Böyük ədib Hüseyn Cavidin 125 illik yubileyi qeyd edilmişdir

 

Dekabrın 27-də Dövlət Akademik Milli Dram Teatrında dövlət və hökumət nümayəndələrinin, tanınmış ziyalıların, teatrsevərlərin iştirakı ilə görkəmli şair-dramaturq, maarifpərvər Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadə) 125 illik yubileyi qeyd edilmişdir.
Tədbirdə çıxış edən Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev bildirmişdir ki, Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. İlham qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur.
Prezident İlham Əliyevin sərəncamı ilə Hüseyn Cavidin 125 illik yubileyinin ölkəmizin hər bir bölgəsində geniş qeyd edildiyini deyən natiq vurğulamışdır ki, bu, bir daha xalqımızın ölməz şəxsiyyətə olan sevgisinin göstəricisidir.
Bildirilmişdir ki, Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavid ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları ilə dramaturgiyamızda yeni bir mərhələ açmışdır. Milli bədii düşüncə tarixini mövzu baxımından və bir-birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavid sənətkar şəxsiyyətinin bütövlüyünü nümayiş etdirən ibrətamiz həyat yolu keçmişdir.
Keçmiş SSRİ-də totalitarizmin hökm sürdüyü bir zamanda Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, ona görə də Sibirə sürgün edilmiş və orada faciəli surətdə həlak olmuşdur.
Elçin Əfəndiyev vurğulamışdır ki, 1937-ci il repressiyasının qurbanı olan, ağır, məşəqqətli sürgün həyatı yaşayan H.Cavidin yaradıcılığı nəhayət, bu gün qədirbilən insanların ürəyində əbədi yaşama haqqına qovuşmuşdur. Natiq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə H.Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilmiş, doğma Naxçıvanda torpağa tapşırılmışdır.
Gecədə dramaturqun həyat və yaradıcılığını əks etdirən videofilm nümayiş etdirilmişdir.
Yubiley tədbirinin iştirakçıları Hüseyn Cavidin "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" və digər ölməz əsərləri əsasında hazırlanmış "Səma şairi" tamaşasına maraqla baxmışlar.
Yubiley tədbirində Baş nazir Artur Rasizadə, nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, ədəbiyyatşünas alimlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.- 2007.- 28 dekabr.- S. 4.