Əsədov B.
Baba
Mahmudoğlu ilə yaxın tanışıydıq. O
qədər yaxın ki, özü qardaşım Mübarizin
toy məclisini aparmasını təklif etmiş və
dəstəsi ilə gəlib təmənnasız
çalıb-oxumuşdular. Artıq ikisi də o dünyada -
rahat, qayğısız, doğma, halal dünyadadır və
Babanın əbədiyyətə qovuşmasından bir il
keçir. Fəqət onun otuz il əvvəlki səsi
hələ də qulağımdadır. Baba oxuduqca uca
dağların xoş havasını, laləli
çəmənlərin ətrini duyur, ilk nəğməmiz
ana laylasını, bülbüllərin cəhcəhini,
durnagözlü bulaqların zümzüməsini,
şəlalələrin şırıltısını
eşidirdik. Məcnunun sevgi dastanını
vəsf edən Füzuli şeiri, Üzeyir musiqisi
məhəbbət çeşməsi kimi
çağlayırdı.
Əməkdar jurnalist Hidayət Zeynalov o vaxt "Kommunist"
qəzetində "Üçtelli durnaE"
məqaləsində yazırdı: "Üçtelli
durnaE" Göylər pərisinə qoşulmuş bu el
havası neçə-neçə xanəndənin
xoş avazı ilə qanadlanmışdır. Onu gözəl
oxuyan müğənnilər az olmamışdır. Bəs
nədəndir ki, Baba Mirzəyevin (sonralar Mahmudoğlu -
B.Ə.) ifasında "Üçtelli durna" yeni
təravətlə səslənirE Doğma Muğanlı
kəndində evlərinin qarşısından baş alıb
uzanan Qarayazı meşəsi Babanın uşaqlıq
illərinin xatirələri ilə doludur. Yaz
vaxtı dama çıxaraq E göydə qatarlanıb
meşənin üstü ilə harayasa uçan durna
karvanını seyr etməkdən, onların
qaqqıltısını dinləməkdən doymazdı. Mavi
səmada asta-asta süzən durna köçü
gözdən itər, onların qaqqıltısı da
get-gedə zəifləyərək
süzülə-süzülə lap uzaqlardan gələrdi. Bax, Baba indi hər dəfə "Üçtelli
durna"nı oxuyanda o zamanlar keçirdiyi hisslərlə
yaşayır, həmin mənzərəni gözləri
qarşısında canlandırır. Öz səsi ilə
telli durnaların uçuşundakı poetikliyin, onların
get-gedə qeyb olan qaqqıltısındakı melodiyaların
rəsmini çəkməyə
çalışır. Ürəkdən gələn mahnı
ürəklərə yayılır".
Baba Mahmudoğlunun sənətinə bu
qiymət Allahverdi Eminovun yenicə çapdan
çıxmış "Baba Mirzəyevin musiqi
fəlsəfəsi" kitabında da təsdiqlənir: "Üç
gündən bir, beş gündən bir", "Yaxan
düymələ", "Xumar oldum",
"Üçtelli durna", "Yadıma düşdü",
"Kəklik", "Ay qız", "Süsən
sünbül" mahnılarını və sair
mahnıları o, özünəməxsus oxumuşdur.
Deyərdim ki, mən bu retrolaşmış xalq
mahnılarını müxtəlif illərdə ayrı-ayrı
seçilən xanəndələrin ifasında
eşitmişəm. Hər bir ifaçıda spesifik səs
çaları, səs ləhçəsi olmuşdur. Baba
isə, əvvəla, risk etmiş, lakin qorxmamışdır,
öz fərdi möhürünü vurmuşdur. Baba mahnı
oxuyanda adamda assosiativ xəyal-təsəvvur yaranır - kimin
özünə, yaddaşına bəlli taleyi, xatirəsi
olub, canlanır. Sənətkarlıq da budur".
Baba şeir də yazmışdı, riyazi elmləri də
dəqiqliyilə mənimsəmişdi və ikincinin
dalınca düşüb ali təhsil almışdı.
Mühəndis işləyirdi və bu sahədə onu
böyük uğurlar gözləyirdi. Ancaq
yolunu musiqiyə sarı çevirdi.
1959-cu il idi. Ümumdünya Həmkarlar İttifaqının
Moskvada keçirilən V konqresinin
iştirakçıları üçün Qurultaylar
Sarayında veriləcək konsertə seçmə
baxışda Baba Mirzəyev qarmonçalan Məmmədağa
Ağayevin müşayiəti ilə "Heyratı"nı
oxuyurdu. Onu dinləyən dahi Bülbül muğamın
təkrarən ifa olunmasını xahiş etdi və sonra dedi:
- Bu uşağın diafraqması peşəkar
müğənnilərinki kimi işləyir. Bala, necə oldu
sən bu fermatonu yarada bildin?
Baba bu termini ilk dəfə eşitdiyini bildirmiş və izah
etmişdi:
- Bizim kəndin torpağı şor olduğu
üçün çox palçıqlıdır.
Palçıq quruyandan sonra arabaların, heyvanların
gediş-gəlişindən torpaq əzilərək narın
toz halına düşür. Mən o tozları
təpə kimi yerə yığıb, ağzı
üstə iki əlimi yerə qoyub, ayaqlarımı düz
şəkildə uzadaraq nəfəsimlə torpağı
yerlə-yeksan edənə qədər bir nəfəsə
oxuyuram. İndi də hər gün küçədə
iki-üç dəfə bu təmrinləri edirəm.
Bülbül üzünü məşhur rəqqasə
Əminə Dilbaziyə tutmuşdu:
- Mən bu cür fermatonun əldə edilməsi və
diafraqmamın möhkəmləndirilməsi üçün
İtaliyada dörd il təhsil aldım. Bu uşağın
üsulu mənimkindən gözəl və sadədir.
Afərin bu uşağın fəhminə.
Baba "Heyratı"nı birinci dəfə
tələbəlik illərində Azərbaycan Sənaye
İnstitutunun (indiki Neft Akademiyasının)
özfəaliyyət ansamblının müşayiəti
ilə televiziyada ifa etmişdi. Xatirələrində oxuyuruq:
"Onda dünya şöhrətli alim Azad Mirzəcanzadə
bizə xüsusi kursdan mühazirə deyirdi. Televiziyada
çıxışımın səhəri günü
imtahanda suallara cavabımdan məmnun qaldı və
mənə xeyir-dua verdi:
- Axşam televziyada oxumağın xoşuma gəldi.
Bütün elmlərin incəsənətlə əlaqəsi
var. Məsələnin mürəkkəbliyi onun dərk
edilməsində, duyulmasındadır. Əgər sən
belə oxuyursansa, deməli, dəqiq fənləri də
gözəl bilməyi bacarırsan. Mən özüm bir daha
bunların təsdiqinə varmaq üçün qəsdən
fənnin qavranılmasını öyrənmək fikrinə
düşdüm. Sənin oxumağın fənnin bu
cavabını lap əlalaşdırırdı.
Gələcəkdə hansı sahə üzrə
məşğul olsan, güman edirəm ki, sən
böyük müvəffəqiyyət qazana
bilərsən".
Sonra peşəkar məktəb keçmək arzusu Babanı
A.Zeynallı adına Musiqi Texnikumuna, Seyid Şuşiniskinin
sinfinə gətirir. Böyük ustad da onun ifasında
"Heyratı"nı bəyənir və ayağı
sayalı bu muğam Baba Mirzəyevi əbədi yolcusu
olduğu cənnət dünyasına bağlayır.
Hələ otuz yaşı tamam olmayan Babanın
həvəskar artist kimi Opera və Balet Teatrına qəbul
olunması onun üçün böyük sevinc,
fərəh idi. O zaman zavodda növbə rəisi
işləyən bu gəncin müsabiqədə qeyri-adi oxuması
Niyazinin diqqətini cəlb etmişdi. Maestro sonralar
yazacaqdı: "Opera və Balet Teatrında keçirilən
müsabiqədə birinci yeri tutan Baba Mirzəyevin
möcüzəli səsi məni heyran etdi. Səsindəki
büllurluq, məlahət, formantalılıq, heyrətamiz
çeviklik təqdirəlayiqdir. Xeyli vaxt ötdükdən
sonra atamın yazmış olduğu "Aşıq
Qərib" operasının vala yazılması
mövsümündə Qərib rolunun ifasını
bütün opera boyu ağlasığmaz
dərəcədə oxumuşdur".
Baba Mahmudoğlunun Opera və Balet Teatrında
oynadığı baş rolların - Məcnun ("Leyli
və Məcnun"), Şah İsmayıl ("Şah
İsmayıl), Kərəm ("Əsli və
Kərəm"), Camal ("Gəlin qayası"), Mir Seyid
("Xanəndənin taleyi") rollarının da hər
birinin öz həlli və ifaçı yozumu olub.
Allahverdi Eminovun görkəmli xanəndə, analitik
təfəkkürə, dərin intellektə malik xalq artisti
Baba Mahmudoğlunun musiqi ömründən bəhs edən
kitabında bildirildiyi kimi, Baba Mahmudoğlu xarakterini -
sentimentallığını,
çılğınlığını səsinə
gətirmişdi. Belələri çox nadir hallarda
yetişir. Bu insanda zamanla məkanın işıqlı
və qaranlıq məqamları - qanunauyğunluqları
qəlbində qovuşmuşdu. Həqiqətlə
yalan, reallıqla fanilik, bədənlə ruh,
şöhrət ehtirası ilə sənət
yanğısı, sevgi və nifrətE daim
qoşalaşmışdı və o, bu təzadları
səsinin çalarlarında son nəfəsinədək
yaşamışdı. Baba həyatı ehtirasla sevirdi. Bədəninin normal fəaliyyətini
əngəlləyən istirabdan qaçırdı, zəngin
mütaliəsi, dərin savadı və fantaziyası,
xüsusilə fəlsəfəni bilməsi və ilaxır
proseslər ona imkan yaradırdı süni iztirablardan
uzaqlaşsın, pozulmuş normalarını bərpa etsin - bu
isə həzzdir, oxusundan, oynadığı rollardan,
tamaşaçı alqışlarından.
Qara Qarayev: - "Klassik muğamlarımızı tar və
kamançanın müşayiəti ilə ifa edən bir
şəxsin simfonik orkestrin müşayiəti ilə operada
bu cür mürəkkəb obrazı yaratması
heyrətəlayiqdir. Cahangir Cahangirovun son illər
yazmış olduğu "Xanəndənin taleyi"
operasındakı baş rolun ifaçısı Baba
Mirzəyevin böyük vokalist və aktyorluq məharəti
məni sevindirdi. Düşünürəm ki, klassik
xanəndələrimizin gələcək nəsilləri
üçün Baba Mirzəyev yeni bir cığır
açmışdır.
Cahangir Cahangirov: - Mənim yazmış olduğum
"Xanəndənin taleyi" operasındakı Mir Seyid
obrazını cəsarət və inamla Baba Mirzəyevə
həvalə etdim. Deməliyəm ki, bu opera
bütünlüklə ona həsr olunub.
Fikrət Əmirov: - Şair Teymur Elçinin
sözünə yazdığım "Reyhan"
mahnısını Baba Mirzəyev özünün
yaratmış olduğu "Dastan" folklor ansamblının
müşayiəti ilə çox gözəl ifa etdi.
Xüsusilə "Leyli və Məcnun" operasındakı
"Elçilik" pərdəsində "Şur"
muğamı üstündəki gəzişmələri
mahnıya əlavə edərək gözəl
işləmələr yaradıb. Mən Baba Mirzəyevin
böyük musiqi məharətini kəşf etdim.
Şəfiqə Axundova: - Baba Mirzəyev rəngarəng yaradıcılığa
malik sənətkardır. Təsəvvür etmirəm
kimsə "Gəlin qayası" operasında Camal rolunu onun
qüdrətində oynasın. Şair Bəxtiyar Vahabzadə
həmişə Baba oxuyanda zəng eləyir ki,
Şəfiqə, sənin sevdiyin müğənni oxuyur. Amma
zalımda səs var ha!
Doğrudan da, zalımda səs vardı və Baba,
həqiqətən, sənətinin Məcnunu idi. Tale onu ozan
yaratmışdı, sözləri də özünün olan
bir nisgilli-intizarlı mahnısında oxuyurdu:
Belə yazdı yazı yazan,
Həm yazandı, həm də pozan,
Eləyibdir məni ozan,
Taleyə bax, qədərə bax!
Ruhun şad olsun, qəbrin nurla dolsun, Baba Mahmudoğlu!
Azərbaycan.- 2007.- 8 dekabr.- S. 5.