Rzalı R.

 

Dünyanı heyran edən muğam

 

Hər bir xalqın özünəməxsus maddi və mənəvi dəyərləri mövcuddur. Bu dəyər əsrlər boyu yetişir, formalaşır, bütövlük halına gəlir. Fərq ondadır ki, maddi mədəniyyətin yaşı, tarixi, kim tərəfindən yaradıldığı az-çox məlum olsa da, mənəvi mədəniyyətin nə yaşı bilinir, nə yaranma tarixi, nə də kimlər tərəfindən yaradıldığı. Ona görə də xalqın hissi ilə, qanıyla, düşüncəsiylə mayalanmış mənəvi mədəniyyət bütövlükdə mənsub olduğu millətin şəxsiyyət vəsiqəsinə çevrilir, nəsildən nəslə keçərək gələcəyə daşınır. Bu baxımdan biz, doğrudan, bəxti gətirmiş xalqıq ki, bu qədər zəngin mənəvi mədəniyyətə sahibik.
Xalq artisti, muğam sənətinin mahir bilicilərindən olan opera səhnəmizin Məcnunu Mənsum İbrahimov milli dəyərlərimizin keşiyində dayanan görkəmli sənətkardır. Bir neçə il öncəni xatırlamaq yerinə düşər. 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyev dahi Üzeyir bəyin "Leyli və Məcnun" operasına baxdıqdan sonra ifaçılarla görüşəndə Məcnun qiyafəsindəki Mənsuma yaxınlaşdı və: "Mənsum, sən təpədən dırnağa əsl Məcnunsan, mən Məcnunu məhz belə təsəvvür edirəm, sənin kimi" - dedi. Bax, budur əsl qiymət! Uca yaradan bütün dövrlərdə xalqımıza bu cür istedadlar verib. Yeri gəlmişkən, Mənsum İbrahimov ötən ay Səudiyyə Ərəbistanında keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edib, orada muğamlarımızı ifa edib. Danışığından görünür ki, bu mədəniyyət günləri çox fərqli imiş.
- Doğrudan da, bu səfər bir çox cəhətlərilə fərqlənirdi. Gözəl konsertlər verdik. İslam dünyasının paytaxtı sayılan Səudiyyə Ərəbistanı kimi sirli-sehrli ölkədə muğam oxumağın ayrı yeri var. Ən yaddaqalan məqam isə Məkkəni ziyarət etməyimiz oldu. Müqəddəs Həcər daşına əl vurmaq, onu öpmək nəsibimiz oldu. Mən bu ayini yerinə yetirərkən Allahdan torpaqlarımızın işğaldan azad olunmasını, bizə torpaqlarımıza qayıtmaq sevinci yaşatmağı nəsib etməsini dilədim.
- Allah ziyarətinizi və dualarınızı qəbul eləsin. Sizinlə söhbətimiz də mənəvi dəyərlərimiz, dəryalardan dərin muğamlarımızla bağlıdır.
- Bilirsiniz, muğam təkcə ürəyəyatımlı ifa, aid olduğu millətin kədərini, sevincini, hissini, duyğusunu ifadə edən musiqi deyil, həm də cəmiyyəti tərbiyələndirən məktəbdir, maarifdir, gözəl əxlaqdır, ağır-batman ənənədir. Bəzən dəyərini bilmirik ki, nə qədər böyük abidəmiz var. Fikrimcə, mənəvi dəyərimiz olan muğamlar cəmiyyətdə baş verən mənəvi-əxlaqi aşınmanın qarşısını alan sipərdir. İnsanı tərbiyələndirir, düşüncəsini, əxlaqını gözəlləşdirir. Bu irs elə zərgər dəqiqliyi ilə ölçülüb-biçilib, özünəməxsus mizan-tərəzi ilə yaradılıb ki, ona nə əlavələr etmək mümkündür, nə üstündən götürmək. Zaman-zaman biz sənətkarlar da bu bulağın gözündən əyilib su içirik, boynumuza düşən borc da odur ki, bizə çatdırılan əmanəti biz də olduğu kimi gələcəyə çatdıraq. Mən də gözümü açıb evimizdə muğam səsi eşitmişəm, ailədə tərbiyəmiz də bu dəyərlər üzərində köklənib.
- Şübhə yoxdur ki, xalqımızın və dünyaya səpələnmiş soydaşlarımızın peyk antenaları vasitəsilə baxdığı muğam müsabiq
əsinə göstərdiyi böyük sevginin səbəbi təkcə ifa deyil.
- Əlbəttə, həm gözəl ifadır, gözəl tərbiyədir, mədəniyyətdir, xalqın böyüklüyüdür, yəni bütövlükdə xalqımızdır. İfaçıların geyimindən tutmuş, münsifl
ərdə əyləşən ustad sənətkarlarımıza qədər, hamısı örnəkdir. Hazırda keçirilən muğam müsabiqəsi ikincidir. Bu möhtəşəm tədbirin himayədarı Heydər Əliyev Fondu, şəxsən onun prezidenti, Milli Məclisin deputatı, belə desəm səhv etmərəm, mənəvi mədəniyyətimiz olan muğamın xilaskarı Mehriban xanım Əliyevadır. Layihənin təşkilatçısı isə Azərbaycan Mədəniyyəti Dostları Fondudur. Yadınızdadırsa, ilk müsabiqə 2005-ci ildə keçirilmişdi. Çox uğurlu başlanğıc idi. Hətta belə düşünənlər də var idi ki, ikinci müsabiqə birinci kimi əks-səda doğurmayacaq, o nəticəni də verməyəcək. Həmin müsabiqədə biz xalqa 20 nəfər gözəl muğam ifaçısı verdik. İndi onlar dövlət tədbirlərində iştirak edirlər, xarici ölkələrdə xalqımızı təmsil edirlər. Həmin müsabiqənin qalibi Təyyar Bayramov artıq opera səhnəsində Şah İsmayılı oynayır.
Azərbaycan televiziyası ilə yayımlanan indiki muğam müsabiqəsinə də dünya heyranlıqla baxır. Biz Səudiyyə Ərəbistanında olanda insanlar hər addımbaşı muğam müsabiqəsindən danışırdılar, Elməddini soruşurdular, başqa ifaçılarla maraqlanırdılar. Etiraf edim ki, biz də tam əmin deyildik. Ancaq xalqımız yetişdirir, tək-tək də olsa, yetişir. Budəfəki ifaçılarımızın da çox gözəl səsləri var. Biz aylarla rayonlarda qaldıq, axtardıq-aradıq, beş yüzə qədər uşağa qulaq asdıq, Abgülü Şamaxıdan, Elməddini Samuxdan tapmışıq. Müsabiqəyə təqdim etdiyimiz 20 nəfəri 500 uşağın içərisindən seçmişik. İndi onların hər birisi ilə ayrıca işləyirik, müəllimlər onlarla ciddi məşğul olur. Ötən müsabiqədə Pərvaz yadınızdadırmı, indi onun yolunu Elməddin davam etdirir. Şübhəsiz ki, bundan sonra da pərvazlar, elməddinlər gələcək.
- Münsiflərin seçimi də çox gözəldir. Korifeylərimiz hər çıxışdan sonra ifanın bütün cəhətlərini elə xırdalayırlar ki, biz tamaşaçılar artıq muğamın nəzəriyyəsi ilə tanış oluruq.
- Doğrudan da, münsiflər heyətində əyləşən böyük sənətkarlarımızdır. Qeyd edim ki, muğum müsabiqəsinin bu qədər uğurlu alınmasının bir səbəbi də ustadlarımızın orada əyləşməsidir. Onlar muğamın hər nəfəsini, hər pərdəsini gözəl bilirlər. Münsiflər heyətində təmsil olunan ustadlarımızın da hər biri ayrıca Heydər Əliyev Fondu tərəfindən dəvət olunub. Gördüyünüz kimi, budəfəki müsabiqə SMS-siz keçirilir. Bu da Heydər Əliyev Fondunun milli-mənəvi xəzinəmiz olan muğam sənətinə daha bir qayğısıdır. Yəni qiyməti artıq təsadüfi adamlar, naşılar deyil, sənətkarlar verir. İkinci bir tərəfdən ifaçılarımız nə SMS haqqında düşünür, nə də geyim-kecim axtarır. Görürsünüzmü, necə gözəl milli geyimləri var. Bu libasda muğam ifa etməyin yeri bir başqadır. Budur, xalqımızın bitib- tükənməyən sərvəti, gözəl əxlaqı, zənginliyi. İnsan bundan necə zövq almasın!?
- Son zamanlar milli dəyərlərimizə, xüsusən muğamlarımıza laqeyd münasibət var idi. Xalqımızın ədəb-ərkanına uyğun olmayan şoular, bayağı hərəkətlərlə ifa olunan mahnılar ağır-batman muğamımızı geridə qoymuşdu. Lakin keçirilən muğam müsabiqələri bu aşınmanın, bayağılığın qarşısını almaqda yardımçıdır.
- Biz bayaq dedik axı, muğam təkcə ifa deyil, həm də məktəbdir. Doğrudan belədir, millətin ənənəsini, tərbiyəsini istiqamətləndirməyə kömək edir, insanı pis yoldan çəkindirir, saflaşdırır, duruldur, mənəviyyatını təmizləyir. Bu baxımdan milli və mənəvi mədəniyyətimizə, tükənməz dəyərlərimizə dövlətimizin diqqət və qayğısı da göz önündədir. Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva bu dəyərlərin qorunub saxlanması üçün əllərindən gələni edirlər.
- Mənsum müəllim, sizcə, muğamın təbliğinə və ya bayağı musiqilərin efirə çıxmasının qarşısını almağa ehtiyac var, yoxsa onları zaman özü arıdır?
- Qətiyyən, heç birinə ehtiyac yoxdur. Təkcə muğamı, musiqini deyil, hər bir sahəni nə sevdirməyə, nə də qadağalar qoymağa ehtiyac var. Onu yalnız tanıtmaq lazımdır. Seçim imkanını insanların özlərinə vermək lazımdır. Hansına qadağa qoyulsa, insanlar ona qaçacaq, həddən artıq təbliğ etsək, ondan qaçacaqlar. Sadəcə, tanıtmaq, gerisini o özü seçəcək. Bu gün muğama olan sevgini, muğam ifaçılarına olan diqqəti hamımız görürük. Bakıda möhtəşəm Muğam mərkəzi tikilir. "Muğam" jurnalı nəşr olunur, silsilə muğam gecələri keçirilir. Heç nəyi insanlara, nə də bütövlükdə cəmiyyətə zorla sevdirmək və ya qadağan etdirmək olmaz. Mən hər zaman atama minnətdaram, o kişi mənə var-dövlət verməyib, bahalı geyindirməyib, bahalı maşın almayıb, sadəcə, gözəl tərbiyə verib. Bu tərbiyəyə görə onun qarşısında baş əyirəm. Çünki qazandığım nə varsa, o tərbiyənin bəhrəsidir. 1993-cü ildən opera səhnəsində Məcnunu ifa edirəm, düz 14 ildir. Muğama o qədər bağlıyam ki, başqa seçimim yoxdur. Muğam bir fəlsəfədir, o aləmə daxil oldunsa, ayrılmaq və ya başqa bir işin dalınca düşmək mümkün deyil. Mən artıq bu yolun yolçusuyam, təkcə Avropada üç diskim çıxıb.
- Şahidi olmuşuq, istər sənətkarlar olsun, istərsə də sıravi tamaşaçılar, hamı sizi əsl Məcnun adlandırır. Doğrudan, elə bil Allah sizi belə yaradıb.
- Təşəkkür edirəm xalqıma, verdiyi dəyər üçün. Məcnunu elə-belə oxumaq mümkün deyil, gərək yanıb-yaxılasan, içindən-çölünə dönüb olasan Məcnun. O gəncin yaşadığı hissi, duyğunu yaşayasan. Məcnunun ilk ifaçısı Hüseynqulu Sarabskinin lentinə baxmışam. O məktəbə baxandan sonra zəif Məcnun yaratmaq olarmı!? Səhnəyə çıxmazdan öncə özümü hazırlaşdırıram. Görünür, ona görə belə uğurlu alınır.
- Fikrimizcə, ifaçı eyni zamanda müəllimdir.
- İfaçı hər şeydən əvvəl müəllimdir, yetişdirməlidir. Yetişdirmirsə, sənəti özüylə bərabər öləcək. Ona görə də mənim birinci vəzifəm muğam bilicisi, gözəl ifaçı yetişdirməkdir. Operamıza Məcnunlar, Leylilər, Şah İsmayıllar, Aşıq Qəriblər, Ərəbzəngilər, Nigarlar, Koroğlular lazımdır. Onları biz yetişdirməliyik. Bu sənət bizə əmanətdir, biz də onu sabahkı nəslə öyrətməliyik. Mən mədəniyyət əsgəriyəm, silahım-sursatım səsim-sənətimdir. Səsimi həm də tələbələrimin səsilə çatdırmalıyam, onları sabaha hazırlaşdırmalıyam.
- Mənsum müəllim, bəzən deyilir ki, filan sənətkar sənətə öz dəst-xəttini gətirdi, yenilik elədi. Bunu muğama da şamil etmək olarmı?
- Üzeyir bəyin böyüklüyü ondadır ki, muğamı notdan öyrənməyə qoymayıb. Bu dahi insan 1925-ci ildə komissiya çağırıb, mədəniyyət və incəsənət nümayəndələrini bir yerə toplayaraq muğamın tədris proqramını yaradıb. Bax bu gün də biz həmin tədris proqramı əsasında işləyirik. Ona görə də klassik muğam məktəbi bir dənədir. Nə Qarabağ məktəbi, nə Şirvan məktəbi, nə də Bakı məktəbi var. Üzeyir bəy onu mirvari kimi elə sapa düzüb ki, nə əlavələr etmək mümkündür, nə də üstündən götürmək, heç buna ehtiyac da yoxdur!
- Son illər ifanızda unudulmuş, yaddan çıxmış gözəl xalq mahnılarımızı eşidirik. İnsanın ruhunu dincəldir bu mahnılar, bir də onları sizin ifanızda dinləməkE
- Çox sağ olun. Əslində bu mahnılarımızın yüz il ömrü var, bəlkə də daha çox.
Məndən əvvəl onları böyük sənətkarlarımız çox gözəl ifa ediblər. Bunlar təkcə qədim xalq mahnıları deyil, içərisində bəstəkar mahnıları da var. Bəziləri nisbətən unudulub və ya ifaçılarımız gec-gec müraciət edirlər. Qərara aldım ki, unudulmuş, yaddan çıxmış mahnılarımızı yenidən ifa edək, yetişən nəslə çatdıraq, unudulub getməsin. Böyük sənətkarımız Əbülfət Əliyevin repertuarından "Eşqimin növrağı", Rübabə xanımın repertuarından "Humayun muğamı", Tükəzban xanımın repertuarından "Bir ney kimi hərdən" və başqa böyük sənətkarlarımızın da repertuarından istifadə etmişik. Musiqiçi dostlarımızla heç bir yerinə əl dəymədən üzərində bir az işləyib, ifa etdik. Artıq disk halında da çıxıb. Xalqımız bu qədim mahnılarımızı çox maraqla qarşıladı, hətta gözlədiyimizdən də çox.
- Operada nə var, nə yox, nə üzərində işləyirsiniz?
- Qarşıdan operamızın da, dahi Üzeyir bəyin "Leyli və Məcnun" operasının da yüz illiyi gəlir. Maraqlıdır ki, mənim də Məcnunu ifamın yüzüncü sayı bu ərəfədə tamam olur. İnanın səmimiyyətimə, yüz dəfədir ki, Məcnun kimi yanıb yaxılıb, paymal oluram. Hər dəfə səhnəyə çıxanda Vətən adlı Leylimi axtarıb ağlayıram. Çox istərdim ki, yüzüncü Məcnunu Qarabağda, Ağdamda ifa edəydim, başımı o yurdun dağılmış, yanıb külə dönmüş torpağına, daşına söykəyəydim, yəni Leylimə qovuşaydım.

Azərbaycan.- 2007.- 19 dekabr.- S. 7.