Babayeva T.
Mövzunu
həyatın içindən götürürəm
Tüncer Cücenoğlu: “Qərb
ölkələrində teatr tənəzzülə
uğrayıb”
Ötən həftə Akademik Milli
Dram Teatrı növbəti premyerasını keçirdi. Bu
dəfə təqdim olunan tamaşanı
teatrsevərlərə əsl hədiyyə adlandırmaq olardı.
Belə ki, rejissor Bəhram Osmanovun quruluş verdiyi
"Uçqun" istər tamaşaçılar,
istərsə də teatr tənqidçiləri
tərəfindən böyük maraqla qarşılandı.
Tamaşanın belə uğur qazanmasında bədii
materialın da xüsusi rolu olub. Pyesin müəllifi isə
Türkiyənin tanınmış dramaturqu Tüncer
Cücenoğludur.
Sözügedən dramaturq dünyanın bir çox
ölkələrində tanınsa, əsərləri ən
nüfuzlu teatr səhnələrində oynanılsa da,
Azərbaycan tamaşaçısı onunla məhz
"Uçqun" vasitəsilə tanış oldu.
Yaradıcılığı dövründə on altı
milli və beynəlxalq mükafata layiq görülən
yazarın əsərləri rus, ingilis, alman, fransız, bolqar,
yunan, makedon, isveç, gürcü, urdu, yapon, rumın, tatar,
polyak, çuvaş, serb, ispan, italyan, ərəb, fars
dillərinə tərcümə olunub və həmin
xalqların teatrlarında səhnəyə qoyulub.
Azərbaycan səhnəsində oynanılan
"Uçqun" əsəri isə Rusiya, Bolqarıstan,
Rumıniya, İsveç, Almaniya, Portuqaliya kimi
ölkələrin teatrlarında oynanılıb və
Gürcüstanın üç teatrında
səhnələşdiriləcək. Pyesdəki
hadisələr hər tərəfdən qarlı dağlarla
əhatələnmiş bir kənddə cərəyan edir. Bu
kəndin sakinləri uçqun təhlükəsindən
qorunmaq üçün səssizliyə riayət
etməlidirlər. Yəni, pıçıltı ilə
danışmalı, səssiz gülməli, nəzərdə
tutulan vaxtlarda dünyaya uşaq gətirməlidirlər.
Qaydaları pozanları isə ən ağır cəza
gözləyir. Maraqlı mövzusu ilə diqqəti cəlb
edən bu tamaşanın premyerasında pyesin müəllifi
Tuncer Cücenoğlu da iştirak edirdi. Azərbaycana ilk
dəfə gələn yazıçı bizimlə
söhbətində əsərlərinin bütün
premyeralarında şəxsən iştirak etdiyini dedi.
- Pyeslərim müxtəlif ölkələrdə
oynanılır və mən mütləq hər bir premyerada
iştirak edirəm. Amma rejissorun işinə müdaxilə
etmirəm. Rejissor müstəqil, yaradıcı insandır.
Əsas odur ki, o, əsərin ruhunu tuta bilsin.
- Akademik Milli Dram Teatrında oynanılan "Uçqun"dan
razı qaldınızmı?
- Əminliklə deyə bilərəm ki,
"Uçqun"un Azərbaycandakı səhnə
həyatı çox uğurlu oldu. Bəhram Osmanov çox
istedadlı, bacarıqlı rejissordur. O, pyesdəki
qəhrəmanların xarakterlərini,
qarşılıqlı münasibətlərini həm
psixoloji baxımdan aça, həm də onları sosial
varlıq kimi göstərə bilib.
- Pyesin mövzusu çox maraqlıdır. Sizə elə
gəlmirmi ki, bu motivlə süjetdə konflikti daha gərgin
qurmaq olardı?
- Bu əhvalat müəyyən fikirləri çatdırmaq
üçündür. Mən onu sadəcə, seyrçi
üçün düşünməmişəm. Yazar
özü üçün və inandığı
şəkildə yazmalıdır. Rejissor da
inandığı formada onu səhnəyə qoyur. Finalda
uçqunun baş verməməsi simvolikdir. İnsanların
düşünməməsini, bir şey
öyrənməməsini, dünyanı
gözəlləşdirmək üçün
çalışmamasını istəyən bir sistem var.
Çünki insanlar düşünməyə başlayarsa,
bəzilərinin rahatlığı pozular. Bu hekayə
içində insanların hər işinə, hətta cinsi
həyatlarına qədər qarışan bir sistemi
göstərdik.
- Əsərdə təsvir etdiyiniz yer sırf
təxəyyülünüzün məhsuludur, ya belə yer
mövcuddur?
- Əslində, Anadoluda tam olmasa da, buna
oxşar kiçik bir yer var. Mənə
orada uçqun təhlükəsi olduğuna
görə insanların
rahat hərəkət
edə bilmədiyini söyləmişdilər. Mən isə
bu məlumat əsasında belə bir hekayə yazdım.
- Min illərdir ki, ədəbi əsərlər
yaranır. Bu bolluq yaradıcı adamlar üçün mövzu qıtlığı
yaratmır ki?
- Mən əsərlərimdə
təkcə Türkiyədə
yaşayan insanların
deyil, bütün dünyada, Yer kürəsində yaşayanların
həyatını göstərirəm.
Bir insana aid olan hər bir şeyin
bütün insanları
maraqlandırdığına, düşündürdüyünə inanıram. Eşq, nifrət, insan
haqları kimi mövzular həmişə
aktualdır. Məsələn, mən pyeslərimdə qadın problemlərinə
üstünlük verirəm.
Çünki onların hüquqlarının
daha çox pozulduğunu düşünürəm.
Təəssüflər olsun ki, qadınlar inkişaf etmiş ölkələrdə
- Amerika, Rusiya, İsveçdə belə
ikinci dərəcəli
insanlardır. "Qadıncıqlar" pyesimdə
qadının ən aşağı həddə,
çirkin bir oyuna sürüklənməsini
göstərmişəm. Mən mövzularımı həyatın
içindən götürürəm.
Rusiyalı bir prodüser
mənə demişdi
ki, sizdə Qorkinin gerçəkliyi, Qoqolun komikliyi, Çexovun hissiyyatlığı
birləşib. Mövzu qıtlığına
gəlincə isə,
əgər yazar həyatdan qorxmursa, daim həyatın içindədirsə, fəaliyyət
göstərəcək, yazmağa
davam edəcək.
Yox, əgər yazar evdən bayıra çıxmasa, insanlarla ünsiyyət, münasibət
qurmasa, bir şey yaza bilməz.
Təkcə oxumaqla, filmə,
tamaşaya baxmaqla yazıçı olmursan.
Həyatın içində olmaq
lazımdır.
- Müxtəlif ölkələrdə
olursunuz. Bu gün
müasir dünya teatr mühitində hansı proseslər gedir?
- Dünya teatrı deyəndə, bura çox fərqli ölkələrin teatrları
daxildir. Rusiya, İngiltərə, Almaniya, Fransa, Balkanların çox önəmli teatrı var.
Məsələn, bolqar
yazarları müasir dünya teatrında ən yaxşı yazarlar hesab olunur. Bütün Türkiyədə onların pyesləri oynanılır. Sadalanan ölkələr
arasında teatrı həqiqətən irəli
getmiş ölkələr
var. Amma teatr yazılı mətnə bağldır. Teatrın əsas
işi mətni pozmadan insanla bağlı hekayələri
anlatmaqdır. Qərb ölkələrində
isə teatr tənəzzülə uğrayıb.
Çünki dünyaya yeni
bir sistem gəldi - qloballaşma.
Dolayısı ilə orada
hər şeyin içini boşaldaraq, sovurmaq istəyirlər.
- Demək, siz qloballaşmaya qarşısınız...
- Təbii ki, buna qarşıyam. Hər bir şeyin orijinalı gözəldir.
Şekspir orijinal olduğu,
əsərlərindəki insanlar
ortaya çıxarıldığı
zaman maraqlıdır.
Amma "Hamlet"in içini boşaltsanız,
əsas məğzini
yox etsəniz, onu yalnız akrobatik hərəkətlər,
işıq effektləri
vasitəsilə göstərsəniz,
mənasız olacaq. Sizin teatr isə Rusiya ənənələrindən
bəhrələnib, ona
görə də sizin üçün qloballaşmanın qorxusu yoxdur. Azərbaycan teatrı Stanislavski məktəbi üzərində
qurulub. Siz bütün kainata,
insanlara müraciət
edən tamaşalar oynayırsınız. Məncə, elə bu istiqamətdə
davam etməyiniz lazımdır. Çünki sizin mədəniyyətiniz
çox fərqli bir mədəniyyətdir.
Sizin mühitdə daha humanist, daha həlim insanlar yetişir.
- Belə olan halda, Qərbdə mədəniyyətin gələcəyini
necə görürsünüz?
- Mənim fikrimcə,
orada mövcud sistem dağılacaq. Çünki onlar artıq
tükəniblər, insanları
sürülərdən fərqləndirməyəcək
dərəcəyə gəlib
çatıblar. Hər şeyi
yox edən sistem isə çox yaşaya bilməz. Sonra isə, məncə,
orta yol tapılacaq. Bu, nə tam kapitalist, nə də tam sosialist sistemi olacaq. Onların hər ikisinin
yaxşı tərəflərini
özündə birləşdirən,
sintez edən bir sistem olacaq.
- Burada Türkiyə
mədəniyyəti hansı
yeri tutacaq?
- Çox böyük
yer tutacaq. Bizim Anadolu çox zəngin mədəniyyətə
malikdir. Çünki orada türklərdən başqa, müxtəlif xalqlar yaşayır.
Onların ortaq - Anadolu
mədəniyyəti, məncə,
dünyanın ən böyük mədəniyyətlərindəndir.
- Yaradıcılığınıza qayıdaq. Hazırda hansısa əsər
üzərində çalışırsınızmı?
- İndi yazdığım
pyesin Azərbaycana da aidiyyatı var. İkinci dünya müharibəsi illərində
Türkiyədə bir
xanım əri ilə birgə qəzet nəşr etdirirdi. Qəzetdə Hitlerin əleyhinə
yazılar çıxdığı
üçün nasistlərin
tərəfdarları həmin
qəzeti bağladılar
və qadını təqib etməyə başladılar. O, Türkiyəni
tərk etməli oldu, Bakıda məskunlaşdı və
burada da dünyasını dəyişdi.
Yeni pyesim həmin qadının həyatından
bəhs edəcək.
- Tüncer bəy, müsahibəyə görə
təşəkkürümüzü bildiririk və sonda Azərbaycandan hansı təəssüratlarla
ayrılacağınızı bilmək istərdik...
- Artıq Bakıda özümə dostlar tapmışam. Onlarla görüşmək və əgər pyeslərim oynanılarsa, premyeralarda iştirak etmək üçün yenidən Bakıya gəlmək istərdim.
Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir.
"Uçqun" tamaşasının
rejissoru Bəhram Osmanov da dramaturqla
bağlı fikirlərini
bizimlə bölüşdü:
- Tüncer Cücenoğlu
ilə tanışlığımız
bu ilin mayında,
Akademik Milli Dram Teatrı Trabzonda Uluslararası Beynəlxalq
Teatr Festivalında iştirak edərkən baş tutdu. Tüncer bəy dünya teatr məkanında kifayət qədər tanınmış dramaturqdur.
Amma təəssüflər olsun
ki, onun əsərləri indiyədək
Azərbaycan səhnəsinə
gəlib çıxmamışdı.
Mən onun bir sıra pyesləri
ilə
Xəzər.- 2007.- 15 dekabr.- S. 18.