O, gözəl ailə başçısı idi. Oqtay romantik, lirik ifaçı idi, ifası heç kəsinkinə bənzəmirdi. Səsi böyük olmasa da, məlahətli idi. İncəsənət daşıyıcısı ilk növbədə
şəxsiyyət olmalıdır. Tamaşaçı hər oxuyanı qavraya, qəbul edə bilmir. Tamaşaçının qəlbinə girə bilmək oxuyanın xoşbəxtliyidir: Oqtay Ağayev bunu bacarırdı, mahnılarının öz ritmi, ahəngi vardı".
Onun mahnılarındakı milliliyə toxunan R.Seyidzadə O.Ağayevin dövründə bu mövzuda gözəl mahnılar yaradan bəstəkarlarımızın xidmətlərini qeyd etdi: "Mahnılarımızın ruhu o dərəcədə ürəyəyatımlı idi ki, Azərbaycan mahnılarını demək olar, keçmiş SSRİ-nin hər yerində oxuyurdular. Bu halı yaradanlar isə Rəşid Behbudov, Oqtay Ağayev kimi sənətkarlar idi. Oqtay rus başqa xalqların mahnılarını da peşəkarcasına
ifa edirdi, gözəl alınırdı. O dövrdə Azərbaycanda caz çox inkişaf etmişdi, indiki dövrün cazından tamam fərqli idi.
Bizim dövrün cazı klassik caz idi, milliliyə ziyan vermirdi.
Sonradan caz sənəti başladı bölünməyə, indiki caz sənətinin daşıyıcıları cazın qol-budaqlarından birini çalırlar. Çoxlarının klassik cazın anlayışlarından xəbərləri belə yoxdur. Bu mənada Oqtayın dövrünün musiqisindən yaxşı xəbəri vardı".
Digər bir müsahib şair-dramaturq Ramiz Heydər "Xalq Cəbhəsi" müsahibəsində Oqtay Ağayevi səmimi dost kimi xatırladı: "Mən uzun müddət o zamankı Mədəniyyət Nazirliyinin teatr musiqi məsələləri üzrə fəaliyyət göstərən idarənin baş redaktoru vəzifəsində işləmişəm.
Bu illərdə bir çox bəstəkarlarla, müğənnilərlə təmasda olmuşam. Oqtay Ağayevi çoxlu tədbirlərdə, konsertlərdə
yaxından tanımışam, hər yerdə onun uğurunun şahidi olmuşam.
Onun incə duyumu vardı, kövrək idi. Bu kövrəklik onun mahnılarına da keçmişdi. Mahnıları bu səbəbdən tamaşaçıları ovsunlayırdı, yaşadırdı. Oqtay ilk növbədə özü üçün oxuyurdu, ürəyinin hərarəti hamını isidirdi. O, Bakının vurğunu idi, oxuduğu hər mahnıda bu sevgisini ifadə edirdi.
İngilis, fransız belə qulaq asanda bilirdi ki, bax, bunu oxuyan Oqtaydır. Onun özünəməxsus səsi vardı. Həmişə arzu edirdim ki, kaş Oqtay mənim bir mahnımı oxuyaydı. Təəssüf ki, bu, mənə müyəssər olmadı. Sanki çox istədiyin insan yanında olanda bunu bilmirsən, onun əvəzsizliyini çox sonralar anlayırsan. Vəfatından 6 ay qabaq görüşəndə dedim ki, Oqtay, axı arzum ürəyimdə qaldı, bir mahnımı oxuyacaqdın. Bu barədə söhbətləşdik. Dedi, mənim ruhuma yaxın bəstəkarlar tamam başqadır, Tofiq Quliyev, Rauf Hacıyev, Otay Kazımov kimi bəstəkarlarla işləmişəm. Oqtay ruhuna yaxın olmayan bəstəkarların mahnılarını oxumazdı. Onun oxuduğu "Qayalar" mahnısı çox gözəldir, sanki doğma qayalarla doğrudan da danışır. Onun hər bir intonasiyası bu gün qulaqlarda səslənir. Oqtayın milli koloritli səsi onu daim yaşadacaq".
Müğənni Teymur Əmrah 2000-ci ildə 65 illik yubileyinin keçirilməsindən sonra Oqtay Ağayevin necə sevinməsini xatırladı: "Həmin tədbirdən sonra onlara getmişdim, dedi ki, oğlum, bu yubileydən sonra mənə "Xalq artisti" adı, təqaüd verdilər. O, heç vaxt yaxşılıqları unutmurdu". Tədbir boyunca sənətçilərin ifasında müxtəlif mahnılar ifa edildi. Oqtay Ağayevin səsinin heç olmasa, başlanğıcda səsləndirilməsi yaxşı olardı. Bununla belə, sənətkarın bir neçə mahnısı gənc müğənnilərin ifasında səsləndirildi.

 

Xalq cəbhəsi.- 2007.- 1 dekabr.- S. 14.