Yusifova S.

 

Əbülfəs Qarayev: Bu il mədəniyyət və turizmlə bağlı mühüm tədbirlərlə əlamətdar olub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2007-ci ildə son mətbuat konfransını keçirib. Ə.Qarayev bu il ərzində Nazirliyin gördüyü işlər və həyata keçirdiyi yeni layihələr haqqında jurnalistlərin suallarını cavablandırıb. O, başa çatan ilin mədəniyyət və turizm sahəsilə bağlı bir sıra mühüm tədbirlərlə əlamətdar olduğunu önə çəkib. Nazir bildirib ki, artıq ikinci dəfə keçirilən Milli Turizm Filmləri Festivalı həm turizm sahəsində, həm də milli kinonun inkişafında mühüm rol oynayacaq. İlk dəfə təşkil olunan Rostropoviç Festivalı da böyük önəm daşıyır. İlin sonuna qədər bir neçə yubileyin keçirilməsi planlaşdırılır. Hüseyn Cavidin yubileyinin yekun tədbiri olaraq, onun haqqında çəkilmiş "Cavid ömrü" filminin premyerası keçiriləcək. Bakıda və Azərbaycanın bəzi rayonlarında musiqi festivallarının keçiriləcəyini söyləyən Ə.Qarayev Moskvada Nazirliyin təşkilatçılığı ilə dahi sənətkar Bülbülün yubileyinin qeyd edildiyini söyləyib: "Bu yaxınlarda Kolumbiyada keçirilmiş turizm təşkilatları konfransından qayıtmışıq. Azərbaycanı və ölkəmizin turizm sahəsini orada çox yüksək səviyyədə təmsil etdik. Biz nəzərdə tutmuşuq ki, 2020-ci ilə qədər dünya turizm bazarında ölkəmizin xüsusi çəkisi formalaşsın və bunun üçün 2008-2017-ci illəri əhatə edən proqramı hazırlayırıq". Əbülfəs Qarayev ölkəmiz üçün mühüm qərarların qəbul edildiyi digər bir görüşün isə Liviyanın paytaxtı Tripoli şəhərində baş tutduğunu deyib: "Orada İslam ölkələrinin mədəniyyət nazirlərinin 5-ci konfransında Bakı islam mədəniyyətinin paytaxt şəhəri elan edildi. 2009-cu ildə həmin möhtəşəm konfransın paytaxtımızda keçirilməsi qərara alındı".

 

525-ci qəzet.- 2007.- 13 dekabr.- S. 7.