Xəlilzadə F.

 

Körpüdən görünən mənzərələr

 

Akademik Milli Dram Teatrı özünün 135-ci mövsümündə hazırladığı bir sıra yeni səhnə əsərləri ilə tamaşaçı yaddaşında qalmağa müvəffəq oldu. Bəllidir ki, bu teatrın yaradıcı kollektivi arasında çox müqtədir aktyorlarla yanaşı, görkəmli rejissor, rəssam və bəstəkarlar da çalışırlar. Onların birgə əməyi nəticəsində 2007-ci ildə təkcə Azərbaycan dramaturqlarının deyil, xarici ölkə yazıçılarının, xüsusilə də klassiklərin əsərləri tamaşaya qoyulmuş və rəğbətlə qarşılanmışdır.
Amerika yazıçısı Artur Millerin "Körpüdən mənzərə" adlı əsəri (tərcümə Şaiq Sabiroğluya məxsusdur) Mədəniyyət və Turizm Nazirliyi, Akademik Milli Dram Teatrı və ABŞ səfirliyinin birgə layihəsi əsasında tamaşaya hazırlanmışdır. İkihissəli yeni səhnə əsərinin ilk tamaşası bu ilin oktyabrında oldu. Yeni tamaşanın quruluşçu reşissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Bredli Helm (ABŞ), bəstəkarı Səyavuş Kərimidir.
Əsərin süjet xətti bir ailənin qohum-əqrəbası ilə münasibəti zəminində qurulsa da, burada əsas məsələ insan amili, onun psixoloji düşəncələri, cəmiyyətdə, ailədə yeri, şəxsi istəklərinə görə ətrafa münasibəti, sədaqəti, xəyanəti diqqət çəkir. İlk baxışda Eddi Karbone (əməkdar artist Sabir Məmmədov) həssas, ailə və qohumcanlı kimi təsir bağışlasa da, aktyor bu surətin içindəki şeytan xislətini çox böyük ustalıqla tamaşaçıya çatdırmağa müvəffəq olmuşdur. Valideynlərini erkən itirdiyindən Ketrin xalası Biatrisin (xalq artisti Zemfira Nərimanova) və onun əri Eddi Karbonenin himayəsinə sığınıb. Onlar Ketrinə doğma balaları kimi qayğı göstərərək şən, mehriban bir qız olmasına nail olublar. Təəssüf ki, qız böyüdükcə, gözəlləşdikcə Eddidə xüsusi xudpəsəndlik, qısqanclıq baş qaldırır və o, gəncin azad, müstəqil fikir yürütməsinə, ən başlıcası, sevməsinə, ərə getməsinə mane olmağa can atır. Bunun da nəticəsində İtaliyadan onlara pənah gətirmiş, ailələri üçün bir parça çörək qazanmaq məcburiyyətində olan Markoya (Rövşən Kərimduxt), Rodolfoya (Anar Heybətov) qənim kəsilir. Hər iki gəncin (Rudolfla Ketrinin) məhəbbətinə mane ola bilmədiyini görəndə xəyanətə əl atır. Onların həbs edilməsinə nail olur. Bununla da əsərin sonu faciə ilə tamamlanır. Marko onun üstünə bıçaqla hücum etmək istəyən Eddinin qətlinə səbəb olur.
Eddi rolunun yaradıcısı Sabir Məmmədov bu obrazın bütün daxili ziddiyyətlərini çox təbii canlandıra bilmişdir. Təkcə sözləri, hərəkətləri ilə deyil, baxışı, müxtəlif jestləri, adicə siqaret çəkməyi belə obrazın niyyətini tamaşaçıya çatdırırdı. Bu mənfiliklə müqayisədə Zemfira Nərimanovanın yaratdığı Biatris qayğılı, kədərli görünürdü. Əslində Biatris ərinin hansı niyyətdə olduğunu gözəl duyurdu. Amma ərinə sədaqəti onu məcbur edirdi ki, ailədə baş verən münaqişəni, qeyri-adi olayı müsbət məcraya yönəltsin. O, hər vəchlə çalışırdı ki, Eddini düşdüyü bataqlıqdan xilas etsin. Bu mənada Zemfira Nərimanova o qədər təbii, maraqlı, təsirli obraz yaratmışdı ki, tamaşaçı səhnədə baş verənlərə biganə qala bilmirdi. Zemfira xanımın dolmuş baxışları, həyəcanı həddindən artıq sirayətedici idi. Zemfira Nərimanova həmişəki kimi, yüksək artistizm nümayiş etdirə bilirdi. Bu səbəbdən də Biatris surəti qadınlıq, analıq qürurunun və mərhəmətinin zirvəsinə ucala bilmişdi.
Ketrinin ifaçısı isə gənc aktrisa Məsmə Aslanqızıdır. O öz rolunun şux və həm də olduqca şən görünüşdə təqdiminə can atırdı. Ümumiyyətlə, bu gənc aktrisanın daxili potensialı güclüdür. İstənilən obrazın duyğu və düşüncələrini məharətlə açmağı bacarır.
"Körpüdən mənzərə" əsəri Amerika həyatından bəhs etsə də, oradakı surətlərin duyğu və düşüncələri, qayğıları bütün bəşər üçün eynidir. Bəlkə də elə buna görə yeni tamaşanın səhnə həlli uğurlu alınmışdır. İstər rejissor işi, istərsə də bədii tərtibat sadə və xoşagələndir. Səhnədə baş verən hadisələrin mahiyyətinə uyğun səslənən musiqi də tamaşanın ideya və bədii cəhətdən tamamlanmasına çox kömək edir. Həqiqətən də bu əsər ilin uğurlu tamaşalarından sayıla bilər. Bunu təkcə yaradıcı kollektivin böyük məharətlə, ustalıqla çalışması ilə deyil, həm də salondakı tamaşaçıların alqışları ilə müəyyən etmək mümkündür. Təsəvvür edin, tamaşa sona çatıb. Bu əsərdə bütün zəhməti olanlar səhnəyə çıxaraq tamaşaçılar qarşısında dəfələrlə baş əyirdilər. Salonda isə kimsə yerindən tərpənmək istəmirdi. Son illərdə birinci dəfə idi ki, tamaşaçıların teatrdan getmək istəmədikləri müşahidə olunurdu.

 

Azərbaycan.- 2007.- 27 dekabr.- S. 12.