Şuşa Mədəni-Maarif Texnikumunun 100 illik yubileyi qeyd edilmişdir

 

Dekabrın 26-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əsası 1907-ci ildə qoyulmuş gimnaziyanın bazasında yaradılmış və 1922-ci ildən fəaliyyət göstərən, 1931-ci ilədək müəllimlər seminariyası, sonralar pedaqoji texnikum (məktəb) adlanan Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyi qeyd edilmişdir.
Həmin gün səhər tezdən rayon icra hakimiyyətinin nümayəndələri, qonaqlar və məktəbin pedaqoji kollektivinin üzvləri Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə tər güllər qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülmüşdür.
Yubiley mərasiminin iştirakçıları – respublikanın dövlət qurumlarının, idarə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin tələbələri və məzunları teatrın foyesində Şuşa, texnikum ilə əlaqədar açılmış fotosərgiyə maraqla baxmışlar.
Rayon icra hakimiyyətinin başçısı Nizami Bəhmənov qeyd etmişdir ki, yubileyin keçirilməsi ölkəmizin başçısının 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr"də nəzərdə tutulmuşdur.
Respublikanın təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxudu. Tədbir iştirakçıları dövlətimizin başçısının xoş sözlərini sürəkli alqışlarla qarşıladılar. Nazir Prezidentin müəllimlərdən Könül Hüseynovanın “Tərəqqi” medalına, Əhməd Xəlilovun isə “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülməsi haqqında sərəncamlarını da diqqətə çatdırdı, nazirliyin kollegiyasının qərarına əsasən, pedaqoji fəaliyyətdə fərqlənmiş 3 nəfərə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanını, 6 nəfərə nazirliyin fəxri fərmanını təqdim etdi. Bildirdi ki, təhsil ocağının yerləşdiyi 161 nömrəli orta məktəbin binası gələn il əsaslı təmir ediləcək, texnikum müasir avadanlıqla təchiz ediləcəkdir.
Respublika Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirdiyi irimiqyaslı layihələrdən danışdı, yubiley münasibətilə bütün şuşalıları təbrik etdi. Natiq əminliklə bildirdi ki, təhsil ocağının gələcək yubileyləri bundan daha təntənəli şəkildə doğma Şuşada qeyd olunacaqdır. Ölkəmizin başçısının münaqişənin həlli ilə əlaqədar yeritdiyi siyasət öz bəhrəsini verəcəkdir.
Direktor Rəsul İsmayılov təhsil ocağının tarixindən söz açmış, xatırlatmışdır ki, 85 il ərzində texnikuma respublikamızda yaxşı tanınan ziyalılar – Müseyib İlyasov, Məlik Hüseynov, xalq yazıçısı Süleyman Rəhimov, Çərkəz Səfixanov, Murad Quliyev, Şəmsiyyə Məmmədova, Dadaş Dadaşov, Cavanşir Əbilov, Sərhəd Bünyadov rəhbərlik etmişlər. Kollektiv adlı-sanlı məzunları ilə də fəxr edir. Xalq yazıçısı Əli Vəliyev, xalq artistləri Süleyman Ələsgərov, Əşrəf Abbasov, fizika-riyaziyyat elmləri doktorları Lətif İmanov, Lətif Rüstəmov, fəlsəfə elmləri doktoru Aydın Hacıyev, kimya-biologiya elmləri doktoru Maya Hacıyeva, filologiya elmləri doktoru Kamal Qəhrəmanov, texnika elmləri doktoru Validə Yusifova, əməkdar müəllimlər Yusif Məmmədov, Heydər Tağıyev, İbrahim Zülfüqarov, şair-publisist Şahmar Əkbərzadə, müğənni Qaraxan Behbudov və başqaları vaxtilə Şuşa Pedaqoji Məktəbini bitirmişlər.
Texnikumun 1951-ci il məzunu, paytaxtdakı 54 nömrəli orta məktəbin “Şərəf nişanı” ordenli baş müəllimi, qabaqcıl maarif xadimi, maarif əlaçısı Qismət Hüseynova, Qubadlı, Cəbrayıl, Xocalı, Zəngilan rayonları icra hakimiyyətlərinin başçıları təbrik sözü söyləmiş, kollektivə uğurlar arzulamışlar.
Texnikumun fəaliyyətindən bəhs edən vdeosüjet göstərilmişdir.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Yubiley yığıncağı bədii proqramla başa çatmışdır.
Təntənəli yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov iştirak etmişlər.

Xalq qəzeti.- 2007.- 27 dekabr.- S. 10.